Sülhməramlılar yolu əslində NİYƏ BAĞLADI? - ŞOK DETALLAR: Proses başladı...
15-12-2022, 15:55

Ermənistan üçün çəmbər hər ötən gün daha da daralır. Artıq haylar üçün heç nə Ruben Vardanyana, Araik Arutyunyana havadarı olan ölkələrdə meydan verilib, separatçılığı təbliğ edib, Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradacaq bəyanatlar səsləndirilməsi qədər asan görünmür.
Bunu artıq 4 gündür Xankəndindən Bakıya qədər gəlib çıxan çığırtılardan da anlamaq olur. Dekabrın 3-dən bu yana Azərbaycanın qarşı tərəfdən tələbi talanan mədənlərində, filiz yataqlarında monitorinq aparması idisə, artıq Laçın yolundakı aksiyadan sonra bu gün Bakının tələbləri daha da böyüyüb.
Şuşa-Xankəndi yolunda aksiyanın hələ də davam etməsinin səbəbi Rusiya sülhməramlı kontingentinin destruktiv mövqeyi ilə bağlıdır. Sülhməramlılar nə Azərbaycanı talanan qızıl mədənlərində monitorinqə imkan verir, nə də yoldan çəkilmək niyyətindədirlər. Bu vəziyyətdən isə qondarma rejimin yeni "dövlət naziri" Ruben Vardanyan erməni əhalidən fərqli olaraq çox da narahat görünmür.
Belə məlum olur ki, Azərbaycan XİN-in ərazilərimizdə yaşayan ermənilərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu, xəstələrin dərhal İrəvana çatıdırılması məqsədilə yol verə biləcəklərini, eləcə də aksiya iştirakçıları Qarabağdan Ermənistana hərəkət edəcək mülki avtomobillərə yol veriləcəyi ilə bağlı səsləndirdikləri mesajlar nə separatçılara, nə də Rusiyaya sərf edir.
Baxmayaraq ki, Azərbaycan tərəfi bu cür təklif bəyan etməsi ilə bir daha rəsmi Bakının nə qədər humanist və insanpərvər olduğunu nümayiş etdirdi. Lakin qarşı tərəf(lər) bu təklifi dəyərləndirmək, yanacaq problemi ilə üz-üzə qalan, ərzaq qıtlığının yaşanmağa başladığı sülhməramlıların müvəqqəti nəzarət zonasındakı erməniləri düşünən yoxdur.
Rusiya tərəfinin aksiyanın ilk dəqiqələrindən dərhal yolu bağlaması, dəmir arakəsmələrlə, modul tipli yataqxanalarla, yük maşınları ilə Şuşa-Xankəndi yolunu bir neçə eşalonluq bağlaması və bu prosesi daha da dərinləşdirməsi deməyə əsas verir ki, bu, Moskvanın tələbidir. Ona görə ki, Rusiya tərəfi etirazlar fonunda erməni ailələrin Qarabağdan çıxıb getməsindən, birdəfəlik ərazini tərk etməsindən çox narahatdır.
Ruben Vardanyanın da son qərarı elə bu narahatlıqdan doğan zərurətdir. Belə ki, erməni siyasi şərhçi Onik Qriqoryan "Twitter hesabında yazıb ki, Vardanyan xəstələri Qarabağdan buraxmaqdan imtina edib: "Bu arada, Azadlıq Radiosuna müsahibəsində de-fakto dövlət naziri Ruben Vardanyan deyir ki, Qarabağda ərzaq, yanacaq və dərman təminatında heç bir problem yoxdur".
Vardanyan, həmçinin, deyir ki, aksiyaçıların təcili yardım və digər nəqliyyat vasitələrini buraxdığı barədə eşidib, ancaq bu, olmayacaq. Aydın görünür ki, bu yolla Vardanyan ermənilərin Xankənidiən "qaçış"ına mane olmağa çalışır. Nəzərə alsaq ki, erməni əsilli bu milyarder Rusiya vətəndaşı kimi uzun illər Kremlə xidmət edib və bu gün Moskvanın əmri qarşısında boynu qıldan incədir, demək ki, sülhməramlıların ardınca Ruben Vardanyan da bu prosesin qarşısını almağa çalışır.
Bu hadisələrin özü isə onu deməyə əsas verir ki, Rusiya sülhməramlıları vasitəsilə bu gün müvəqqəti var olduğu Qarabağ ərazisində nəzarəti altında yaşayan erməni əhalinin fikrini, məqsəd və niyyətini öyrənib. Görünür artıq Moskvaya siqnal verilib ki, bölgədəki ermənilər Qarabağda yaşamaqdan imtina etmək niyyətində qətidirlər və ərazini tərk etmək üçün hazırlığa başlayıblar. Elə bu səbəbdən də Rusiyanın narahtlığı birə-on artıb. Çünki ermənilərin belə tezlikdə Qarabağı tərk etmək istəyi sülhməramlıların da planlaşdırdıqlarının əksinə olaraq bölgəni birdəfəlik tərk etməsi anlamına gələcək.
