“Biz rusuq və səhv edə bilmərik”. Diplomatlar Putinə təsiri necə itirərək müharibəni dayandırmadılar?

21-08-2023, 13:54           
“Biz rusuq və səhv edə bilmərik”. Diplomatlar Putinə təsiri necə itirərək müharibəni dayandırmadılar?
Sergey Qoryaşko, Yelizaveta Foxt, Sofya Samoxina
BBC
Nə üçün diplomatiya Rusiyanın Ukraynaya təcavüzünü dayandırıb, Qərblə Rusiya arasında münasibətlərin pozulmasının qarşısını ala bilmədi? Səbəblərdən biri Rusiya XİN-in hərəkətləridir.

İllər boyu diplomatlar Kremlə yaltaqlanmağa çalışaraq, hakimiyyət daxilində özlərini nüfuzdan salıblar. Nəticədə onlar Vladimir Putinin mövqeyinə təsir etməyə qadir olmayan təbliğatçılara və “robot”lara çevriliblər.

O da tədricən yəqin edib: kobud güc və ultimatumlar ona danışıqlar masası arxasında ibarə satmaqdan daha yaxşı xidmət edir.

BBC bu böhranın necə dərinləşdiyini və Rusiya müharibəsinin bu ölkənin Qərb dünyası ilə qırdığı əlaqələrini bərpa etməyin mümkün olub-olmadığını nəzərdən keçirib.
“Kağızlarla robotlar”
ABŞ Dövlət Departamentinin Rusiya üzrə baş mütəxəssisi Victoria Nuland Moskvada Smolensk meydanındakı çoxmərtəbəli binada öz kabinetində idi. Nazir müavini Sergey Ryabkovla saatyarımlıq görüş başa çatırdı.

Onları çoxillik tanışlıq birləşdirirdi, Nuland onunla “insani ünsiyyətə” öyrəşib. Məmur xanım anlamırdı: nə üçün bu dəfə - yalnız zahirən rusiyalı həmkarına oxşayan - “robot”a qulaq asır. Ryabkov, gözlərini kağızdan ayırmadan, ucadan Moskvanın rəsmi mövqeyini səsləndirirdi.

Binadan çıxarkən Nuland jurnalistlərə cəmi bir neçə söz dedi: danışıqlar səmərəli keçdi, yenidən Rusiyada olmağa şadam.

Ryabkov dialoqu faydalı adlandırıb, lakin gileylənib ki, böyük irəliləyişə nail ola bilmədilər:

“Gələcək gərginliklərin mümkünlüyünü istisna etmək olmaz. Bu barədə biz amerikalı həmkarlarımızla açıq danışdıq” .

Onun 12 oktyabr 2021-ci ildəki görüş zamanı davranışı Nuland-ı şoka salmışdı, bu barədə onun özündən eşitmiş BBC-nin iki həmsöhbəti danışıb.

Ryabkovu və otaqda olan müdafiə nazirinin müavini Aleksandr Fomini o, “kağızlarla robotlar” kimi təsvir edib; onlar sanki “otaqda olmayan insanlar üçün mükalimə aparırdılar”.
O zaman Ukraynanı hələ müzakirə etmirdilər, Rusiyanın ABŞ-da və ABŞ-ın Rusiyada diplomatik missiyalarının işindən (bunu qarşılıqlı surətdə diplomatların qovulması çox pozmuşdu), Əfqanıstanda humanitar böhran və Moskva ilə Washington-un əlaqələrində böhran barədə danışırdılar.

Həmin ilin yayında ölkə liderləri – Vladimir Putin və Joe Biden – strateji sabitlik haqqında Cenevrədə danışıqlar aparırdılar.

Rusiyanın Ukraynaya təcavüz hazırladığını ABŞ bir neçə həftə sonra elan edəcək, Moskvaya isə artıq MKİ-nin başçısı olan Bill Burns yollanacaq.

Sergey Ryabkov və Victoria Nuland öz diplomatik karyeralarını Rusiya ilə ABŞ münasibətlərinə həsr ediblər.

Ryabkov Kanadadakı səfirlikdən başlayıb, Rusiya diplomatik nümayəndəliyində bir neçə yüksək vəzifə dəyişərək, altı il Birləşmiş Ştatlarda yaşayıb. Xarici işlər naziri müavini vəzifəsinə 2008-ci ildə təyin olunub və o vaxtdan Washington-la münasibətlərə kuratorluq edib – amerikalıların yadında o, təcrübəli və sakit elçi kimi qalıb.

Onunla dialoq hətta ölkələr arasında qarşılıqlı anlaşma korlanmağa başlandığı zaman da mümkün olub.

Nuland 80-ci illərdən Dövlət Departamentində SSRİ üzrə, Sovet İttifaqı dağıldıqdan sonra isə Rusiya üzrə ixtisaslaşmağa başlayıb. Son 40 il ərzində, o, uşaq düşərgəsində dəstə başçısı kimi Odessaya gedib, yarım il Uzaq Şərqdə sovet balıqçı dənizçiləri ilə gəmidə yaşayıb və ondan çox diplomatik vəzifə dəyişə bilmişdi. Moskvaya o, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini kimi (bu, Dövlət Departamentində mahiyyətcə üçüncü vəzifədir) gəlib.

Onun 2021-ci il oktyabr səfəri isə diplomatik alver mövzusu oldu. Hələ 2019-cu ildə, o, Rusiyanın “qara siyahısına” düşmüşdü.

Moskva amerikalının ölkəyə buraxılmasına o zaman razılaşdı ki, ABŞ bir neçə il imtinalardan sonra Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət və Yayılmaması Departamentinin direktor müavini Konstantin Vorontsova viza verdi.

Ona 2018-ci il yazında Brüsseli tərk etmək qərarı verilmişdi - Skripalların Salisbury-də zəhərlənməsindən sonra iyirmiyə yaxın ölkə az qala 150 Rusiya diplomatını “persona non-grata” (arzuolunmaz şəxs) elan etdi.

Hələ 2019-cu ildə Rusiya nümayəndə heyəti Vorontsovun vizasına görə BMT Silahsızlanma Komissiyasının iclaslarını pozurdu. Vorontsovun Ştatlara daxil olmasına nail olmaq üçün XİN-in belə səy göstərməsi o vaxt BMT-nin Cenevrədəki bölməsi nəzdində Rusiya missiyasının müşaviri vəzifəsində çalışan Boris Bondarevi heyrətləndirmişdi:

“Tapşırıqlar alətlərlə uyğunlaşmalıdır. Bir milçəyin dalınca düşüb bütün mənzili yandırmaq olmaz”.

Hətta İranın nümayəndələri o zaman rusiyalı həmkarlarına əbəs yerə yalvarırdılar ki, onlara beynəlxalq sülh problemlərini müzakirə etməyə imkan versinlər, amerikalılarla məsələləri isə özəl həll etsinlər. “Bizimkilərin vecinə deyildi. Yəni, biz ruslarıq və biz səhv edə bilmərik”, - o, həmkarlarının məntiqini izah edir.

Ryabkov isə son məqamadək Bondarevə “ağlı başında olan insan” kimi görünürdü – ondan 2022-ci ilin əvvəlinə kimi xam xəyali yanaşmalar eşidilməyib".

"Rusiyanın qlobusu başlarda"
2021-ci ilin dekabrında Bondarevin xidməti poçtuna XİN-dən bir sənəd gəlir: “Oxuyuram və fikirləşirəm: bu, nə zibildir belə, bu, nə uşaq bağçasıdır? NATO-nun daha heç kəsi qəbul etməməsi ilə bağlı şərhlərdir... Bu belə işləmir!”

Bondarev Rusiyanın ABŞ-a və NATO-ya ultimatumunu oxuyurdu. Qərbdə artıq Rusiyanın Ukraynaya müdaxiləsi riskindən açıq şəkildə danışanda, Moskva “təhlükəsizlik zəmanəti” tələb edirdi.

Onların mahiyyəti: alyans şərqə doğru genişlənməkdən imtina edir və keçmiş SSRİ ölkələrini tərkibinə qəbul etmir, həmçinin Avropadakı qoşunlarını 1997-ci ildəki mövqelərə qaytarır.

Tələblər də, sonradan onların dərc olunması da diplomatiya üçün misli görünməmiş addımlar idi. Təkcə Qərbdəki adresatlar deyil, Rusiya XİN əməkdaşları da təəccüblənmişdilər.

Sənədin necə peyda olması haqqında Bondarevin rəhbəri də heç nə bilmirdi. “Zəng edirlər, uzun müddət aydınlaşdırırlar. Nəticədə müəyyən olur ki, Kremldən gəlib və XİN-də heç kəs heç bir sual verməyib!

