Qazaxıstan dizellə işləyən avtobuslardan imtina edir - Azərbaycan?

23-08-2023, 11:22           
Qazaxıstan dizellə işləyən avtobuslardan imtina edir - Azərbaycan?
Elməddin Muradlı: “Elektrobuslarla bağlı təkliflər Nazirlər Kabinetinin divarlarını aşa bilmir...”

Qazaxıstanın Almatı şəhərində 2024-cü ildən etibarən dizellə işləyən avtobusların alınmasına qadağa qoyulacaq. Bu barədə məlumat verən şəhərin meri (akim) Yerbolat Dosayev bildirib ki, 2023-cü ildə yerli büdcə hesabına, 600 avtobus və 100 trolleybus olmaqla, 1430 ədəd ekoloji təmiz nəqliyyat vasitəsi gətiriləcək: “Özəl daşıyıcılar 730 avtobus, o cümlədən 30 elektrobus alacaqlar. Gələn ildən dizellə işləyən avtobusların alınmasına qadağa tətbiq edəcəyik”.

Akim bildirib ki, bu tədbirlər sayəsində 2025-ci ilə qədər şəhərin bütün ictimai nəqliyyatı ekoloji cəhətdən təmiz olacaq.

Qeyd edək ki, qlobal iqlim dəyişikliklərinin qarşısını almaq, atmosferə atılan zərərli qazların həcmini azaltmaq məqsədilə inkişaf etmiş ölkələrin hamısında ictimai nəqliyyatın təmiz enerjiyə keçidinə dövlət tərəfindən dəstək verilir. Ümumiyyətlə, ictimai nəqliyyat, xüsusilə avtobusla sərnişindaşıma dünyada dövlət tərəfindən subsidiyalaşdırılan əsas sahələrdən biridir. Bu baxımdan avtobus parkının yenilənməsi, daha təmiz yanacaqdan istifadə edən nəqliyyat vasitələrinə keçid prosesi də dövlət, bələdiyyə tərəfindən dəstək alan sahələrdən biridir. Artıq Avropa İttifaqı ərazisində benzinlə işləyən avtobuslardan istifadə tam dayandırılıb.

Avropa Avrtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına əsasən, 2022-ci ildə Avropa ictimai nəqliyyat parkında qeydiyyata alınan elektrobusların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq 4152 ədəd təşkil edib. Beləliklə, parkın 35 faizə qədəri elektrobuslardan ibarət olub. Bunun qarşılığında satışlarda dizellə işləyən avtobusların payı 2020-ci ildəki 72,9 faizdən 37,5 faizə düşüb. Bundan əlavə, 2022-ci ildə Avropanın ictimai nəqliyyat parkına 2018 hibrid, 3274 ədəd qazla işləyən, 99 ədəd hidrogenlə işləyən avtobus daxil edilib.

Avropanın ən böyük şəhərlərindən olan İspaniyanın paytaxtı Madrid şəhəri 2023-cü ilin əvvəlindən avtobus parkının bütünlüklə təmiz yanacaqla işləyən maşınlara keçidini təmin edir. Dizellə işləyən sonuncu avtobusun mühərriki nümayişkaranə şəkildə 2022-ci ilin dekabrında söndürülüb. Hazırda şəhərdə hərəkət edən avtobusların 1915 ədədi qazla, 180 ədədi elektriklə işləyir. 2025-ci ilədək elektrobusların avtobus parkındakı payı 25 faizə çatdırılacaq. Bu ilin sonunadək isə İspaniya paytaxtında 10 ədəd hidrogenlə işləyən avtobus hərəkət etməyə başlayacaq. Avropanın ən böyük iqtisadiyyatına malik Almaniyada 2022-ci ildə ölkənin avtobus parkında dizellə işləyən maşınların elektrobus, hidrogen və maye qazla işləyənlərlə əvəz olunmasına 600 milyon avro sərf edilib. Bu vəsaitin mühüm hissəsi dövlət və bələdiyyə orqanlarının dəstəyidir.