Bu proses bir daha təsdiq edir ki, Vardanyan da ermənilərin Qarabağdakı güzaranının yaxşılığı, xoşbəxtliyi üçün yetərli olmadı. Konkret desək, ermənilərin "dayaqları" çökmək üzrədir. Görünür Azərbaycan ermənilərin yoluxduğu bu ağır xəstəliyin reseptini tapıb. Artıq ermənilər müxtəlif yollarla Qarabağı tərk etmək istəyirlər.
Nikol Paşinyanın bu gün bəyan etdiyi "Azərbaycan 33 erməni əsiri geri qaytarmaqdan imtina edib" açıqlaması da bir daha rəsmi Bakının İrəvana qarşı mövqeyini daha da sərtləşdirdiyindən xəbər verir. Çünki postkonflikt dövründə geridə qalan 2 il ərzində açıq-aydın göründü ki, İrəvan Rusiya, Fransa, İran kimi havadarlarının vədləri, dəstəyi nəticəsində ipə-sapa yatmaq fikrində deyil. O səbəbdən Bakı üçün başqa seçim qalmır.
Hadisələrin gedişi deməyə əsas verir ki, Azərbaycanın indiki məqamda tutduğu xətt bu proseslərdə çox həlledici olacaq. Biz görürük ki, Laçın yolunun bağlanmasını artıq Ermənistan tərəfi bütün dünyaya humanitar böhran kimi car çəkib, bu məsələdə Azərbaycanı ittiham edir. Amma əsassızdır, çünki yolu bağlayan göz önündə.
Dəmir arakəsmələrlə gediş-gəlişi bloklayan da, yolun ortasında iri həcmli yük maşınları saxlayan da, həmin ərazidə avtomobil yolunun tam ortasında modul yataqxanalar quraşdıran da Rusiya tərəfidirsə, ittiham ediləcək ünvan bəllidir.
Ermənistan tərəfindən edilən açıqlamalar, səsləndirilən bəyanatlardan da aydın görünür ki, bu hadisələrə görə Rusiyanı da orada ittiham edib, təqsirli bilənlər az deyil. Beləcə, Rusiya həm Azərbaycanda, həm Ermənistanda nüfuzdan düşür, eyni zamanda onsuz da Ukraynadakı işğalçı müharibə ilə dünyada nüfuzdan düşən sülhməramlı missiyasını növbəti dəfə ciddi zərbə altında qoyur. Nəzər salsaq açıq sezilir ki, hər iki cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi hökm sürməkdədir.
Bu mənada Rusiya Azərbaycanın tələblərini yerinə yetirmək məcburiyyətindədir. Çünki etirazların səngiməsi üçün Sülhməramlı kontingent üzərinə düşən öhdəliyi yerinə yetirməli, Azərbaycanın tələbinə şərait yaratmalıdır.
Bu gün Qarabağ separatçılarının taleyi tamamilə Rusiyanın əlindədir. Ruben Vardanyan amili bunu bir daha təsdiq edir. Çünki qondarma xunta rejimi Moskvanın əmrinə tabe olmayacağı təqdirdə, onun qərarına etiraz olaraq əks addımlar atmağa cəhd edərsə, Kreml yenidən 2 il əvvəlki kimi (27 sentyabr-10 noyabr, 44 günlük Vətən müharibəsi) müşahidə mövqeyi seçə bilər ki, bu da separatçılıq meyillərinin bölgədə kökünün kəsilməsi ilə yekunlaşa bilər. O səbəbdən qondarma rejim ünsürlərinin bu riskə gedəcəyi inandırıcı görünmür.
Ermənistandan fərqli olaraq Azərbaycan isə artıq 28-30 il əvvəlin Azərbaycanı deyil ki, Rusiyanın istəyinə, tələbinə tabe olsun. Bu gün Azərbaycan da region üçün ən önəmli aktorlardan birinə çevrilib. Görünür Rusiyada da bunu çox yaxşı anlayırlar və Kreml Ermənistana görə rəsmi Bakı ilə münasibətləri pozmağı gözə almaq istəmir.
Amma Laçın yolu ilə keçid məhdudiyyətinin davam edəcəyi müddətcə ərzaq, eləcə də digər təminat problemlərinin böyüyəcəyini nəzərə alsaq, bunun sülhməramlıların müvəqqəti nəzarət hissəsində qalan ermənilərin də digər tərəfdə etirazları güclənə bilər. Hətta bu etirazlar Qarabağın erməni əhalisi ilə ruslar arasında toqquşmalarla nəticələnə bilər. Sözsüz ki, bu hadisə isə separatçıların da öz xalqına qarşı silah qaldırmasına gətirib çıxara bilər.
Bu isə qarşıdakı yaxın dövr ərzində Qarabağın erməni əhalisi arasında separatçı rejimin idarəçiliyindən imtina edib, Azərbaycanın tərkibinə, Azərbaycan qanunları ilə bu ölkənin vətəndaşlığını qəbul etmək kimi müraciətlərinin sayının artmasına gətirib çıxarmaq demək olacaq. Artıq bu prosesin ilk mərhələsi başlanıb. Vardanyanı da, Moskvanı da indi bu narahat edir. /Milli.az/