Hamı “Baş üstə! Yerinə yetirərik”, - deyib. Necə deyərlər, biz balaca adamıq, bizdən heç nə asılı deyil”, - Bondarev vurğulayır.

Bondarev hesab edir ki, ultimatumun bəndləri ilə bağlı suallar, məsələn, NATO qoşunlarının 1997-ci il vəziyyətinə qaytarılması tələbləri baxımından yaranmalı idi. Moskva sanki unudub ki, o vaxt Avropada 2021-ci ildəki kimi 5-7 min yox, 300 min amerikalı hərbçi yerləşdirilmişdi.

“Bizimkilər heç ağlına gəlmirdi. Hər şey Rusiyanın başlardakı qlobusundan gəlir. Başqa ölkələrin ümumiyyətlə marağı yoxdur”, – diplomat gileylənir.
Ultimatum ekspertləri də təsirləndirib.

“Bu, heç Rusiya diplomatiyasının nə vaxt olursa olsun, hətta Putin dövründə də işləmə tərzi deyil”, - Berlin Karnegi Rusiya və Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Aleksandr Qabuev deyir (bu ilin may ayında Rusiya Ədliyyə Nazirliyi onu “xarici agentlər” reyestrinə daxil edib).

Birincisi, Rusiya öz “qırmızı xətlərini” açıq şəkildə qeyd etdi.

”Sən dərhal özünü hansısa bir çərçivəyə sürükləyirsən ki, sonra oradan sürünə-sürünə çəkilmək daha çətindir”, - Qabuyev izah edir.

İkincisi də, ekspertin istehza ilə dediyinə görə, baş verənlər elə görünürdü ki, sanki Moskva NATO-ya təklif edir - yalandan göstərsin ki, guya soyuq müharibədə məğlub olan alyansdır.

10 yanvar 2022-ci ildə iki Rusiya nazir müavinləri – XİN-dən Ryabkov və Müdafiə Nazirliyindən Fomin – amerikalılarla Cenevrədə şam yeməyində görüşüblər.

ABŞ-dan dövlət katibinin birinci müavini Wendy Sherman və dövlət katibinin silahlara nəzarət üzrə müavini Bonnie Jenkins də yeməkdə olub. Onlar Rusiyanın ultimatumunu müzakirə etmək üçün toplaşmışdılar.

"Bu bir dəhşət idi, - Bondarev söyləyir. - Amerikalılar deyirlər: “Gəlin razılaşdıraq”.

Ryabkov qışqırır: “Bizə Ukrayna lazımdır! Ukraynasız heç yerə gedən deyilik! Şələ-külənizi yığışdırıb, əkilin burdan [1997-ci il sərhədlərinə]!”. Sherman möhkəm qadındır, amma, deyəsən, o da çaşıb qalmışdı.

Fominlə və Ryabkovla çoxdan tanış olan Bondarev də təəccüblənmişdi. Birinci “heç vaxt kobud, heyvərə təsiri bağışlamayıb”:

“Normal adamdır, Afrikada qulluq etdiyi haqqında lətifələr söyləyirdi”.

İkinci “çox mədəni, hamıya siz və əzizim şəklində müraciət edir”:

“Yumruqlarını çırpmaq və cəfəngiyat danışmaq? Neçə ildir Amerika ilə məşğul olur və birdən başa düşdü ki, amerikalılar düşməndir, Ukraynada döyüşmək lazımdır?”

Bondarev işğal başladıqdan sonra müharibəyə görə Rusiya Xarici İşlər Nazirliyinin işdən könüllü çıxmış ilk yüksək vəzifəli əməkdaşı olacaq.
2022-ci il fevralın 2-də Washington-un və Brüsselin Moskvanın tələblərinə cavab mətnlərini İspaniyada çıxan EL Pais dərc edib.

NATO Ukraynada hücum xarakterli raket sistemləri və qoşunlarının yerləşdirilməsindən imtina və Avropada strateji təhlükəsizlik haqqında danışıqlar təklif etdi, ABŞ nüvə silahlarının məhdudlaşdırılmasını istəyirdi.

Washington hətta uzun illər Moskvanı narahat edən - Polşa və Rumıniyada yerləşdirilmiş və Rusiyaya çata bilən - “Tomahawk” raketləri məsələsini müzakirə etməyə razı idi.

O zaman rus diplomatları ilə ünsiyyəti olan Qabuyev xatırlayır ki, Amerikanın həmin təklifləri onlarda xoş təəccüb doğurmuşdu:

“Əşi, yox e! İndi Cenevrədə daha iki-üç ay oturmalıyıq və biz kağız üzərinə həqiqətən təhlükəsizliyi gücləndirəcək ideal razılaşmalar qoyarıq”.

Hətta Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin də BBC ilə söhbətində etiraf edib ki, Ukraynanın neytral statusu haqqında razılaşma “havada hiss olunurdu”.

Qabuyevin sözlərinə görə, o günlərdə Kreml şantaj yolu ilə də olsa, böyük diplomatik qələbə qazana bilərdi – lakin Putin artıq müharibə etmək qərarına gəlmişdi, NATO ilə ünsiyyət isə sadəcə gözdən pərdə asmaq olub. Nəticədə Prezident elan etdi ki, alyans “Rusiyanın prinsipial narahatlıqlarına” məhəl qoymayıb.

Həmin vaxt diplomatlar artıq Putinə təsir etmək iqtidarında deyildilər. Hələ 2010-cu illərdən Amerika məmurlarına elə gəlirdi ki, sanki rus həmkarları təsirlərinin azalmasına görə hirslənirlər, BBC-nin Ağ Evdə işləyən həmsöhbəti xatırlayır. Onlar Putini şəxsən narahat edən məsələlərdə səlahiyyətlərini itiriblər. İldən ilə belə suallar daha da çoxalırdı.

2009-17-ci illərdə Ben Rhodes Barack Obama administrasiyasında milli təhlükəsizlik müşavirinin müavini vəzifəsində çalışıb və ABŞ Prezidentinin nitqlərinin müəllifi olub. BBC ilə söhbətində o şübhə edir ki, yeni diplomatik strategiya ABŞ və Rusiya arasında münasibətləri düzəldə bilərdi - Putini bu, onsuz da dəyişməzdi. “Bütün faciə bundadır. Bəzən, edilə biləcək işin bir həddi olur”, - Rhodes əllərini yuxarı atır.

Onun sözlərinə görə, Qərbin məkrli niyyətlərində əmin olan Putinin düşmən münasibəti ona gətirib çıxarıb ki, o, “həqiqətən də, geridönüş niyyətinin olmadığı qaranlıq tərəfə” keçib. Rusiya diplomatiyası isə sadəcə olaraq Kremlin güc siyasətinin əlavəsinə çevrilib.

"Yarımhərbi təşkilat"
“Rusiya NATO ilə əməkdaşlığa hazırdır […] Lap alyansa qoşulana qədər”. İnanmaq çətindir, amma bu sözləri 2000-ci ilin martında Vladimir Putin deyib.

Və əlavə edib: "Mən ölkəmizi Avropadan təcrid olunmuş vəziyyətdə təsəvvür edə bilmirəm".

İndi artıq təqdimata gərək yoxdur: 2023-cü ilin iyulunda Qərb ölkələrindən Rusiyaya təyyarə ilə birbaşa uçmaq mümkün deyildi, Rusiya rəsmilərinə və dövlət şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib, dövlətlərin geniş koalisiyası Ukraynaya hərbi yardım göstərir, Rusiya Avropa Şurasından çıxarılıb, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqların qanunsuz deportasiyasına görə Putinin həbsinə order verib.

“Biz həqiqətən də müzakirə etmişik: NATO-ya daxil olmaq ya olmamaq? Bu, Putinin təşəbbüsü ilə olub, heç kim ondan məcburi söz almayıb", - 2000-ci illərin əvvəllərində Kremldə işləmiş BBC-nin həmsöhbəti xatırlayır. Həmin müzakirələrdə rusiyalı diplomatlar fəal iştirak edib və Putin onların fikirlərinə əhəmiyyət verirdi: “Vəziyyət daha sərbəst idi. Məmurların tək arzusu vəzifə qazanmaq olmayıb - hamı hələ real problemləri də həll etməyə çalışırdı”.

Aleksandr Qabuev deyir, Putinin ilk iki prezidentlik dövründə (hətta sonrakı Medvedev dövrlərində də) rus diplomatlarının məziyyətinə yazılası çox şey var idi.

“2003-cü ildə Gürcüstanda inqilab zamanı [hakimiyyətin] qansız tranziti haqqında razılığa gəldilər. 2004-cü ildə Çinlə ərazi mübahisəsini bitirib, sərhədin demarkasiyasını başa vurdular. 2003-cü ildə avropalılarla dörd sahədə (iqtisadiyyat, ədliyyə, elm və təhlükəsizlik), sonra isə modernləşmə üçün məkan haqqında razılığa gəldilər. Medvedyev dövründə diplomatlar Norveçlə sərhədi müəyyən edib və ərazi mübahisələrini bağladılar", - deyə politoloq sadalayır.

Ancaq o illərdə Rusiya diplomatik korpusuna “yaradıcılıq qabiliyyəti və tənqidi təfəkkürü əzilmiş” adamlar düşürdü. 2000-cillərdə Kremldə işləyən BBC-nin həmsöhbəti xatırlayır:

“Xarici İşlər Nazirliyi – elə bir yarımhərbi təşkilatdır ki, orada yaradıcılıq komponenti son dərəcə minimal olub. Şəxsi adların olmadığı və öz xüsusi XİN dilinə malik [təşkilatdır]. “Nəzərə aldıq”. Səfir həmişə özü haqqında üçüncü şəxsdə yazır. Sən elə orduda əsgər kimisən”.
"Bir çox diplomat artıq 2000-ci illərdə “protokol girovu” idi" (“kənara bir addıma görə - güllələmə”), - BBC-yə keçmiş Kreml məmuru danışır.

O, 2000-ci illərdə rəsmi nümayəndə heyəti tərkibində Washington-a getdiyini xatırlayır. Amerikalılar son məqamda rahatlıq üçün görüşlərin ardıcıllığının dəyişdirilməsini təklif ediblər.

Bu, o zaman Rusiyanın ABŞ-da səfiri olan Yuri Uşakovu təəccübləndirmişdi (indi o Putinin xarici siyasət üzrə köməkçisidir).

“[O], qışqırırdı ki, bu, provokasiyadır! Bizdə qrafik qabaqcadan razılaşdırılıb! Qətiyyən razılaşmaq olmaz, bu, protokolu pozmaq deməkdir”, - gülərək BBC-nin həmsöhbəti deyir.

O xatırlayır ki, 2004-cü ildə Prezident Administrasiyasının əməkdaşları Putinə XİN başçısı vəzifəsinə “öz mövqeyi olan və bir beynəlxalq” adam kimi, Sergey Lavrovu təqdim ediblər:

“ABŞ-dan da başı çıxırdı, Avropadan da. Savadlı, maraqlı insandır, - BBC-nin həmsöhbəti xatırlayır. – Ancaq o başqa Lavrov idi. Bu illər ərzində o çox ciddi transformasiyaya uğrayıb”.

"Lavrovun transformasiyası Putindən sonra baş verib, başqa cür ola da bilməzdi", vəzifədən azad olmuş diplomat Bondarevin mülahizəsi belədir:

"Heç bir ölkədə nazirin fikri prezidentin fikrindən fərqlənə bilməz, əgər o, nazir vəzifəsini qorumaq istəyirsə. Lavrov az qala 20 ildir ki, qoruyur".

Müharibəyə cəmi bir neçə gün qalmış o gileylənəcək ki, Rusiyanı NATO-ya götürmədilər (alyansda israr edirlər ki, Moskva xüsusi şərtlər tələb edib və dəvət gözləyirdi).

“Kələk gəldilər. Sadəcə aldatdılar”, - təxminən 20 il keçmiş Putin qərb ölkələrinin 1990-2000-ci illərdəki davranışını belə səciyyələndirir.

Onun fikrincə, NATO vədlərinə baxmayaraq, Rusiyanı aldadıb və şərq istiqamətində genişlənməyə başlayıb (belə vədlər olubmu məsələsi, ən azı mübahisəlidir).

“Bax, bunu biz nəzərdən buraxmışıq, əlbəttə, dərhal qərblilərin başına qapaz vurmaq, NATO-nun 1997-ci ildə genişlənməsinə daha sərt cavab vermək lazım idi”, - Britaniyadakı səfir Andrey Kelin Qərblə münasibətlərin dağılması mövzusunda BBC ilə söhbəti zamanı gileylənir.
Optimistlər
Yeni soyuq müharibənin başlanğıcına Putinin 2007-ci ildəki Münhen nitqi start verdi – Putin bu çıxışında ilk dəfə aqressiv şəkildə qərb ölkələrini təkqütblü dünya qurmağa çalışmaqda ittiham etdi.

Federasiya Şurasının indiki sədr müavini, o zaman isə - Beynəlxalq İşlər üzrə Duma Komitəsinin başçısı olan Konstantin Kosaçyov Putinin o çıxışını canlı dinləyib.

BBC ilə söhbətində o deyir ki, “Prezidentin çox şəxsi çıxışı” onun “Rusiya ilə Qərb arasında münasibətlərin necə qurulacağına dair baxışını” əks etdirirdi.

Məhz o zaman, Kosaçyovun fikrincə, “Qərb Rusiya ilə qarşılıqlı əlaqəni qaydaya salmaq üçün fenomenal imkanı əldən buraxıb”.

Qərbdə isə əmindirlər ki, imkanı Rusiya əldən buraxıb.
Kosaçyovla həmyaş olan Michael McFaul 2010-cu ildə özü haqqında deyirdi: “Mən mister Antiskeptisizm, mister Hər Şey Düzələr-əm”.

Kosaçyov və McFaul karyeralarının onillikləri ərzində ölkələri arasında dialoqun geniş potensialına inanan romantiklər olublar, lakin onların keçdiyi yol əməkdaşlığın imkansızlığına əmin olan barışmaz rəqiblərə çevirib.

59 yaşlı McFaul hazırda Stanford professorudur.

O, müntəzəm şəkildə Biden administrasiyasına məsləhət verir. BBC ilə saatyarımlıq söhbətində o, üç dəfə təkrar edir ki, gənc deyil və çox şeyi xatırlayır – o cümlədən, Washington-la Moskva arasında münasibətlərin başqa şəkildə inkişaf etdiyi zamanları.

Bu gün McFaul əmindir ki, ABŞ-ın milli maraqlarını möhkəmləndirmək üçün cəmi iki aləti var: Ukraynaya mümkün qədər çox silah vermək və Rusiyaya qarşı mümkün qədər çox sanksiya tətbiq etmək.

Kosaçyov isə etiraf edir ki, ölkələrin münasibətləri son dərəcə dərin böhran içindədir.

“Sadəcə olaraq diplomatiya artıq mövcud deyil, bütün əlaqələr kəsilib, - o vurğulayır və əlavə edir: - Bizim təşəbbüsümüzlə kəsilməyib”.

McFaul Amerikanın Montana ştatında, özünün dediyinə görə, ABŞ-la Sovet İttifaqı arasında yaşanan dərin gərginlik dövründə anadan olub.

1981-ci ildə, o, Stanford Universitetinə qəbul olunanda ABŞ Prezidenti, bundan iki il sonra SSRİ-ni şər imperiyası adlandıracaq Ronald Reagan olub.

McFaul o zaman hələ Sovet İttifaqında olmadığına baxmayaraq, Stanford-a o gümanla daxil olub ki, əgər amerikalılar sovet adamlarını daha yaxşı başa düşə və onlarla daha çox ünsiyyət saxlaya bilsəydilər, münasibətlərdə gərginlik də azala bilərdi. Universitetdə o dərhal rus və polyak dilləri kurslarına yazılıb.

McFaul-un Rusiya səfir təyin olunmasını Kosaçyov alqışlayıb.

2010-cu illərdə, o, Beynəlxalq İşlər üzrə Duma Komitəsinin rəhbəri olub və Dövlət Dumasının bir çox o vaxtkı və indiki millət vəkillərindən fərqli olaraq, bu kresloya təsadüfən yiyələnməyib. Kosaçyov diplomat ailəsində doğulub və indiyə kimi İsveçdə “səfirlik hasarı arxasında” keçən uşaqlığını həsrətlə xatırlayır. Kosaçyov altıncı sinifdə ikən atasının yolu ilə getmək, diplomatik təhsil almaq və son nəticədə diplomat olmaq qərarına gəlib.

2009-cu ildə Lavrov və Hillary Clinton münasibətlərin tamamilə yenidən başlanmasını simvolizə edən “reset” (rusca – “perezaqruzka”; lakin qırmızı düymənin üzərində səhvən “pereqruzka” yazılmışdı) düyməsini basıblar.

Bu zaman McFaul artıq Milli Təhlükəsizlik Məsələləri üzrə Şurada Obamanın xüsusi köməkçisi idi.

