Aztəminatlı ailələr ət dükanlarına pəncərədən baxacaq? - BUNA DOĞRU GEDİRİK...

15-12-2022, 11:35           
Aztəminatlı ailələr ət dükanlarına pəncərədən baxacaq? -
Aztəminatlı ailələr ət dükanlarına pəncərədən baxacaq?
Azərbaycan hökuməti ölkə əhalisinin ət və süd məhsulları üzrə yerli istehsal hesabına təmin edilməsi səviyyəsini artırmağı planlaşdırır.

DİA.AZ bildirir ki, bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib. O qeyd edib ki, hazırda ət və süd məhsulları üzrə özünütəminetmə səviyyəsi 85-86 %-dir:

“O cümlədən qoyun əti ilə 99 %, mal əti ilə 90 %-dən çox, quş əti ilə isə 75 % özümüzü təmin edirik. Bu rəqəmlərin yaxın perspektivdə daha da yüksək olacağı gözlənilir. Artım 2 mənbə hesabına olacaq. Bunlardan biri ölkədə intensiv ferma modelinin getdikcə genişlənməsidir. Hələ ki, intensiv fermaların təminatda rolu 3-5 %-dir. Digər mənbə isə işğaldan azad edilmiş ərazilərimizdə heyvandarlığın inkişafıdır. Bu ərazilər hesabına göstəricilərimiz demək olar ki, 100 %-ə çatacaq”.

Nazirlik rəsmisi bu il dəyər zəncirinin pozulması ilə yem istehsalının bahalaşmasının ölkəyə, aqrar sektora təsiri barədə də danışıb:

“Təbii ki, daxili bazarda bütün məhsullarda olduğu kimi, heyvandarlıq məhsullarında da qiymət artımı olub. Bu istiqamətdə dövlət təcili tədbirlər görüb, yem məhsullarının idxalını bütün gömrük rüsumlarından və vergilərindən azad edib. Bu azadolmalar imkan verib ki, bahalaşma tempi çox sürətli olmasın və istehsalda geriləmə baş verməsin. Əksinə, bu güzəştlər veriləndən sonra quşçuluq sənayesində həm istehsal həcmi artıb, həm də az da olsa, qiymət səviyyəsi azalıb”.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2021-ci ildə Azərbaycanda 357 min 573 ton ət və ət məhsulları istehsal edilib. Bunun 145 min 041 tonu mal əti, 124 min 388 tonu quş əti, 87 min 647 tonu qoyun və keçi əti, 497 tonu isə donuz əti olub. Yerli istehsal tələbatı təxminən 86,3 % təmin etdiyindən əlavə olaraq ölkəyə 56 min 905 ton ət idxal olunub.Ötən il Azərbaycanda süd və süd məhsulları üzrə istehsalın həcmi isə 2 milyon 223 min 427 ton təşkil edib. Bu sahədə özünütəminetmə səviyyəsi 84,8 % təşkil edib.

Dünya ölkələrində əhalinin ət istehlakına nəzər salsaq? Azərbaycan bu siyahıda ilk sırada yer almır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının son məlumatına görə, Avropada ən çox ət istehlak edən ölkə İspaniyadır. Araşdırmalara görə, ispanlar ildə adambaşına 99 kiloqram ət istehlak edirlər. Bu ölkəni 95 kiloqram ət istehlakı ilə Portuqaliya və 91 kiloqram ət istehlakı ilə İslandiya izləyir. Avropada ən az ət istehlakı ildə 39 kiloqramdır. Qitədə ət istehlakının minimum səviyyədə olduğu 4 ölkə var. Bu ölkələr Türkiyə, Makedoniya, Moldova və Albaniyadır. Bu dörd ölkədən bir qədər yuxarıda ildə 43 kiloqram ət istehlak edilən Bosniya və Herseqovina var.

Adambaşına düşən ət istehlakına görə, Azərbaycan dünya ölkələrindən geridədir. Ölkənin ət bazarında yerli məhsullar üstünlük təşkil etdiyi üçün çox zaman kənd yerlərində fermerlər kəsdikləri əti qapılarında satırlar. İstehsalçıların qeydiyyatı olmadığı üçün ölkədə nə qədər ətin istehsal olunması haqda dəqiq rəqəmləri də demək çətindir. Adambaşına 2019-cu ildə ət istehlakı 32 kiloqramdan 36 kiloqrama yüksəlib. Onu da qeyd edək ki, bu gün bazarda ət və süd məhsullarının qiyməti kifayət qədər yüksəkdir. Belə olduğu təqdirdə işsiz, aztəminatlı ailələrin məsələn, Bakı bazarlarından 13,50-14 manata mal əti almaq imkanı daha da məhdudlaşır.

Bugünlərdə ət dükanlarından birində mövzu ilə bağlı bir mənzərə ilə qarşılaşdıq. Ət dükanına gələn bir alıcı satıcıya 10 manat verdi:“Olan pulum bu 10 manatdır, ona nə qədər ət düşürsə, onu ver”.

Digəri isə yaşlı bir qadın idi, dükanda ət almağa imkanı olmadığı üçün “5 manatlıq mal ciyərindən yarısını kəsib verərdin” dedi. Bu gün vətəndaşların bir qismi də məcbur qalaraq qiymətinin bahalaşmasına rəğmən, mal ətindən daha ucuz olan toyuq məhsullarına üstünlük verməli olurlar.

Beləliklə, tərəddüd etmədən bazardan istədiyi qədər ət alan alıcılarla müqayisədə aztəminatlı ailələr üçün bu, heç də əlçatan deyil.

Ölkədə ət və süd məhsullarının istehsalının yerli istehsal hesabına artması həmin məhsulların qiymətinin aşağı düşməsinə təsiri olacaqmı?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, müvafiq qurumun bu istiqamətdə açıqlaması nə statistik məlumatları özündə əks etdirir, nə də idxal məlumatları ilə uzlaşır:

“Bu gün nazirliyin nümayəndələri ətin, südün 100 faiz yerli istehsal hesabına da ödənildiyini elan edə bilər. Ancaq reallıq başqadır. Belə ki, ət, yağ, ümumiyyətlə, süd məhsulları bahalaşmaqda davam edir. Digər bir tərəfdən ölkədə yerli istehsal artdığı təqdirdə idxal azalmalıdır. Çox təəssüf ki, bu gün idxalda da azalma meyilləri müşahidə edə bilmirik.

Bəzən belə rəqəmlər açıqlayırlar ki, idxal azalıb. Ancaq bu da möhtəkirlikdir. Yəni əgər yerli tələbatın ödənilməsində 86 faiz yerli istehsal hesabına olarsa, bu, Azərbaycan üçün böyük çevriliş deməkdir. Hazırda ölkədə ət və süd məhsullarının istehsalı yerli tələbatın yarıya qədərini ödəyir. Bu, tamamilə əsassız informasiyadır və qiymətin bazarda azalmasına, bolluğun yaranmasına şərait yarada bilməz”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru