Özünü xəstəxana pəncərəsindən atmış qadının intiharının səbəbi - Övlad biganəliyi
1-05-2016, 00:32
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında intihar hadisəsi baş verib.
AzVision.az-ın əldə etdiyi məlumata görə, özünü xəstəxana binasından ataraq intihar edən şəxs 1950-ci il təvəllüdlü Səfərova Səyyarə Əmrah qızıdır.
Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin məsul əməkdaşı Xalidə Quliyeva faktı təsdiqləyərək bildirib ki, Səyyarə Səfərova aprelin 19-da ağır vəziyyətdə xəstəxanaya gətirilib.
“Həmin şəxs çox ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. Ona ilkin tibbi köməklik göstərildikdən sonra müalicəsi üçün xəstəxanaya yerləşdirildi. Səyyarə Səfərova şəkərli diabet xəstəliyindən və xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi. Onun vəziyyəti çox ağır idi”.
Səhiyyə işçisi bildirib ki, müalicəsini palatada davam etdirən xəstə övladlarının ona baş çəkməməsindən gileylənirmiş.
“Ümumi vəziyyəti stabil idi, müalicəsini palatada davam etdirirdi. Bu gün səhər saatlarında tibb bacısı yeməkdən öncə insulin iynəsi vurmaq üçün otağa daxil olub, xəstə xahiş edib ki, bir azdan gələrsiniz, indi əynimi geyinməliyəm.Tibb bacısı bir müddət sonra qayıdanda palatada onun olmadığını görüb. Məlum olub ki, həmin şəxs özünü binadan aşağı atıb. Hələlik hadisənin intihar olub-olmadığı dəqiq bilinmir. Faktla bağlı araşdırma aparılır”.
4 övladı olan Səyyarə Səfərovanın intiharına səbəb kimi, övladlarının onunla maraqlanmadığı göstərilir. “Xəstəxanaya hərdən qızı gəlirmiş, digər övladları yanına heç vaxt gəlməyib. Övladlarının ona baş çəkməməsinə görə Səyyarə ailəsinə küskün idi”.