“Perezaqruzka”nı işləyib hazırlayan o olub. McFaul Prezident Administrasiyası rəhbərinin birinci müavini olan Vladislav Surkovla birlikdə Vətəndaş Cəmiyyətinin İnkişafı məsələləri üzrə Rusiya-Amerika İşçı Komissiyasına rəhbərlik edib.
Dumaya gəlməzdən əvvəl Konstantin Kosaçyov SSRİ və sonra Rusiya XİN-i, İsveç səfirliyi, daha sonra isə bir neçə Baş nazirin aparatlarında xarici işlər üzrə müşavir vəzifəsində çalışıb, onların arasında Yevgeni Primakov və Sergey Kiriyenko da olublar.

O, Rusiyanın ABŞ-la münasibətlərinin perezaqruzka”sında iştirak edib və McFaul-u “vicdanlı və yaradıcı” işinə görə tərifləyib.

Obamanın sabiq nitq müəllifi Ben Rhodes o illəri xatırlayaraq qeyd edir ki, ABŞ və Rusiya çox şeyə nail oldular: razılaşmışdılar ki, Amerika Əfqanıstandakı qruplaşmasını Rusiya üzərindən təchiz edə bilər, SNV-3 (strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilə) sazişi imzaladılar, Rusiyanın Dünya Ticarət Təşkilatına daxil olması məsələsini və İrana qarşı sanksiyaları müzakirə etdilər.

Lakin artıq Qərblə münasibətlərdə məyus olmuş Vladimir Putinin təsiri itməyib, Rhodes qeyd edir. Onun sözlərinə görə, Ağ Evdə anlayırdılar ki, Putin Prezident vəzifəsindən getsə də, ölkənin kursunu əvvəlki kimi məhz o müəyyən edir.

Obama ilk dəfə Rusiya (o zaman Baş nazir olan) lideri ilə 2009-cu ildə görüşüb. Onlar “rus tərzində” - samovarla və xalq alətləri orkestrinin müşayiəti ilə səhər yeməyi yeyiblər.

Putin əməkdaşlığın müzakirəsindən daha çox dünyaya öz baxışının izah edilməsində maraqlı olub: bütün söhbət zamanı, o, Obamanın sələfi, George Bush-u Rusiyaya xəyanətdə günahlandırıb.

“Əslində Putin ABŞ-ın onun planlarını necə pozması və ona zərər vurmağa çalışması haqqında iki və ya üç saatlıq təqdimat keçirib.

O, gileylənirdi ki, Birləşmiş Ştatlara sentyabrın 11-dən sonra əlini uzadıb. Və əldə etdiyi ABŞ-ın PRO (raketlərə qarşı müdafiə sistemlərinin məhdudlaşdırılması haqqında müqavilə) Müqaviləsindən çıxmaq, İraqda müharibə və NATO-nun genişlənməsi olub”, - həmin görüş barədə ona Obamanın danışdığını bildirən Rhodes deyir.

Gələcəkdə Putin avropalı həmkarlarına da Qərbin xəyanətləri barədə mühazirələr oxuyacaq. Məsələn, onu 2022-ci ilin fevralında müharibəyə yol verməmək cəhdilə Rusiyaya gəlmiş Fransa Prezidenti Emmanuel Macron da dinləməli olub.

Obama ilə Medvedev arasında görüşdən amerikalı diplomatlar artıq o zaman tam əminliklə çıxırdılar ki, Rusiya diplomatları Prezidentə deyil, Baş nazirə tabe olurlar.

“Buna görə bəzən Obama Medvedevə sadəcə diplomatlar olmadan ikilikdə ünsiyyətə keçməyi təklif edirdi. Diplomatların Prezident qarşısında cavabdeh olmadığını bilmək çox qəribə idi”, - o illərdə, demək olar, bütün yüksək səviyyəli görüşlərdə iştirak edən Rhodes söyləyir.
Diplomatların davranışından çox tez aydın oldu ki, ölkələr arasında “perezaqruzka” olmayacaq.

“Lavrov elə adamdır ki, sadəcə axınla gedir. O, bizi “perezaqruzka"ya sarı aparanda, Lavrov da o istiqamətdə gedirdi. Külək dəyişəndə isə, onun davranışı da dəyişib. Biz bunu dəqiq hiss elədik”, - Rhodes deyir.

Prezidentliyinin əvvəlində Putin belə şeyləri təqdir etməyib. Kremldə işləyən sabiq məmur onun necə gileyləndiyini xatırlayır:

“Niyə bizim XİN daima ləbbeyk deməyə çalışır? Nə üçün? Yaxşı, mən söyüşürəm, onların vəzifəsi isə hamı ilə dostluq etmək, münasibətlər qurmaqdır. Onlar isə daima məni yamsılayırlar”.

"2010-cu illərin əvvəlində diplomatların onun kölgəsində “züy tutmağı” Putini artıq pərt etmirdi", həmsöhbətimiz deyir.

Münasibətlərin səhmana salması üzərindən xaç çəkən küləyin istiqamətini həm Rhodes, həm McFaul üç hadisə ilə əlaqələndirirlər.

Birincisi, qəfildən bir neçə ölkədə diktatorların devrilməsinə təsadüf edən Ərəb baharı ilə.

İkincisi, ABŞ-ın Liviyaya müdaxiləsi – bu, Putini əmin etmişdi ki, Amerika başqa dövlətlərdə rejimlərin devrilməsini öz məqsədi kimi görür. Və, nəhayət, Amerika hökumətinin 2011-2012-ci illərdəki Rusiya etirazlarına müsbət reaksiyası.
2011-ci ilin payızında Vladimir Putin və Dmitri Medvedev necə deyərlər, rokirovka barədə elan edəndə, McFaul “son dərəcə açıq şəkildə” Obamaya perspektivlər haqqında danışıb:

“Rusiya ilə münasibətlərdə böyük niyyətlər yox oldu”.

2012-ci ildə McFaul Moskvaya ABŞ-ın səfiri kimi gəlir. Onun proqnozu özünü doğrultdu. Surkov-McFaul komissiyası bir ildən sonra yox olacaq. “Perezaqruzka” bitəcək.

“Hər kim deyir ki, Putinlə heç vaxt əməkdaşlıq etmək mümkün olmayıb, haqlı deyil", - RAND Amerika qeyri-kommersiya analitik mərkəzindən olan, keçmişdə özü də ABŞ Dövlət Departamentində işləmiş Sam Charap vurğulayır.

"Lakin əsaslı dəyişikliklər baş verib. Və tamamilə doğrudur ki, Qərb liderlərinə Putinlə danışmaq çox çətinləşib. Çünki hər kəs öz ölkəsinin Rusiyanın işlərinə necə pəl qatması haqqında məruzə eşidib”.

“Bir daha Rusiyanı təhqir etməyə cürət etmə!”
“Mənə bax! Gözlərini yana çəkmə! Gözlərini niyə yana çəkirsən?”

“İfadəmə görə bağışlayın, ancaq biz tüpürmüşük (burada rusca daha kobud ifadə işlənir) Qərbin sanksiyalarına”.

“Tovuz quşları ilə danış”;

“Debillər, ****”;

“Kiyev rejiminin “petux” strategiyası heç kəs üçün yenilik deyil”.

“Qoyun sözümü deyim. Yoxsa indi doğurdan da Rusiya “Qrad”larının nə olduğunu eşidərsiniz”.

Bu, sitatlardır, – sosial şəbəkələrdə siyasət haqqında mübahisələrdən parçalar deyil. Rusiya səfirləri və XİN məmurları beynəlxalq meydan və KİV-də həmkarları və jurnalistlərlə belə danışırlar.

Moskva xarici siyasətinin dili (indi onu “küçə” və “tramvay” dili adlandırırlar) 2012-ci ildə Putin Kremlə qayıtdıqdan sonra sürətlə dəyişməyə başlayıb.

Bu məsələdə BBC-nin həmsöhbətləri arasında fikir ayrılığı yoxdur. Bu dəyişikliklər Qərblə münasibətlərin yaxşılaşmasına dair ümidlərin iflasa uğramasının simptomu olub.

Bunu hətta rusiyalı şərhçilər də etiraf edir.

Böyük diplomatik qələbələrə nail olmaq üçün tək dil və etiket bilmək kifayət deyil, ünsiyyətdə olduqlarının psixologiyasını da anlamalısan, Konstantin Kosaçyov deyir.

Əsl diplomatiya, onun sözlərinə görə, meqafon vasitəsilə və emosional ifadələrlə deyil, bağlı qapılar arxasında çox səbr və diqqət tələb edən danışıqlar nəticəsində həyata keçirilir.

Michael McFaul da diplomatik dili bilməməsini, bir səfir kimi, öz fəaliyyətinin çatışmazlıqlarından biri adlandırır: “O çox sıxılıb. Mən isə professor idim və ifadələrdə məhdudluq hiss etmirdim. Bunun nəticəsində mən bir neçə səhvə yol vermişdim”.

