Xankəndidən çıxan bütün yollar BAKIYA GƏTİRMƏLİDİR...

24-08-2023, 12:14           
Xankəndidən çıxan bütün yollar BAKIYA GƏTİRMƏLİDİR...
Qarabağ separatçılarının başçısı Araik Arutyunyan qondarma Təhlükəsizlik Şurasının avqustun 22-də keçirilmiş iclasında Ağdam-Xankəndi yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini açıqlayıb.

Bu barədə “Hraparak” nəşri məlumat yayıb. Ermənistan mətbuatı yazır ki, A.Arutyunyan bu qərarla bağlı ətraflı məlumat verməsə də, əlavə edib ki, həmin yoldan ticarət qismən olacaq. Onun sözlərinə görə, buradan tikinti materialları, dizel yanacağı, dərmanlar və ərzaq məhsulları Rusiya sülhməramlıları vasitəsilə Xankəndinə gətiriləcək. Arutyunyan Azərbaycandan alınacaq qaz və elektrik enerjisi məsələsinin növbəti mərhələdə müzakirə edilməsinin nəzərdə tutulduğunu da qeyd edib.

O söyləyib ki, Azərbaycan bəzi məsələlərdə onlara güzəştə gedir və bunun müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismara verilməsini tələb edir. Separatçı qurum “rəsmiləri” sadalanan məsələləri təşkil etmək üçün yaxın vaxtlarda yenidən görüşməyi qərara alıblar.

Xatırladaq ki, iyul ayında Brüsseldə Avropa Şurasının sədri Şarl Mişel Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağa humanitar dəhliz verməsi təklifini alqışlamışdı. Bu məsələ BMT Təhlükəsizlik Şurasının bir neçə gün öncə keçirilən iclasında da müzakirə edilib. Araik Arutyunyanın mətbuat katibi Lusine Avanesyan Ağdam-Xankəndi yolunun açılacağı ilə bağlı xəbəri təkzib etsə də, belə bir qərarın olacağını da istisna etməyib.

O, avqustun 22-23-də Araik Arutyunyanın keçirdiyi qapalı iclaslarda Qarabağdakı vəziyyətin və yaranmış problemlərin həlli üçün vasitəçilik təkliflərinin müzakirə olunduğunu deyib. Avanesyan əlavə edib ki, hər hansı qərar verilməsə də, müzakirələr davam edir. Araik Arutyunyan yaxın vaxtlarda vəziyyət və buna dair yanaşmaları barədə məlumat yayacaq.

TEREF.AZ-ın məlumatına görə, politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Ağdam-Xankəndi yolunun açılması ilə bağlı proseslərə bir sıra daxili və xarici amillər təsir göstərir. Yəni həm Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında, həm Ermənistanda baş verən siyasi hadisələr və digər dövlətlərin mövqeyi bu təklifin həyata keçirilməsinə mane olur.

“Bu prosesin indiyə qədər ləngiməsinin səbəbi separatçıların xaricdən dəstək alması ilə bağlıdır. Əgər bu dəstək olmasaydı, Ağdam-Xankəndi yolu çoxdan açılmışdı. Onlara yalnız Rusiya deyil, Qərb də böyük dəstək verir. Bu olmasaydı, Ermənistan hakimiyyəti separatçılara çoxdan deyərdi ki, başqa yolunuz yoxdur, yolu açmalısınız. Amma bunu demir. Çünki qondarma rejim Qərbdən dəstək alır və nəticə göz önündədir”.

İlqar Vəlizadənin sözlərinə görə, Qarabağdakı humanitar vəziyyətin BMT Təhlükəsilik Şurasında müzakirə olunmasından sonra Ermənistan və separatçı rejim beynəlxalq dəstəyi itirmək üzrədir. Ona görə də kommunikasiyaların açılması zərurətə çevrilib:

“Son günlər Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ermənilərə dəstək xeyli məhdudlaşdırılıb. Ona görə yolu açmağa məcburdurlar. İşin mahiyyətinə nəzərə salsaq görərik ki, əgər Azərbaycan “Laçın” sərhəd-buraxılış məntəqəsini qurmasaydı, Laçın-Xankəndi yolu ilə hərəkəti məhdudlaşdırmasaydı, bölgədə nəzarəti gücləndirməsəydi, Ağdam-Xankəndi yolunun açılması perspektivi olmazdı. Azərbaycan bu siyasətə əl atmasaydı, vəziyyət işğal dövründə olduğu kimi qalacaqdı və Qarabağda yaşayan ermənilərlə dialoq da mümkün ola bilməzdi.

Ağdam-Xankəndi yolunun açılması ilə bağlı söhbətlər ona görə aktuallaşıb ki, onların çıxış yolu qalmayıb. Yəni elə bir vəziyyət yaratmaq lazımdır ki, onların çıxış yolu qalmasın və Azərbaycanın təklifi ilə razılaşsınlar. Amma ermənilərə beynəlxalq təzyiq göstərilmir. Yalnız Azərbaycan separatçılara təzyiq edir. O zaman sual olunur ki, beynəlxalq vasitəçilər nəyə lazımdır? Onlar erməniləri niyə başa salmaq istəmirlər? Ağdam-Xankəndi yolu ilə kifayətlənmək olmaz. Tərtər-Kəlbəcər yolu və digər kommunikasiyalar da açılmalıdır. Azərbaycanın bir hissəsindən digərinə nəyə görə gediş-gəliş olmamalıdır? Müharibə 3 ilə yaxındır bitib, amma ermənilər kommunikasiyaları blokadada saxlamaqda davam edir. Sovet dövründə Tərtərdən Kəlbəcərə getmək üçün Tərtər-Sərsəng-Kəlbəcər marşrutundan istifadə edilirdi.

Bundan başqa, Tərtərdən Ağdərə vasitəsilə Şuşaya yol gedirdi. Ümumiyyətlə, bir yol deyil, bütün kommunikasiyalar açılmalıdır. Bu yolların bağlı olması vəziyyəti konservasiyasına gətirib çıxarıb. Münaqişə də elə yolların bağlanması ilə başladı. “Koltso” əməliyyatından sonra Azərbaycanla Qarabağı birləşdirən yollar kəsildi. Bu da Ermənistana və separatçı rejimə öz mövqelərini möhkəmlətmək üçün əlavə imkanlar yaratdı. İndi isə əks proses getməli və yollar açılmalı, insanlar gedib-gəlməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.