Rusiyada hakimiyətdə olan "Peterburq klanı" və onların KQB ətrafı - Putinin tayfa hakimiyyəti

24-08-2023, 16:11           
Rusiyada hakimiyətdə olan "Peterburq klanı" və onların KQB ətrafı - Putinin tayfa hakimiyyəti
23 ildən çoxdur ki, Rusiyaya rəhbərlik edən Vladimir Putin bu illər ərzində öz ətrafına ən çox güvəndiyi şəxsləri yığıb. Nə təsadüfdürsə, bu şəxslərin hamısı da keçmiş KQB işçisi olan Putinin ya gənclik dostlarıb, ya da hakimiyyəti dövründə ona sadiqlik andı içən kəslərdir.

Maraqlıdır ki, hazırda Rusiya siyasi elitasının əsas nüvəsini təşkil edən bu adamların çoxu elə Putinin həmyerliləridir. Rusiya hərbi-siyasi rəhbərliyində 23 ildir söz yiyəsi olan bu qruplaşma müxalif rus mediası tərəfindən zaman-zaman “Peterburq klanı” olaraq təqdim edilib.

Yenisabah.az Rusiya siyasi elitasının Sankt-Peterburqdan olan üzvlərini təqdim edir.

Siyahıda ilk yerdə Putinin ən yaxın dostu olan, lakin ona qarşı etdiyi “xəyanət”ə görə “qələmi” qırılan Yevgeni Priqojin dayanır.

62 yaşlı Priqojin 1961-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub və 80-ci illərdə həbsxana həyatı yaşayıb. Həbsdən sonra o, doğma şəhərində “hotdoq” satmağa başlayıb. Tezliklə supermarketlər şəbəkəsində pay sahibi olan Priqojin sonradan öz restoran şəbəkəsini və şirkətini yaradıb.

Onun restoranı məşhur yeməkləri ilə şöhrət qazanıb və həmin vaxt Sankt-Peterburq şəhər rəhbərinin müavini olan Vladimir Putin də daxil olmaqla bir çox yüksək vəzifəli şəxsləri qonaq edib.

Tezliklə Priqojinin “Konkord” şirkətlər qrupu dövlət tenderlərində iştirak edib, bir çox müqavilələr imzalayıb və fəaliyyətini daha böyük səviyyəyə qaldırıb. Kremllə imzalanan ketrinq (yemək xidməti - red.) müqavilələrinə görə uzun illər “Putinin aşpazı” ləqəbi ilə tanınıb. “Business Peterburg” nəşri 2019-cu ildə “Milyarderlərin reytinqi”ndə Yevgeni Priqojinin sərvətini 14,6 milyard rubl qiymətləndirib.

Onun Putinlə nə qədər yaxın olduğu məlum deyil, lakin onlar bir-birlərini yaxından tanıyırlar və hər iki şəxs Sankt-Peterburqda doğulub və böyüyüb.

Siyahıda ikinci yerdə Rusiyanın sabiq dövlət başçısı, hazırda isə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev dayanır. Putinin ən sadiq silahdaşlarından olan Medvedyev də 1965-ci ildə Sankt-Peterburq şəhərində ziyalı ailəsində anadan olub.

Dmitri Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə isə həmin universitetin aspiranturasını bitirib.

Dmitri Medvedyev 1990-cı ildən 1999-cu ilə qədər Sankt-Peterburq Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərib. Digər tərəfdən, Sankt-Peterburq Şəhər Sovetinin sədri Anatoli Sobçakın müavini, Sankt-Peterburq meriyasının xarici əlaqələr komissiyasının sədri Vladimir Putinin rəhbərlik etdiyi komissiyanın eksperti olub.

Uzun illər Putinin yanında hakim orqanlarda çalışan Medvedyev 2008-ci ilin mart ayında keçirilən prezident seçkilərində Rusiya Federasiyasının növbəti, üçüncü Prezidenti seçilir və 2012-ci ilə qədər bu postda qalır. Onun prezidentliyi dövründə 5 günlük Rusiya-Gürcüstan müharibəsi başlayıb.

Siyahıda üçüncü yerdə keçmiş FSB direktoru, hazırda isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev dayanır. “Peterburq klanı”nın stajlı üzvlərindən biri olan Patruşev 1951-ci ildə SSRİ hərbi dəniz donanması zabitinin ailəsində anadan olub. Patruşev Leninqrad Gəmiqayırma İnstitutunu bitirdikdən sonra həmin institutun gəmi layihələndirilməsi şöbəsində işləməyə başlayıb. Təxminən bir il sonra o, SSRİ kəşfiyyat xidməti KQB-yə qoşulub.

O, Minskdəki KQB Məktəbində, daha sonra isə Moskvada KQB Ali Məktəbində (indiki FSB Akademiyası) kəşfiyyat və təhlükəsizlik üzrə təhsil alıb. Leninqradda DTK zabiti kimi işləməyə başlayan Patruşev peşəsində irəliləyərək DTK-nın qaçaqmalçılıq və korrupsiya ilə mübarizə üzrə regional zabiti kimi də fəaliyyət göstərib.

Siyahıda dördüncü yerdə Rusiya Xarici Kəşfiyyatının (SVR) rəisi Sergey Narışkın dayanır. 1954-cü ildə Sankt-Peterburqda anadan Narışkin Leninqrad Mexanika İnstitutunu və Sankt-Peterburq Beynəlxalq İdarəetmə İnstitutunu bitirib. Sonralar o, Leninqrad Politexnik İnstitutunda rektor müavini vəzifəsində çalışıb. KQB üzvü olan Narışkin uzun illər bu sahədə fəaliyyət göstərdikdən sonra Putinin iqtidarı dövründə hakimiyyət orqanlarında müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən bəri SVR rəisi olan Narışkin də “Peterburq klanı”nın ən önəmli üzvlərindən biridir.

Rafi MÜSLÜMOV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.