Rusiya diplomatlarının çoxu baş verənlərdə heç bir problem görmürlər. Moskvanın xarici siyasətində bu yeni bəndin bir nümunəsi də Mariya Zaxarovadır. O, 2015-ci ildən XİN İnformasiya və Mətbuat Departamentinə rəhbərlik edir. Onun gəlişi özünəməxsus “zaman tələbi” olub, keçmiş XİN əməkdaşı Boris Bondarevin mülahizəsi belədir.

“Ondan əvvəl bu vəzifədə diplomatlar olub – bəyanatları saflaşdırılmış ifadələrlə donquldayan diplomatlar.

“Qarşılıqlı şəkildə qəbul edilən düyünlərin açılmasına dair narahatlıq ifadə edərək, konsensus tapılacağına ümid edirik. Bu-bu-bu...””, - o xatırlayır.

Onun sözlərinə görə, Smolensk meydanında (Rusiya XİN-in yerləşdiyi meydan- red.) çoxları əmin idilər ki, mətbuat katibi vəzifəsinə “daha parlaq və daha coşqun” biri seçilməli idi.

"Namizədin bu qədər “parlaq” çıxacağını heç kəs gözləmirdi", - Bondarev etiraf edir.
Zaxarovanın gəlişi ilə XİN brifinqləri teatr tamaşalarını xatırladır, onun özü isə ən tanınan Rusiya məmur qadınlarından biri olub.

O, sosial şəbəkələrdə səhifələrini fəal idarə edir, həm öz şerlərini, həm Qərb siyasətçilərinin karikaturalarını, həm beynəlxalq siyasətlə bağlı mülahizələr dərc edir (Kiyevin “petux strategiyası” haqqında sitat məhz onun teleqram-kanalındandır).

Zaxarovanın yüngülxasiyyət tərzi vaxtaşırı qalmaqala səbəb olur.

2016-cı ildə o, qəsdən “r” səsini düzgün tələffüz etməyərək, Vladimir Solovyovun proqramında yəhudilərin Donald Trump-ı necə qələbəyə gətirdiyini söyləmişdi. 2018-ci ildə Çeçenistanda geylərin təqib olunması və işgəncələr verilməsi ilə maraqlanan finlandiyalı jurnalistə göz vuraraq, ona Çeçenistana səfər təşkil etməyi vəd edirdi.

2020-ci ildə isə Zaxarovanın dedikləri üçün Putin üzr istəməli olub.

Zaxarova Serbiya Prezidenti Aleksandr Vuçiçi təhqir etmişdi.

O, ABŞ-a səfər edəndə, Zaxarova ona belə görüşlərdə özünü “Əsas instinkt” filmindəki Sharon Stone-un qəhrəmanı kimi aparmağı təklif etmişdi.

Zaxarovanın nümunəsini XİN-in digər əməkdaşları da mənimsəyiblər.

O zamanadək BMT artıq Rusiyanın o vaxtkı daimi nümayəndəsi Vitali Çurkin üçün xarici həmkarları ilə daimi söyüşmə yerinə çevrilmişdi.

2012-ci ildə KİV israr edirdi ki, o, Qətər Baş nazirini hədələmişdi ki, əgər “tonunu dəyişməsə”, onun ölkəsi “daha olmayacaq” (Çurkin özü bunları təkzib edib).

Çurkin Britaniyaya məsləhət görmüşdü ki, “vicdanını təmizləsin” və “müstəmləkəçilik vərdişlərinə son qoysun”.

Amerikalı həmkarı Samantha Power-i özünü Tereza Ana kimi aparmaqda ittiham etmişdi. Və onun Pussy Riot iştirakçıları ilə görüşünü şərh edərək, onlarla tura yollanmağı və səfəri Washington Milli Katedralından başlamağı tövsiyə edib.

Çurkini əvəz edənlər daha da irəli gediblər.

2017-ci ilin aprelində daimi nümayəndənin müavini Vladimir Safronkov britaniyalı həmkarının çıxışını şərh edən zaman ondan tələb edib ki, “gözlərini kənara çəkmə”sin, sonra da əlavə edib:

“Bir daha Rusiyanı təhqir etməyə cürət etmə!”.

Rusiyanın BMT-də daimi nümayəndəsi Vasili Nebenzya isə Təhlükəsizlik Şurasında sədrlik edən Almaniya nümayəndəsinə bildirib ki, iclasın reqlamentinə əməl etməyə hazırlaşmır:

“Siz öz gözəl saatınızı nə qədər istəsəniz çevirə bilərsiniz, ancaq mən nə qədər mənə lazımdır, o qədər də vaxt götürəcəyəm”.

"Son illər bu ünsiyyət tərzi bir çox sıravi diplomatlar üçün də bir qayda olub", Boris Bondarev söyləyir.

O, 2021-ci ildə kiçik bir tədbirdə baş vermiş hadisəni xatırlayır.

Bondarevin sözlərinə görə, Rusiya nümayəndə heyəti təklif olunan bütün təşəbbüsləri bloklamışdı. Bir məqamda İsveçrəli həmkarları onlara yaxınlaşıb.

“Onlar deyirdilər: “Oğlanlar, belə olmaz, axı, biz ki, güzəştlərə gedirik. Siz yox!” Cavabında bizimkilər deyiblər “nə olsun ki? Biz böyük dövlətik, siz isə hansısa İsveçrə!” Beləcə açıq-aşkar. Bax, belə diplomatiyadır”, - Bondarev deyir.

Haqq üçün onu da demək lazımdır ki, son zamanlar tək Rusiya diplomatiyasının tonu dəyişməyib – belə şeylər, daha az miqyasda olsa da, başqa ölkələrdə də baş verir.

2013-cü ildə BMT nəzdində insan haqları üzrə Yaponiya nümayəndəsi Hideaki Ueda müşavirə zamanı xarici həmkarlarından tələb edib:

“Ağzınızı yumun! Səsinizi kəsin!”.

2019-cu ildə bu sözlərlə Böyük Britaniyanın müdafiə naziri Gavin Williamson Rusiyaya müraciət edib.

Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik isə keçən il AFR kansleri Olaf Scholz-u “küsmüş içalat kolbasası” adlandırıb.

Baş verənlər onunla bağlıdır ki, siyasət “daha kütləvi” olur, politoloq Aleksandr Qabuyev izah edir:

“Siyasətin böyük bir qatı ictimai rəylə müəyyənləşdirilir, bərkdən qışqıran daha haqlı görünür, nəinki daha məntiqi arqumentlərə malik olan. Buna görə də diplomatlar da kütlənin qılığına girmək istəyir“.

Rusiyanın Böyük Britaniydakı səfiri Kelin əmindir ki, ritorika yumşala da bilər: “Sadəcə belə mülahizələr mövcud siyasi durumu əks etdirir. Lakin olduqca konfrontasiya xarakterlidir (üzləşdiricidir - qarşıdurma xarakterlidir). Sonrası necə olacaq - baxarıq”.

“Sən səfirsən, yoxsa nə? Sən onlarla nə danışırsan?”
Böyük bir Rusiya korporasiyasının top-meneceri BBC müxbirinə anekdot söyləyir.

Rusiya naziri Lavrovun və ABŞ dövlət katibinin görüşü keçirilir.

“Sergey, - Blinken deyir, - nə isə başım fırlanır”.

“Başqa cür ola da bilməz, - Lavrov cavab verir. – Bu, ona görədir ki, biz sizi **** üstündə fırladırıq”.

Bu anekdot onunla maraqlıdır ki, biznesmen onu Rusiya XİN əməkdaşından eşidib.

“Tramvay” dili Rusiya diplomatlarının lüğət tərkibində yer tapıb, çünki kəskin hücumlar, yalnız xarici həmkarlar üçün nəzərdə tutulmur.

Politoloq Qabuyev vurğulayır ki, həmin Zaxarova öz sosial şəbəkə hesablarında müstəsna olaraq rus dilindən istifadə edir:

"O, daxili təbliğatçıdır, Marqarita Simonyan kimi. Onun vəzifəsi elektoratda Rusiyanın xarici siyasətinə dair qürur hissi doğurmaqdır. Bu, diplomatiyanın necə dəyişməsinin nişanəsidir – o artıq xarici aləmlə ünsiyyətin interfeysi deyil".

Keçmiş Kreml məmuru belə hesab edir. Onun sözlərinə görə, Rusiya diplomatiyası öz fokusunu həm də ona görə daxili auditoriya tərəf dəyişib ki, Qərbdə onu “onsuz da eşitmirlər”.
Lakin Bondarevin sözlərinə görə, Rusiya diplomatlarının acıqlı bəyanatlarının daha da vacib ünvan sahibləri onların öz rəisləridir.