Təmiz enerjiyə keçid prosesinin öncüllərindən olan Norveç isə 2030-cu ilədək ölkənin avtobus parkından dizelli maşınları tamamilə çıxarmağı hədəfləyir, bunun üçün özəl şirkətlərə ciddi vergi güzəştləri, subsidiyalar təklif olunur. Avropa İttifaqında hazırda dizeldənkənar yanacaqla işləyən yük avtomobillərinin istehsalı üzərində işləyirlər. Bu istiqamətdə həm də biokütlə qarışımı olan təmiz dizeldən istifadəyə də önəm verilir.

Azərbaycanda ictimai nəqliyyat parkı, xüsusilə də avtobus parkı acınacaqlı vəziyyətdədir. 2022-ci ildə Azərbaycanda 31212 ədəd avtobus olub. Onun 19138 ədədi dizel (2021-ci ildə 18109 ədəd), 11851 ədədi benzin (12505 ədəd), 216 ədədi qaz (201), 7 ədədi elektriklə işləyəndir. Avtobus parkının 19617 ədədinin yaşı 20 ildən yuxarı, 7916 ədədinin yaşı 10-20 il, 1970 ədədinin yaşı 5-10 il, 1709 ədədini isə yaşı 5 ilədəkdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycanın avtobus parkında 31 212 ədəd maşın olub. Onun 19138 ədədi dizel (2021-ci ildə 18109 ədəd), 11 851 ədədi benzin (12505 ədəd), 216 ədədi qaz (201), 7 ədədi elektriklə işləyib. Avtobus parkının 19 617 ədədinin yaşı 20 ildən yuxarı, 7 916 ədədinin yaşı 10-20 il, 1970 ədədinin yaşı 5-10 il, cəmi 1709 ədədinin isə yaşı 5 ilədəkdir.

Son illərdə Azərbaycana dizellə işləyən avtobusların idxalının qadağan olunacağına dair çoxsaylı məlumatlar yayılır. Bu məlumatlarda Nazirlər Kabinetinin 2019-cu ilin 4 martında qəbul etdiyi 73 saylı “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında qərarına istinad olunur. Qərarla təsdiqlənən tələbələrə əsasən, ictimai nəqliyyatdan sərnişindaşıma ilə məşğul olacaq avtobuslar aşağıda göstərilənlərlə təchiz edilməlidir:

-salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi;

- əlilliyi olan şəxslər üçün təkərli oturacaqların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm;

-nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu);

- maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu;

-bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar;

-avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu;

- sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu;

-sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı;

- qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı;

- sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə və sair.

Tələblərin 2.1.14-cü bəndinə əsasən, avtobuslar “müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir”.

Məhz bu bəndə əsaslanmaqla Bakı Nəqliyyat Agentliyi dəfələrlə Azərbaycana dizel yanacaqlı avtobusların idxalının dayandırılacağını bəyan edib. Lakin rəsmi statistikadan aydın olur ki, ölkədə dizellə işləyən avtobusların sayı nəinki azalmayıb, əksinə, artıb: 2021-ci ildə 18109 ədəd olan belə avtobuslar 2022-ci ildə min ədəd artmaqla 19 138 ədədə çatıb.

Nə qədər qəribə də olsa, BNA-nın özünün Bakı şəhəri üçün gətirdiyi qazla işləyən avtobuslarla bağlı qaranlıq məqamlar aşkarlanıb. Hesablama Palatasının 2021-ci ilə dair hesabatında dövlət büdcəsinin investisiya xərcləri hesabına BNA tərəfindən ümumilikdə 165 milyon 836,9 min manata 415 ədəd sərnişin avtobusunun alınması əməliyyatlarının başa çatması və həmin avtobuslardan ilkin dəyəri 159 milyon 211,1 min manat olan 394 ədədin qanunvericiliyə uyğun razılaşdırılmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi üçün tələblərin tam həyata keçirilmədiyi bildirilib.

