Jurnalistin xəstəxanaları gəzdirilən atası vəfat etdi: -

24-08-2023, 17:58           
Jurnalistin xəstəxanaları gəzdirilən atası vəfat etdi: -
Jurnalist Sevinc Vaqifqızı atasının ölümündə xəstəxanaları və həkimləri günahlandırıb.

O iddia edir ki, Şəkidə halı pisləşən, şəkəri artan atasını rayon xəstəxanasına aparmaq istəyiblər, təcili tibbi yardımdan onlarda şəkər aparatı olmadıqlarını bildiriblər. Xəstə yaxınları xəstəni taksi ilə xəstəxanaya aparıblar. Xəstəxanada ürəyi yoxladıqdan sonra ürəyin sağlam olduğu deyilib və sonrakı yoxlamada məlum olub ki, əslində, infarkt keciribmiş:

"Atamı orada saxlaya bilməzdik, Bakıya aparmağa qərar verdik. Şəkidəki xəstəxanadan dedilər ki, bizim təcili yardım maşınlarında olan oksigen aparatı 1-2 saatlıqdır, uzun yol üçün nəzərdə tutulmayıb. Məcbur qalıb ən yaxında olan Mingəçevirdən təcili yardım maşını çağırdıq. Atamı Baku Medical Plazanın Babək filialına gətirib çıxardıq".

Jurnalist atasının13 gün adıçəkilən xəstəxanada yatılı müalicə aldığını qeyd edib:

"Ciyərinə yığılan suyun ürəyindən qaynaqlandığını dedilər. Mərkəzi Klinikada tanıdığımız kardioloqun müayinəsinə apardıq. İlk dəfə burada icbari sığorta xidmətindən istifadə edə bildik. Məsləhət gördülər ki, atam Yeni Klinikada 4-5 gün yatılı müalicə alsın və daha sonra MRT edilsin.

Yeni Klinikaya gedəndə anamgilə deyiblər ki, reanimasiyada yer yoxdur. Çətinliklə nəfəs alan atama da qol çəkdiriblər ki, öz xoşu ilə orada müalicə almaqdan imtina edir. Mərkəzi Klinikada çalışan həkimi məsləhət gördü ki, onun tanıdığı həkim 5 nömrəli xəstəxanada (Nərimanov Tibb Mərkəzi-red.) çalışır və atamı ona etibar edə bilərik. Yeni Klinika atamı yerləşdirməkdən imtina etdi deyə evə gətirdik".

Jurnalist atasını 5 saylı xəstəxanaya çatdırmaq üçün təcili tibbi yardımın gecikdiyini və maşında havalandırma sisteminin olmadığını qeyd edib:

"Qan-tər içində 5 nömrəli xəstəxanaya çatdıq. Elə ayağımızı liftə atan kimi məlum oldu ki, lifti hərəkətə gətirmək üçün açarlar ancaq həkimlərdədir və yuxarı qalxmaq üçün onlara 1 manat vermək lazımdır. Atamı reanimasiyaya yerləşdirdik və öz həkimlərinin yazdığı reseptləri, dərmanları da onlara verdik ki, bu dərmanları vaxtlı- vaxtında ona versinlər. Növbəti gün anam atamı görməyə gedəndə görüb ki, əyni-başı su içində, kondinsioneri söndürüblər və 44 dərəcə istidə bir neçə nəfərlik otaqda nəfəs darlığı yaşayır. Həmin gün üçün təyin olunan dərmanlarını da verməyiblər.

Atamı xəstəxanadan çıxarmaq istəyəndə qarşıma bir sənəd qoydular. Öz xoşumla xəstəni xəstəxanadan çıxardığımı yazdım. Şikayətim nədəndir hissəsinə "Həkimlərdən şikayətim var" qeydini qoydum. Həkim etiraz etdi ki, əgər bu şikayəti dəyişməsəm, xəstəni xəstəxanadan çıxara bilmərəm.

Mən də dedim ki, dünən həkim bacımdan rüşvət istəyib, nəfəs darlığı yaşayan, ikitərəfli pnevmaniyası olan adamın əyni su içində, paltarı dəyişdirilməyib, dərmanları verilməyib, həkimlərdən niyə razı qalmalıyam? İsrar etdi ki, "Şəraitdən narazıyam, həkimlərdən yox" yazım, yoxsa xəstəni oradan çıxara bilmərəm. Mən də dedim ki, xəstəni çıxarıram, kimin hünəri varsa, qarşıma çıxıb desin ki, çıxara bilməzsən.

Atamı xəstəxanadan çıxardım və Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirdik. 17 günlük mücadiləsindən sonra atamın ürəyi dayandı. Amma 5 nömrəli xəstəxananın həkimləri hələ də tanıdığımız bir həkim vasitəsilə bizə söz göndərirlər ki, ona deyin, gəlsin şikayətini geri götürsün. 5 nömrəli xəstəxanada anamdan 20 manat istəyən həkimə o, 50 manat vermişdi".

Məsələ ilə bağlı TƏBİB-dən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən faktlarla bağlı araşdırma aparılır:

"Jurnalist Sevinc Vaqifqızının atasının vəfatından kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına başsağlığı veririk. Jurnalistin atasının ölümü ilə bağlı qeyd etdiyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin adı keçdiyi məqamlar rəhbərliyin nəzarəti ilə tərəfimizdən araşdırılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək".

Günay Şahmar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.