Hər bir xaricdə keçirilən tədbirdən sonra onun iştirakçıları Moskvaya görüşlərin yekunlarını ehtiva edən rəsmi teleqram göndərirlər.

Bu praktika Rusiyanın dünya ilə münasibətlərinin korlanmasından xeyli əvvəl təşəkkül tapıb.

Onun Rusiya XİN əməkdaşlarının karyerasında əhəmiyyəti çox böyükdür.

“Teleqram – kosmosla əlaqədir. Pis yazılmış teleqram karyeraya baha başa gələ bilər. Sən həm geniş dünyagörüşü nümayiş etdirməli, həm həddini aşıb üzərinə artıq heç nə götürməməli, həm də öz adına nailiyyətlər yazmalısan. Bu, peşəkar XİN işçisinin ayrıca xüsusi məharətidir”, - BBC-yə nazirliyin işinə yaxşı bələd olan həmsöhbəti izah edir.

Son illər bu teleqramların tərzi daha da sərtləşir, keçmiş diplomat Bondarev deyir.

Bu məktublarda ən əsası həqiqi nailiyyətlər və kompromislər haqqında hekayətlər deyil, diplomatların nə qədər hərarətlə ölkənin maraqlarını müdafiə etdiyi barədə hesabatdır. Bondarevin sözlərinə görə, onların tipik məzmunu belədir:

“Biz onların üzlərini masanın üzərində elə sürüdük ki! Səslərini də çıxara bilmədilər! Biz qəhrəmancasına Rusiyanın maraqlarını müdafiə etdik, qərblilər isə heç nə edə bilmədilər, özlərini yığışdırdılar!”.

Məsələn, keçmiş diplomat xatırlayır, necə Skripalların zəhərlənməsinə görə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında (KSQT) araşdırmalardan sonra Moskvaya “rəzili əzmək” ruhunda ifadələrlə teleqramlar göndərilirdi – “30-cu illərdə stalinist qəzetlərində olduğu kimi”. Oxşar ritorika XİN daxili müşavirələrində də səslənirdi.

Rəhbərlik bu üslubu təvəccöhlə qəbul edir.

“Ona görə də indi Ekvadordan, Tanzaniyadan və haradan olursa olsun səfirlərin necə nəyisə “müdafiə etdikləri” barədə teleqramlar gəlir”, - Bondarev deyir.

Bu, onun sözlərinə görə, heç də bütün diplomatların xoşuna gəlmir, lakin heç kim fərqli görünmək istəmir:

“Çünki hamı yazır ki, necə “qərblilərə tıxadılar”, sən isə yazırsan ki, “konsensusa nail olmuşam”, hamı sənə təəccüblə baxacaq. Sən səfirsən, yoxsa nə? Sən onlarla nə danışırsan? Sən stola vurmalısan ki, onlar hər şeyi başa düşsün”.
Qabuyev hesab edir ki, diplomatlar öz davranışlarını təkcə bir-birindən deyil, həm də Prezidentdən kopyalayırlar. O, hakimiyyətdə olduğu illər ərzində - məşhur “tualetdə məsələsini çürütmək”dən (“мочить в туалете”) nisbətən yeni “xoşuna gəlsə də, gəlməsə də - dözməlisən, gözəlim” (“нравится, не нравится – терпи, моя красавица”) ifadəsinə qədər jarqona olan sevgisi ilə yadda qala bilib.

Döyüşkən ritorikanı yumşaltmaq üçün Rusiya diplomatları heç bir variant görmürlər – vəzifən nə qədər yüksəkdirsə, bəyanatın da bir o qədər sərt olmalıdır. Səssiz qalmaq olmaz - əvəz edərlər.

“[Rusiyanın BMT nümayəndəsi Vasili] Nebenzya belə bacarmır. Əlbəttə, onun bir dəli qeyri-adekvat müavini Polyanski var. Ancaq o həmişə onu qabağa verə bilməz. Ona onda Moskvada deyərlər:

“Yaxşı, əgər sən həmişə “xəstəsən”, evə gedə bilərsən. Polonski isə sənin əvəzinə daimi nümayəndə olar””, - Bondarev deyir.

“Demək olar, heç nəyi həll edə bilmirdilər”
2014-cü ildə Ukraynada “ləyaqət inqilabı” oldu (Rusiya hakimiyyəti onu dövlət çevrilişi hesab edir).

Bir neçə həftə ərzində Rusiya Krımı ilhaq etdi və Donbasdakı münaqişəyə, həmçinin hərbi vasitələrlə, müdaxilə etdi. Bu, bu günə qədər davam edən müharibəyə gətirib çıxardı. Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladılar - indi bütün məhdudiyyətləri sadalamaq üçün yüzlərlə, hətta minlərlə səhifə lazımdır.

Moskvanın Qərblə münasibətləri üçün Ukrayna hadisələri son damla oldu. Bundan sonra diplomatik səviyyədə bütün əlaqələr sərtləşdi, Ben Rhodes xatırlayır:

“Putin sadəcə dayanmadan deyirdi ki, ABŞ Yanukoviçi devirmək məqsədilə bu qəsdi dəstəkləyib. Əvvəlcə Obama bununla mübahisə etməyə cəhd etdi. Hansısa bir məqamda isə biz dayandıq. Sadəcə cavab verirdik ki, ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünün tərəfdarıdır”.

Eyni zamanda, Rusiya XİN-i müəyyən təhlükəsizlik məsələləri ilə bağlı amerikalı həmkarları ilə əlaqə saxlamağa davam etdi, lakin beynəlxalq ictimaiyyətə aydın idi ki, diplomatların Ukraynada baş verənlərə heç bir nəzarəti yoxdur - ilk növbədə ona görə ki, bu məsələ ilə bağlı bütün qərarları Putin özü qəbul edirdi.

“Putin tədricən öz mövqeyində avtokrata və ən təcrübəli bürokrata çevrildikcə, onun inamı güclənirdi ki, o, onsuz da hər şeyi bilir, - politoloq Aleksandr Qabuev izah edir. - Və bu insanlar [diplomatlar] onun üçün lüzumsuzdurlar".

Beynəlxalq siyasətin əsas məsələlərində XİN-in təsirinin aşağı düşməsini Qabuyev aşağıdakı misalla göstərir:

“Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı [2008-ci ildə] Lavrovla və onun əsas müavinləri ilə məsləhətləşiblər. Onlara böyük bir məlumat vərəqəsi yazmağı təklif ediblər, o zaman XİN bunun əleyhinə idi. Məsələn, 2014-cü ildə Lavrov əvvəlcədən [Ukraynada] nə olacağını bilirdi, lakin digər diplomatlar bilmirdilər”.

2022-ci ildə xarici işlər naziri Ukraynaya müdaxilə barədə onun başlamasından bir neçə saat əvvəl xəbər tutub, - Financial Times yazıb.

2014-cü ildə Rusiyanın münasibətləri təkcə ABŞ-la deyil, Avropa ilə də pisləşib – xüsusən də əsas “müttəfiqi” Almaniya ilə.

Avropa Şurasının Xarici Əlaqələr üzrə baş əməkdaşı Kadri Liik Krımın ilhaqının Berlində necə şok yaratdığını xatırlayır:

“Almaniya bilir ki, Anşlusla başlayan iş nə ilə bitir”.

Liik əlavə edir ki, həmin illərdə Rusiyanın Qərbdə “yeganə həqiqi dostu” Almaniya idi.

Putinin uzun müddət Almaniyanın kansleri olan Angela Merkel ilə xüsusi münasibətləri olub.

O, gələcək Rusiya Prezidentinin bir vaxtlar KQB kəşfiyyatçısı kimi qulluq etdiyi Almaniya Demokratik Respublikasında böyüyüb.
Müharibə başladıqdan sonra Polşa, Latviya və digər ölkələr, hətta Moskvanın Qərblə qarşıdurma yaratması aydın olanda belə, Almaniyanı Rusiya ilə əməkdaşlığı davam etdirməkdə (məsələn, qaz sahəsində) ittiham etdilər.

Necə oldusa, 2023-cü ilə qədər bu əməkdaşlıq puça çıxdı - Almaniya Rusiya qazından imtina etdi, indi Berlin Rusiyaya qarşı müharibədə Kiyevin əsas müttəfiqlərindən biridir.

Münasibətlərin korlanmasının səbəblərindən biri kimi Liik Rusiya XİN-in davranışını göstərir:

“Rusiya diplomatları arasında Qərbdəki real əhval-ruhiyyəni anlayan insanlar var. Onlar Kremlə çatdıra bilərdilər ki, baxın, biz Avropadakı ən yaxşı dostumuzu itirmək təhlükəsi qarşısındayıq”.

