MDB məkanında irimiqyaslı dissertasiya fırıldaqları - izlər Azərbaycan məmurlarına qədər uzanır...

2-02-2022, 07:43           
MDB məkanında irimiqyaslı dissertasiya fırıldaqları -
Bizim cəmiyyətimizdə təkcə elmlə məşğul olanlar deyil, həmçinin hökumətdə müxtəlif vəzifələr tutan şəxslər də, deputatlar da elmi iş müdafiə edib alimlik dərəcəsi almağa böyük maraq göstərirlər. Kənardan baxana elə gəlir ki, bizim məmurlar və deputatlar elm üçün canlarını belə fəda etməyə hazırdırlar.

Əslində isə elə deyil, elmi titul və alimlik dərəcəsi vəzifədən çıxarıldıqdan, deputat seçilmədikdən sonra onların, necə deyərlər, “çörək ağacıdır”. Son günlər elmi ictimaiyyətdə və sosial şəbəkələrdə yayılan məlumatlara görə, MDB məkanında plagiat “dissertasiya” ilə “elmi iş” mudafiə edib alimlik dərəcəsi alan deputat, nazir və məmurların çoxu bu işi Tacikistanda həyata keçirib. Bizim ölkədə də xeyli sayda belə şəxslər var ki, onların da yolu Tacikistandan kecib. Teref.az baki xəbər.com-a istinadən yazır ki, iddialara görə, elm tutumlu ölkə olmayan Tacikistanda buna böyük şərait olub və bizim ölkəmizdən də orada “elmi iş” müdafiə edənlər olub. Ümumiyyətlə, necə olur ki, indiyə qədər Ali Atesstasiya Komissiyası (AAK), yaxud başqa bir təşkilat bunun izinə duşməyib və bunu aşkarlaya bilməyib?

İdris Abbasov: “...Bir çox parametrləri ilə taciklərdən geri qalmırıq”
Filologiya elmləri doktoru İdris Abbasov təəssüflə qeyd edir ki, bizlərdə də belələri az deyil. O vurğulayır ki, saxtakarlıqla elmə gələn adamların hamısının mahiyyəti eynidir: “ Biz də arxivə atılmış “mötəbər” dissertasiyalarda, özümüzə kəf gəlməkdə bir çox parametrləri ilə taciklərdən geri qalmırıq, əksinə, bəzən onları geridə qoyuruq, plagiatizmə abidə qoyur, dövlət vəsaitini göyə sovururuq. Rüsvayçı və səviyyəsiz işlərə 2-3 indeks yapışdırır, elmlər doktoru, hətta akademik də oluruq...”

Vüsalə Ağabəyli: “AAK-ın artıq bu məsələlərin izinə düşməsi, aşkarlayıb rüsvay etməsi böyük ajiotaj yaradar...”
Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli də “Bakı-Xəbər”ə bildirdi ki, bu sahədə vəziyyət kritikdir: “Ümumiyyətlə, öncəki nəsillərin, bir çox vəzifə sahiblərinin elmi işləri araşdırılsa, çox güman ki, başdan-ayağa plaqiat çıxacaq. Bunu biz bir neçə dəfə də qeyd etmişik. Onlar həmin "alimlərdir" ki, hazırda elmi rəhbərliyi pulla edirlər, rəyləri pulla yazırlar, opponentliyi pulla edirlər, çıxışı pulla edirlər və sair. Yəni onlar üçün hər şey maddiyyata bağlıdır, çünki dayazdırlar. Gəlin etiraf edək ki, ətrafımızda belələri daha çoxdur. Onlar başqaları üçün "mayak" rolunu oynayırlar. Bununla da, özlərinə bənzər dissertant və alim yetişdirməyə maraqları bitib-tükənmir.

AAK-ın artıq bu məsələlərin izinə düşməsi, aşkarlayıb rüsvay etməsi böyük ajiotaj yaradar, çünki onların sayı az deyil”.

V.Ağabəylinin sözlərinə görə, hazırda keçirilən müdafiələr daha sanballıdır, ən azından indi işlərin plaqiatlığı yoxlanılır: “Plaqiatlığı yoxlanılmayan əvvəlki nəsillərin əksəriyyətinin tədqiqat işi isə birəbir köçürmə və ya tərcümədir. Lakin məsələ bunda deyil, çünki cəmiyyət və kollektiv kimin kimin olduğunu bilsə də, o kəslər ki savadsızdır, o kəslər ki "rahat" yollarla müəyyən mərhələyə gəlib çatıb və hələ də hegemonluq edir və ya hegemonluqlarına şərait yaradılır, cəmiyyətə vurulan ən böyük zərbə elə budur. Yoxsa kimin nəyinə lazımdır, filankəsin işi plagiatdır ya yox? Əgər həmin adamların fəaliyyətinə bugünkü gündə məhdudlaşdırılmaq əvəzinə daha da şərait yaradılırsa, o zaman nə keçmişi qurdalayıb ürəyimizi bulandıraq, nə də gələcəyi saf ümidlərlə gözləyək”.

İradə SARIYEVA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.