Taksi sürücülərinin sərnişin qadınlara əxlaqsız yanaşmaları təhlükəli şəkil alır…
22-02-2023, 11:28

Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub. Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə gedən müzakirələrə görə, taksi sürücülərindən qeyri-etik təkliflər alan xanımların sayı xeyli çoxdur, sadəcə əksəriyyəti şikayətçi olmur.
Maraqlıdır, qeyri-etik davranış sərgiləyən sürücülər necə cəzalandırılmalıdır?
Elxan Əliyev: “Sürücülərin asanlıqla taksi fəaliyyətindən istifadə etməsi bir çox problemlərə səbəb olur”
Sosial sahə üzrə ekspert Elxan Əliyev bildirdi ki, taksilərdə baş verən qeyri-etik hərəkətlərin qarşısını almaq və sürücü-müştəri münasibətlərinin stabilləşməsi üçün taksi şirkətləri sürücünü işə götürən zaman müəyyən imtahan etməli və onları normativlərdən keçirməlidir. Bu normativlər əsasında onların sürücülük qabliyyətindən tutmuş, əxlaqi kodekslərinə kimi yoxlanılmalıdır: “Hər küçədən keçən adam telefonda proqramdan qeydiyyatdan keçərək sürücülük edir. Bu, xüsusilə də onlayn taksi şirkətlərinə aiddir. Hansısa bir şəxs Amerikada oturur və burada şirkət yaradır. Demək olar ki, o şirkətlərin heç birinin işçiləri yoxdur. Bunun da nəticəsi olaraq yoldan keçən biri qeydiyyatdan keçir və həmin şirkətin yiyəsinin o adamdan xəbəri olmur ki, bu kimdir və nə ilə məşğul olur”.
Ekspert hesab edir ki, sürücülərin asanlıqla taksi fəaliyyətindən istifadə etməsi bir çox problemlərə səbəb olur. Gənc sürücülərin əksəriyyəti kobud şəkildə yol-hərəkəti qaydalarını pozaraq, tez-tez qəzalara yol verirlər. Həmçinin, xüsusilə xanım müştərilərə qarşı etik normaları pozurlar. Buna görə də bu mənfi halların qarşısını almaq üçün dövlət qurumları müəyyən mənada normativ aktlar qəbul etməlidirlər. Bu normativ aktlar illərdir ki, qəbul olunur və taksi sürücülərinin öz vəzifə geyim formasından tutmuş vəsaiti göstərən aparata qədər müəyyən qanunlar qoyulsa da, bunları real həyatda görmək qeyri-mümümkündür.
Eldəniz Cəfərov: “Problemin həlli yollarından biri olaraq, taksi sürücülərinin işə qəbulu Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi reqlament əsasında olmalıdır”
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, problemin həlli yollarından biri olaraq, taksi sürücülərinin işə qəbulu Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi reqlament əsasında olmalıdır: “Bu reqlamentə görə taksi sürücüsünün yaşı 21-dən az olmamalıdır. Sürücülük təcrübəsi də iki ildən az olmamalıdır. Məlumdur ki, ölkədə taksi fəaliyyəti 3 cür qurulub: qarajı, avtomobilləri, ştat işçiləri olan taksi şirkətləri, digər sürücülərə müştəri verən taksi operatorları. Bunun qarşılığında həmin şirkətlər komissiya haqqı alırlar. Üçüncüsü isə fərdi qaydada taksi sürənlərdir. Bunların hər birinə görə qaydalar, şərtlər dəyişir”.
Günel CƏLİLOVA
bakixeber