Palata Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci il üzrə təsərrüfat fəaliyyətini audit edib. Agentlik bildirib ki, 2021-ci ilin fevral ayında başlayan audit yoxlaması zamanı ortaya çıxan məqamlar Palatanın tövsiyələri nəzərə alınmaqla həll edilib: “Yoxlama başlayana qədər dövlət büdcəsinin investisiya xərcləri hesabına alınması planlaşdırılan 415 avtobusdan 395-i Bakıya idxal olunub. 20 avtobusun idxalı isə 2021-ci ildə təmin edilib. Avtobusların paytaxta çatdırılması müqavilədə əksini tapan və istehsal prosesi nəzərə alınmaqla hazırlanan cədvələ uyğun olaraq icra edilib. Pandemiya, eləcə də digər mövcud reallıqdan irəli gələn təsirlərə baxmayaraq, avtobusların çatdırılması ləngimədən həyata keçirilib. 415 avtobusun idxalı tam yekunlaşdıqdan sonra nizamnamə kapitalının artırılması üçün müraciət olunub”.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlının “Yeni Müsavat”a dediyinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi tələblərə əməl olunması mümkün deyil: “Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı ilə 2022-ci ildən Azərbaycana dizel mühərrikli avtobusların gətirilməsi qadağan olunmalı idi. Lakin avtobus parkını yoxladılar, analizlər aparıldı, məlum oldu ki, belə qadağa ölkədə sərnişindaşımanı iflic edə bilər. Çünki parkın çox böyük hissəsi dizel mühərriki ilə işləyən köhnə maşınlardan ibarətdir. Bu parkın elektrik və qazla işləyən avtobuslarla yenilənməsi çox böyük sərmayə, vəsait qoyuluşu tələb edir. Daşıyıcı şirkətlərin hazırda bunu etmək imkanı yoxdur. Pandemiyada böyük maddi zərərlə üzləşdilər, sonra dizel və benzinin qiyməti qaldırıldı, az qala iki ildən sonra 10 qəpik subsidiya təyin olundu. Az keçmədi ki, gediş haqqını 10 qəpik qaldırıb, o subsidiyanı da dayandırdılar. Bütün bunlar daşıyıcı şirkətlərin maliyyə vəziyyətini kəskin pisləşdirib. Bu gün parametrləri dizellə işləyən və dəyəri 100 min manat olan avtobusla eyni olan qazla işləyən avtobus 300 min manata, elektriklə işləyəni 800 min- 1 milyon manat arasındadır. Üstəlik, elektriklə işləyən avtobuslar alırsansa, onların enerjitoplama məntəqələrini də qurmalısan ki, bu da böyük məbləğ tələb edir”.

Ekspertin fikrincə, Azərbaycanda avtobus parkını qaz və elektrik mühərrikli maşınlarla yeniləmək üçün mütləq dövlətin dəstəyi olmalıdır: “Dövlət müəyyən mexanizmlərlə daşıyıcı şirkətlərə dəstək verməlidir. Başqa cür mümkün deyil. Dünya bütün sahələrdə təmiz enerjiyə keçid edir və bu proses mütləq şəkildə dövlət dəstəyi əsasında həyata keçirilir. Azərbaycanda isə avtobus parkının elektrikli avtobuslarla yenilənməsinə dair təkliflər Nazirlər Kabinetinin divarları arasında qalıb. Çünki keçmiş nəqliyyat nazirinin müavini Musa Pənahov bunu zəruri hesab etmir. Bu gün Orta Asiya ölkələri də dövlətin dəstəyi ilə elektrobuslara keçidə başlayıblar, Azərbaycanda bu istiqamətdə təşəbbüslər köhnə fikirli məmurlar tərəfindən boğulur...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.