Kremlin növbəti hədəfi: Rusiya Moldovaya hücum üçün zəmin yaradır

23-07-2022, 08:15           
Kremlin növbəti hədəfi: Rusiya Moldovaya hücum üçün zəmin yaradır
Moskva Kişinyova xəbərdarlığını etdi: "Rusiya tərəfi Moldovanın siyasətinə layiqli cavab verəcək"

Rusiyanın Moldovaya hərbi müdaxilə üçün addım atması ilə bağlı şübhələr hər gün artır. Rusiya rəsmilərinin bu günlərdə verdiyi bəyanatlar bunu deməyə əsas verir. Əvvəlcə qondarma "Pridnestroviya Moldova Respublikası"nın "xarici işlər naziri" Vitali İqnatyev NATO-nu Moldovanı silahlandırmaqda və Dnestryanıda münaqişəni qızışdırmaqda ittiham etdi. Onun sözlərinə görə, Moldova rəsmilərinin bəyanatlarına əsasən, ölkədə NATO silahları və təlim keçmiş döyüşçülərin sayı artıq kifayət qədərdir.

"Biz NATO-nun Prut və Dnestr arasındakı ərazinin hərbi-siyasi inkişafı çərçivəsində hərəkətlərini izləyirik. Şimali Atlantika Alyansının fəaliyyəti regionda sabitlik və təhlükəsizliyin inkişafına töhfə vermir".

Qondarma qurumun "rəsmisi" Kişinyovun silahlı münaqişənin sülh yolu ilə nizamlanması prinsipləri haqqında 1992-ci il sazişindən çıxa biləcəyi halda Moldova ilə müharibə riskinin artdığı xəbərdarlığını edib: "Dnestryanıda sülhməramlı missiya əhalinin asayişini və təhlükəsizliyini təmin etmək üçün yeganə səmərəli üsuldur".

Qeyd edək ki, Dnestryanı münaqişə 1991-ci ildə başlayıb. Bu günədək tanınmamış "respublika"nın statusu ilə bağlı razılığa gəlmək mümkün olmayıb. Bölgəyə nəzarət Rusiya sülhməramlıları tərəfindən edilir. Moldova isə mütəmadi olaraq sülhməramlıların Dnestryanıdan çıxarılmasını tələb edir.

Rusiyanın Müdafiə Nazirliyi Moldovanı Dnestryanıda Rusiya sülhməramlılarına müdaxilə etməkdə ittiham edib. Müdafiə Nazirliyi bəyan edib ki, Moldova Dnestryanıdakı rus sülhməramlıları üçün yeni texnika və digər avadanlıqların çatdırılmasına mane olur.

Rusiya Quru Qoşunları Baş Qərargah rəisinin birinci müavini İqor Sokorenko Kişinyova qarşı ittihamlar səsləndirərək deyib ki, silah və hərbi texnikanın tədarükünə maneələr sülhməramlılar üçün artıq mövcud olan texnikanın köhnəlməsi əsasında yaradılır. Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, Moldova tərəfi Rusiya hərbçiləri üçün ölkəyə giriş icazələrinin alınmasını çətinləşdirib, sərhəddə gömrük nəzarəti əsassız olaraq yubanır: "Bu vəziyyət Kiyev tərəfindən Ukrayna-Moldova dövlət sərhədinin Dnestryanı hissəsinin bağlanması və Rusiya Federasiyasının hərbi hissələrinin və hərbi yüklərin Ukrayna ərazisindən tranzitinə dair Rusiya ilə razılaşmanın denonsasiyası fonunda inkişaf edir".

Müdafiə Nazirliyi rəsmisi Kişinyovun Rusiya hərbi idarəsinin bu məsələ ilə bağlı məsləhətləşmələr üçün bütün təkliflərini rədd etdiyini vurğulayıb. Sokorenko bildirib ki, Moldova Rusiya qoşunlarında xidmət etməyə gələn hərbçilərin ölkəyə girişini qadağan edib.

Onu da bildirək ki, Pridnestroviyaya gedən Rusiya sülhməramlıları Kişinyovda saxlanılıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB-nin ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib.

“Rusiya kontingentini rotasiya qaydasında Pridnestroviyaya gedən rus zabitləri dəfələrlə Kişinyov hava limanında heç bir izahat verilmədən saxlanılıblar”, - Polişçuk bildirib.

Diplomat vurğulayıb ki, rəsmi Moskva bu cür münasibəti qeyri-dost hərəkət kimi qiymətləndirir: "Rusiya tərəfi Moldovanın siyasətinə layiqli cavab verəcək".

Qeyd edək ki, bundan əvvəl qondarma qurumun "xarici işlər naziri" Vitali İqnatyev regionda sülhməramlı əməliyyatı gücləndirməyə çağırış edib. Onun sözlərinə görə, Kişinyovun ordunu modernləşdirmək cəhdləri regionda münaqişəni güc yolu ilə həll etmək niyyətindən xəbər verir.

"Rusiya Moldova hakimiyyətinin planlarına baxmayaraq, Dnestryanıdan sülhməramlıların çıxarılması ilə bağlı ssenariyə imkan verməyəcək", - deyən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, Rusiya hərbçilərinin daxil olduğu sülhməramlı qüvvələr həmişə “proqnozlaşdırıla bilən və sakitliyin qalası, Dnestrin sol sahilində təhlükəsizliyin təminatı” olub.

Cabarov qeyd edib ki, Kişinyovun sülhməramlıların roluna şübhə ilə yanaşmaq cəhdləri, habelə Rusiya qoşunlarının çıxarılması ilə sülhməramlı əməliyyatın formatının dəyişdirilməsi sabitliyin pozulmasına və qaçılmaz qan tökülməsinə gətirib çıxaracaq.
Rusiya Dövlət Duması isə hesab edir ki, Qərb Moldovada ikinci cəbhənin açılmasında maraqlıdır. Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, ölkənin Baş naziri ola biləcək Böyük Britaniyanın xarici işlər naziri Liz Truss əvvəllər Moldovanın neytral statusunun konstitusiyasında təsbit olunmasına baxmayaraq, Kişinyova müasir silahların verilməsindən danışıb: “Qərb Moldovada ikinci cəbhənin açılmasında maraqlıdır”.

Bütün bu açıqlamalara əsasən, ekspertlər hesab edirlər ki, Rusiya çoxdankı planını həyata keçirməyə - Moldovaya qarşı işğalçı müharibəni başlada bilər. Nəzərə almaq lazımdır ki, Dnestryanıda Rusiyanın sülhməramlı adı altında yerləşdirilmiş hərbi kontingenti var. Moldovalı analitiklər daha bir məqama diqqət çəkir ki, bu da separatçıların Rusiya sevgisidir. Əksər ekspert hesab edir ki, sabah müharibə başladığı halda separatçı Pridnestroviya əhalisi Rusiyanın tərəfindən Moldovaya qarşı vuruğmağa hazırdır. Beləliklə, ümumi fikir bundan ibarətdir ki, Rusiyanın Dnestryanıda münaqişəni yenidən alovlandırması, Moldovaya qarşı müharibə aparması an məsələsidir. Qondarma qurum "rəsmisi"nin NATO ilə bağlı dedikləri, Rusiya XİN tərəfindən "sülhməramlıların hərəkətinə maneə yaradıldığına görə Moldovaya cavab veriləcək" bəyanatı vəziyyətin qarışacağının anonsu sayıla bilər.

Müəllif: Turan Abdulla
ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.