Bakını “böyük tıxac”a hazırlayırlar: - BNA və agentliyin “müdrik” susqunluğu...

21-08-2023, 17:00           
Bakını “böyük tıxac”a hazırlayırlar: -
Yay mövsümündə digər aylara nisbətən paytaxtda əhali sayında bir qədər azalma müşahidə edilir ki, bu da əsasən vətəndaşların, xüsusilə də tələbələrin bölgələrə üz tutması ilə bağlıdır.

Ancaq bu da bir faktdır ki, məktəblərdə, universitetlərdə tətil olması ilə bağlı şagird, tələbə sıxlığı nəzərə çarpmasa da, yenə də dayanacaqlarda avtobus, metro gözləyən insan seli müşahidə edilir. Yəni sıxlıq yaya rəğmən davam etməkdədir.

Qarşıdan isə yeni tədris ili gəlir. Tədris ilinin başlanmasına sayılı günlər qalıb.

Beləliklə, məzuniyyətlər, tətillər başa çatacaq, yenidən bölgələrə gedən sakinlər paytaxta geri qayıdacaq, şagirdlər, tələbələr dərsə gedəcəklər. Bu isə mövcud “dayanacaqlarda avtobus gözləmə”, “tıxaclarda saatlarla dayanma” problemini daha da artıracaq. Nəzərə alaq ki, şagirdlərin, tələbələrin dərsinin bitdiyi, iş saatının başa çatdığı vaxtda avtobuslara daha çox tələbatı yaranır və bu vaxt dayanacaqlarda demək olar, xaos yaşanır.

Ötən il paytaxtın nəqliyyat problemi ictimaiyyətin ciddi tənqidləri ilə nəticələndi. Bu zaman bəzi şirkətlər avtobus geçikmələri, tıxaclarla bağlı problemin həllini qiymətlərin artırılmasında gördülər. Məhz bunu nəzərə alaraq ictimai nəqliyyatda qiymətlərin artırılmasına qərar verildi. Lakin “qiymət həlli” bu sahədə heç bir dəyişikliyə gətirib çıxarmadı.

Daha sonra məhz bu istiqamətdə mövcud vəziyyətə əncam çəkmək üçün ötən il oktyabrın 3-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakıda tıxac problemi və onun həlli yollarına həsr olunan müşavirə keçirildi. Yenidən 28 iyul 2023-cü ildə tarixdə də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirildi, ölkədə, xüsusilə də Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verildi.

İclasda ölkədə yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, Bakı şəhərində tıxac probleminin həlli, ictimai nəqliyyata əlçatanlığın artırılması və ictimai nəqliyyatın idarəedilməsi sisteminin optimallaşdırılması, Bakı metropoliteninin inkişaf etdirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər müzakirə olundu.

Ancaq ötən müddətdə bu istiqamətdə elə bir ciddi irəliləyiş müşahidə edilmir.

Onu da xatırladaq əvvəllər bu istiqamətdə problemlərlə bağlı Bakı Nəqliyyat Agentliyi məsuliyyət daşısa da, sonradan adıçəkilən qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. Mövcud problemlərin nə vaxt həllini tapacağı ilə bağlı müvafiq quruma müraciət etdikdə hələ də BNA ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında təhvil-təslim prosesinin getdiyi deyilirdi. Nəhayət, bir müddət sonra isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verildi.

Ölkə başçısının Fərmanında Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkili öz əksini tapıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilib. Bakı inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Yuxarıda qeyd etdiyimiz kimi, artıq yeni tərdis ilinin başlanmasına 1 aydan da az vaxt qalıb. İctimai nəqliyyatla bağlı mövcud problemlərin, o cümlədən təhvil-təslim prosesinin başa çatması, sentyabrdan Bakıda xətlərə yeni avtobusların buraxılması istiqamətində hansı addımların atıldığı ilə bağlı müvafiq qurumun fikirlərini öyrənməyə çalışdıq.

BNA-dan bizə bu məsələlərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməyi tövsiyə etdilər. Dəfələrlə AYNA-ya müraciət etsək də, telefonların dəstəyini qaldıran olmadı.

Beləliklə, aidiyyəti qurumların Bakını növbəti “böyük tıxac”a salacağını düşünməkdən başqa çarəmiz qalmadı...
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.