Önəmli olan qarovulçuların davasında ayaq altında qalmamaqdır - Səxavət Məmməd yazır...

22-02-2023, 11:04           
Önəmli olan qarovulçuların davasında ayaq altında qalmamaqdır -
Sentyabrdakı sərhəd toqquşması Zəngəzur dəhlizi mövzusunun pik həddi idi. Rəsmi Bakı anladı ki, sərt güclə dəhliz açılmayacaq, erməni tərəfi sülhə məcburetmə əməliyyatlarına məhəl qoymur, qoymayacaq. Bəlkə də, başqa ölkə olsa, bu qədər təzyiqdən sonra çoxdan dəhlizə də razı olardı, Qarabağı da boşaldardı. Ancaq erməni tərəfi Azərbaycandan gələn sərt dalğalara dözdü.
Ermənistan təkcə dözmədi, iki il ərzində Avropa İttifaqını, Fransa jandarmını ərazisinə gətirdi. Ərazisində Rusiyanın hərbi bazası olmasına baxmayaraq.
Ermənistan Laçın dəhlizinin nəzarətsiz olmasını istəyirdi. Ancaq Laçın yolu üzərində Azərbaycanın nəzarət məntəqələri qurmasına razılaşmalı oldu.
Azərbaycan maneəsiz Zəngəzur dəhlizi istəyirdi, ancaq indiki mərhələdə nəzarət məntəqələrinə razıdır. Tərəflərin hikkəsi indiki məqamda sadəcə olaraq özlərinə qaldı.
Azərbaycan ermənistansayağı siyasət yürütdü. Necə ki Ermənistan Qarabağda Rusiya ilə Azərbaycanı üzbəüz qoymağa çalışırdı və bunu bacardısa, Azərbaycan da kommunikasiya yollarına yeni yanaşma gətirərək Rusiya ilə Ermənistanı üzbəüz qoydu. Həm də təkcə Rusiya ilə Ermənistanı yox, Avropa İttifaqını da. Ola bilsin, bağlı qapılar arasında Qərb tərəfi rəsmi Bakıya bildirib ki, neftini, qazını alırıq, kənara çəkil, Rusiya ilə özümüz məsələni həll edək.
Kommunikasiya yollarına yeni yanaşma gərginliyi azaltsa da, gərginliyin artmasında maraqlı olan güclər prosesi qızışdırmağa meyilli olacaqlar. Ən münasib yer isə yenə Qarabağdır.
Son zamanlar istər Qarabağda, istərsə də dövət sərhədi istiqamətində, demək olar ki, atəşkəsin pozulması halları yaşanmır. Səssizlik müsbət kimi görünsə də, əslində, olacaqlara hazırlıq mərhələsi kimi də görünə bilər. Necə ki 44 günlük müharibə başlamazdan əvvəl atəşkəsin pozulması halları 20-ə çatmırdı. Hazırlıqda olan tərəflər boş-boşuna vaxt itirməyə meyilli olmurlar.
Regionda sular durulmuş kimi görünə bilər, tərəflər reallığa uyğun mesaj verə bilərlər, ancaq gərginliyi tənzimləyən qüvvələr nə Azərbaycandır, nə də Ermənistan. Rusiya Azərbaycan, Ermənistan və Gürcüstana ayrı-ayrı dövlət kimi yox, bütöv Cənubi Qafqaz gözü ilə baxdığı kimi, Qərb də regiona bütöv baxır.
Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir, Rusiya isə “arxa bağça”sına yadların girməsini istəmir.
Bağ yerində qalır, dava qarovulçu davasıdır. Önəmli olan qarovulçuların davasında ayaq altında qalmamaqdır.
Səxavət Məmməd
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru