Azərbaycanda dizel bahalaşır? - NƏ BAŞ VERİR?

22-08-2023, 11:34           
Azərbaycanda dizel bahalaşır? -
Dünya dizel yanacağı ehtiyatları tarixinin ən aşağı səviyyəsinə çatıb.

Bu barədə “Bloomberg” məlumat yayıb. Yanacağa tələbatın artmasına səbəb olan Şimal yarımkürəsində yaxınlaşan istilik mövsümüdür. Analitiklərin fikrincə, ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər. Təchizat tərəfində hər hansı bir pozulma və ya tələbin gözlənilməz artımı bu kritik enerji məhsulunun qiymətini sürətlə yüksəldə bilər.

Maraqlıdır, ölkəmizdə də dizelin qiyməti arta bilərmi?

Teref.az-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirib ki, dünyada dizel mühərrikli avtomobillərə maraq, tələbat get-gedə azalır:

"Yalnız o ölkələrdə maraq var ki, onların özünün dizel istehsalı var, ya da həmin ölkələrdə dizel bir qədər ucuzdur. Məsələn, Azərbaycanın dizel istehsalı var, zavod da tikilib, bu il istifadəyə verilməsi gözlənilirdi, amma deyəsən, SOCAR çatdıra bilmədi. Növbəti ildə yəqin ki, zavod hazır olacaq və daha keyfiyyətli dizel yanacağı satılacaq. Dünyanın bir çox ölkələri dizel mühərrikli avtomobillərin istehsalını qadağan edir.

Avropa ölkələri 2035-ci ildən sonra nəinki dizel, qazla, benzinlə işləyən avtomobillərdən imtina edəcək, elektrik avtomobillərinə keçəcək. Bir çox dünya ölkələri dizelin azalması, yanacaq probleminin yaşanması faktorlarını əvvəldən görüb. Çox da yaxşı haldır ki, bunu əvvəldən nizamlayıblar. İllərdir hibrid, elektrik mühərrikli avtomobillər istehsal etməklə vəziyyətdən çıxmağa çalışırlar. Dünyada gedən müharibələr dizel yanacağını, nefti bahalaşdıra, tələbatı artıra bilir. Rusiya-Ukrayna müharibəsi də bu məsələyə təsirsiz ötüşmür".

O bildirib ki, ölkəmizdə dizelin qiymətinin bahalaşdırılmasına ehtiyac yoxdur:

"Dünyada qiymət artımı olanda, nədənsə Azərbaycanda hamıdan qabaq baş verir. Nəzərə almırlar ki, hansı məhsulda bu olmalıdır. Məsələn, dizelin qiyməti niyə bahalaşmalıdır? Bir şey ki, öz təbii sərvətimizdir. Vətəndaşlara bunu normal qiymətə satmaq lazımdır.

Qiymət o halda bahalaşır ki, biz onu bahalaşan ölkələrdən alaq, o zaman bizə də təsiri olur. Necə ki Aİ-95 premium markalı benzini başqa ölkələrdən alırıq deyə dünya bazarında neftin qiyməti bahalaşan kimi bizdə də bahalaşma olur. Aİ-92 markalı yanacağı özümüz istehsal edirik, amma dünyada qiymət artan kimi bizimkilər də artırır. Dünyada ucuzlaşanda isə qətiyyən ucuzlaşdırmırlar, bizdə ucuzlaşma yoxdur. Bizdə qəribə bir bazar tənzimləməsi var".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.