ABŞ Milli Təhlükəsizlik Şurası rəhbərinin keçmiş müavini Ben Rhodes da Putinin 2010-cu illərdə, XİN-in rəyindən asılı olmayan, öz dünya mənzərəsi formalaşdırdığından bəhs edir. Onun sözlərinə görə, Putinlə Obama arasında son görüşlərin necə keçdiyini bilmək üçün insayderlərlə ünsiyyətə ehtiyac yoxdur - Putin özünü rus auditoriyası qarşısında ictimai çıxışlar zamanı olduğu kimi aparıb.

Məsələn, Obama ilə təkbətək söhbətlərində belə, çoxsaylı dəlillər olduğuna baxmayaraq, Putin rus hərbçilərinin Donbasda əməliyyat apardıqlarını təkzib etməyə davam edirdi. Son görüşdə isə, amerikalıların təqdim etdiyi sübutla baxmayaraq, Moskvanın ABŞ seçkilərinə müdaxiləsi barədə heç nə bilmədiyini iddia edirdi.

Bu təcrübəni diplomatlar da mənimsəmişdi:

Amerika rəsmiləri öz aralarında Sergey Lavrovun necə “daha sərt mövqe” tutduğu və bəzən “açıq yalan” danışdığını müzakirə edirdilər.

“Ancaq bəzən Putin maraqlı şeylər deyirdi. Yadımdadır, bir dəfə o, Obamaya demişdi ki, “sizin mənə nə deyəcəyiniz vacib deyil - heç nə məni inandıra bilməz ki, ABŞ məni devirməyə çalışmır”. Bu, onun əsl psixologiyasına bir pəncərə idi”, - Ben Rhodes deyir.

Rhodes-in sözlərinə görə, o vaxta qədər XİN əməkdaşları artıq tamamilə həmin “robotlara” çevrilmişdilər:

“Ola bilsin ki, onlar Putin qədər sərt deyildilər. Sadəcə ölkələrinin mövqeyini oxuyurdular. O vaxt onların, demək olar, heç təsiri yox idi. Onlar Putinin heç bir əhəmiyyət vermədiyi bəzi məsələlər üzərində işləyə bilərdilər. Ancaq Ukrayna kimi məsələlərlə bağlı onlar ümumiyyətlə heç nəyi həll etməyə qadir deyillər”.

“Müharibə diplomatiyanın davamıdır”
Trump administrasiyasının Ağ Evə gəlişi Washington-la münasibətlərdə heç nəyi yaxşılaşdırmadı, 2018-ci ildə “Noviçok” döyüş qazından istifadə edərək, Skripalların zəhərlənməsindən sonra Rusiyanın münasibətlərinin kəskin şəkildə gərginləşdiyi daha bir ölkə Böyük Britaniya oldu.

2019-cu ildə, qalmaqal fonunda, qırx illik təcrübəsi olan diplomat Andrey Kelini Londona səfir göndərildi.

Bütün ömrü boyu XİN-də Qərblə qarşılıqlı əlaqələrlə məşğul olub. “Təəssüf ki”, - səfir dəqiqləşdirir.

Kelin məmnuniyyətlə BBC-yə söyləyir ki, o, 1989-cu ildə NATO-nun Brüsseldəki qərargahının qapısından keçən ilk sovet diplomatı olub.

Belçikada Kelin Qərblə əlaqələrin tənzimlənməsi ilə məşğul olub - məsələn, SSRİ-nin yeni müdafiə doktrinasının hazırlanması zamanı görüşlər təşkil edib. Sənəddə həmçinin deyilirdi ki, nüvə müharibəsi siyasi məqsədlərə çatmaq vasitəsi ola bilməz.

İndi Kelin britaniyalılarla tennis oynamır.

2022-ci ildə diplomat şəxsi qadağa alıb və Britaniya parlamentinə daxil ola bilməz.

Həmin vaxt, onun sözlərinə görə, Rusiyanın Londondakı səfirliyi demək olar ki, qazsız və işıqsız qalıb, sığorta şirkətləri isə missiyanın avtomobillərini sığortalamaqdan imtina etmişdilər.

Kelin etiraf edir ki, indi britaniyalılarla qeyri-rəsmi əlaqələr “açıq desək, çox deyil”. Ancaq o, ruhdan düşmür: "Avropa İttifaqı və ABŞ - dövlətlərin cəmi 15 faizidir", - Rusiyanın Londondakı diplomatik iqamətgahının qonşuluğunda isə ünsiyyət üçün bir çox başqa nümayəndəliklər var - məsələn, Livan və Səudiyyə Ərəbistanı.

Keçən il Qərb mediası Kelinin Ukraynadakı müharibə ilə bağlı açıqlamalarına çox istinad etdi.

O, rus ordusunun Buçada törətdiyi qətliamları “Qərbin təxribatı” adlandırıb, deyirdi ki, Rusiya “hələ ciddi heç nə başlamayıb”.

Kelin əmindir ki, həm səfirliklər, həm də bütövlükdə XİN xaricdəki vəziyyət barədə Kremli məlumatlandırmaqda əsas rolunu saxlayır və təsirlərini itirməyiblər.

Əksini düşünənləri o, “divan mütəxəssisləri” adlandırır:

“Mən 43 ildir bu işdəyəm və sistemin necə qurulduğunu yaxşı başa düşürəm”.

O, Qərblə pozulmuş münasibətlərə görə Moskvanın və şəxsən diplomatların məsuliyyətini görmür:

“Pozan biz deyilik. Bizim Kiyev rejimi ilə problemlərimiz var. Burada nəsə edə bilməzsən”.

Səfir Rusiyanın danışıqlar əvəzinə hərbi yolu seçməsini uğursuz hesab etmir: “Müharibə diplomatiyanın başqa vasitələrlə davamıdır”, - Kelin qeyd edir.

Rusiyanı “böyük beynəlxalq problemlərin diplomatik üsullar və vasitələrlə həllinin tərəfdarı” adlandıran Konstantin Kosaçyov da BBC ilə söhbətində eyni fikri səsləndirib:

“Əgər biz başqa cür hərəkət etməyə başlasaq, bu, yalnız problemlərin diplomatiya yolu ilə həlli üçün bütün digər imkanlar tükəndikdən sonra olar”.

“ABŞ bir barmaq çırtması ilə müharibəni qurtara bilməz”
Hələ də ümid etmək olarmı ki, diplomatiya (və diplomatların özləri) il yarım sürən müharibədən sonra belə onu dayandırmağa kömək edə bilərlər? BBC-nin əksər həmsöhbətləri hesab edirlər ki, indi bu çox kiçik ehtimaldır.

Hətta optimistlər etiraf edirlər ki, Rusiya, Ukrayna və Qərb ölkələri arasında ziddiyyətlər həddən çoxdur və hətta hər hansı pərdəarxası danışıqlar üçün heç bir zəmin yoxdur.

Adətən, diplomatların işinin 95 faizi pərdə arxasında baş verir, keçmiş diplomat Bondarev izah edir:

“Bunlar qeyri-rəsmi görüşlərdir, qəhvə içmək, məsələn”.

Onun sözlərinə görə, müharibədən sonra bütün bu cür təmaslar kəskin şəkildə azalıb – “danışmağa xüsusi bir şey yoxdur”.

Problem həm də bir-birinin ardınca diplomatların qovulması nəticəsində yaranıb.

RBK-nın hesablamasına görə, 2022-ci ilin yanvarından Rusiya 337, Qərb ölkələri isə 600-dən çox rusiyalını ölkədən çıxarıb.

Xarici həmkarları ilə qeyri-formal görüşləri, çox çətin də olsa, vaxtında bu cür əlaqələr əldə etməyə müvəffəq olanlar keçirə bilirlər, Bondarev izah edir:

“Əgər yeni diplomat gəlibsə və amerikalılarla nədənsə danışmaq lazımdır, bunu indi ümumiyyətlə reallaşdırmaq çox az mümkündür”.

RAND-ın təhlilçisi Sam Charap deyir ki, gec-tez danışmaq lazım gələcək.

O izah edir ki, danışıqların yeganə alternativi “tam qələbə”dir, yəni, bir tərəfin digərinin müqavimət qabiliyyətini tamamilə sındırdığı vəziyyət.

Charap-ın sözlərinə görə, indi nə Kiyev, nə də Moskva döyüş meydanında belə qələbə qazana bilməzlər. Hətta fərz etsək ki, Ukrayna və Rusiya böyük ərazilər geri qaytarmağa və ya işğal etməyə müvəffəq ola bilərlər, bu, özlüyündə müharibəni dayandıra bilməz: “Son nəticədə danışıqlar qalır”.
Washngton üçün uzun sürən müharibə NATO və Rusiya arasında birbaşa qarşıdurma riskini artırır – bu isə potensial olaraq nüvə silahından istifadə deməkdir.

Charap Amerika üçün üstünlük verdiyi nəticə kimi tərəflərin danışıqlar vasitəsilə bir növ siyasi razılaşmaya gəlməsini nəzərdən keçirir.

O əmindir ki, danışıqları məhz Moskva və Kiyev aparmalıdırlar: ABŞ iştirak edə bilsə də, yalnız zəmanət vermək səviyyəsində, lakin “bir barmaq çırtması ilə müharibəni dayandıra bilməz”.

Putin isə onun sözlərinə görə, dünya səhnəsində o qədər zəhərli oyunçuya çevrilib ki, nə kiminsə onunla danışıb-danışmayacağı, nə də onun özünün nizamlanmada iştirak etmək istəyib-istəməyəcəyi bəlli deyil. Charap etiraf edir ki, indi danışıqların mümkünlüyü cüzidir.

Rusiya Prezidenti üçün son vaxtlar hətta Rusiyanın müttəfiq hesab etdiyi dövlətlərlə - məsələn, MDB dövlətləri və ya Afrika ölkələri ilə münasibətdə problemlər yaranır.

Hətta rəsmi səviyyədə Ukrayna ilə bağlı neytral mövqe tutan Cənubi Afrika Respublikası, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin orderinə görə, Rusiya liderindən BRİKS-in avqust sammitinə gəlməməyi xahiş edib. Roma Statutunu ratifikasiya etmiş ölkələr Putini, onların ərazilərinə ayaq basan kimi, həbs etməli olacaqlar və Cənubi Afrika da bu dövlətlərdən biridir.

Rusiyanı, son nəicədə, sammitdə Lavrov təmsil edəcək.

Rusiya və Ukrayna yalnız bir dəfə - 2022-ci ilin yazında danışıqlar yolu ilə müharibəni dayandırmağa cəhd ediblər. Putini dialoqa şans verməyə XİN deyil, oliqarx Roman Abramoviç razılaşdırmağa cəhd edib, Financial Times yazıb.

O danışıqlarla nə baş verdiyi barədə BBC artıq dəfələrlə danışıb - onların mənfi nəticəsinə həm Rusiya ordusunun işğaldan sonra (məsələn, Buçada) törədə bildiyi hərbi cinayətlər, həm də Rusiya ordusunun imicinə vurulan təsirli zərbələr - məsələn, “Moskva” kreyserinin batırılması – təsir edib.

Ümumiyyətlə istər Moskvada, istər Kiyevdə ən azı ictimai bəyanatlarda, deyirlər ki, ölkələrin gələcəyi döyüş meydanında müəyyən ediləcək – yəni, tam qələbəyə ümid edirlər.

Ukrayna hakimiyyəti gileylənir ki, Rusiya, son illər tez-tez baş verdiyi kimi, yenə kompromislər əvəzinə ultimatumlar təklif edir – məsələn, tələb edir ki, Ukrayna işğal olunmuş ərazilərin ilhaqını tanısın.

Kiyevdə bu formatda “razılığa” hazırlaşmırlar, Qərb müttəfiqləri də onların bu qərarını dəstəkləyir.

Ukrayna Prezidentinin özü isə Putinlə hər hansı danışıqları qanunla payızda qadağan edib. Bu, Ukraynanın qismən işğal olunmuş dörd vilayətinin Rusiyaya formal ilhaqına cavab oldu.

Zelenski daha sonra bir neçə dəfə təkrarlayacaqdı ki, ona Rusiya lideri ilə “danışmaq maraqlı deyil”.

Putin buna cavab verəcəkdi: “İstəmirlərsə, lazım deyil”.

“Əgər çəkicsənsə, hər bir problem mıxdır”
İndi, 2023-cü ilin avqustunda Rusiyanın özünün diplomatik üsullara qayıtmağa qərar verəcəyi qətiyyən gözlənilmir.

Aleksandr Qabuyev əmindir ki, Kreml xarici siyasətdə üç alətə güvənib və güvənməkdədir: hərbi maşına, xüsusi xidmətlər maşınına və geoiqtisadi maşına (yəni, enerji ehtiyatlarının ticarətinə).

Ekspertin fikrincə, Putin ənənəvi diplomatiya deyil, məhz bu üsulları ən effektiv hesab edir - uzun müddət işə yaradığına görə.

“Budur, Krımı işğal etdilər, heç kəsi öldürmədilər, budur, Suriyaya soxuldular və sair. Hərbçilər deyiblər ki, məsələləri həll edə bilirlər. Odur ki, bu belədirsə, əgər çəkicsənsə, hər bir poblem mıxdır. Əgər hesab edirsən ki, ən effektiv silaha maliksən, ondan maksimal istifadə etməyə başlayırsan”, - Qabuyev izah edir.

Putin hələ də rabitə kanallarının faydasını anlayır, diplomatları isə fikir mübadiləsi üçün daha istifadə etmir, Ben Rhodes deyir.

“İndi bu köhnə məktəbdir, kəşfiyyatçılar kəşfiyyatçılarla, hərbçilər hərbçilərlə. Burada artıq problemləri həll edən diplomatlar deyil. Bu, bir-birinə məlumatlar ötürən saçları ağarmış adamlardır. Fikrimcə, bu, Putinin yaşamaq istədiyi dünyadır”, o əlavə edir.

Ukraynadakı müharibəni son aylar XİN və Dövlət Departamentinin rəhbərliyi deyil, Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı William Burns müzakirə edirlər. Güc strukturu nümayəndələri - dəyişən uğurla - əsirlərin mübadiləsi haqqında razılaşırlar.

Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukrayna ilə aparılan “taxıl sövdələşməsində” Rusiya Müdafiə Nazirliyi iştirak edirdi. O Ukrayna ilə əsir mübadiləsində də iştirak edir – və yenə Roman Abramoviç kimi fərdi şəxslərin vasitəçiliyi ilə.

Güman etmək olardı ki, Qərblə müvəffəqiyyətsizliyə uğramış rus diplomatları öz istedadlarını başqa istiqamətlərdə - Yaxın Şərq və Asiya, xüsusən də Çində - reallaşdırmağa tələsəcəklər.

Nə üçün belə olan şəraitdə diplomatlar XİN-dən getməyə çalışmırlar?

”Bu, yerlərində qədərindən artıq oturan adamların bədbəxtliyidir. 10-20 il oturanda, sənin bütün həyati vacib səriştələrinin həyati qabiliyyətləri itir. Sənin üçün başqa ömür yoxdur. Gözlərində isə dəhşət var", - BBC-nin vaxtilə Kremldə işləyən həmsöhbəti tək diplomatlar haqqında deyil, bütün Putin Rusiyasının məmurları haqqında deyir.

O, bir neçə ay bundan əvvəl Sergey Lavrovu gördüyü barədə danışır:

“Bığlı adam. Bir qədər tərs. Müharibə onun mühiti deyil, lakin nə etsin, hara getsin? O çoxdan yerində qədərindən artıq oturur. Pensiyadan başqa hara gedə bilər ki? Odur ki, oturub orada, kreslosunun keşiyində”.

“Bu insanlar kifayət qədər ağıllıdırlar, lakin bir şey etmək üçün cəsarətləri çatmır. Sadəcə uzun müddət bu vəzifələrdə işləyirlər. Onlar sağ qalmaq ustalarıdır. Putinizm dövrünün aparatçikləri”, - Ben Rhodes rus diplomatlarını xarakterizə edir.

Xarici İşlər Nazirliyini könüllü tərk edən azsaylı məmurlardan biri olmuş Boris Bondarev BBC-yə etiraf edir ki, özü də açıq-aşkar deqradasiya fonunda belə, uzun müddət diplomatik xidməti tərk etmək istəməyib.

“Mən demirəm ki, çox prinsipial insanam. Bizdə XİN-də adamlar var idi ki, 2014-cü ildə getdilər. Lavrovun sevimli tərcüməçisi var idi, guya o, az qala göz yaşları içində xahiş edirdi ki, qalsın, amma o, “yox, qala bilmərəm” deyib, - Bondarev söyləyir. - Ancaq müharibə olmasaydı, yəqin ki, mən də oturub dözərdim. İş elə bil ki, yaxşıdır. Oturursan, əziyyət çəkirsən, axşam çölə çıxırsan – orada isə Cenevrədir, gözəl şəhər. Bir növ kompensasiyadır. Və çoxları belə düşünür”.

“İşdən çıxmağım. Bu, bəlkə də bütün ömrümdə yeganə insani qərarımdır”, - öz ən böyük diplomatik uğuru haqqında sualın cavabında o deyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.