Putin yolunu kəsən hər kəsi öldürəcək - “Wall Street Journal”

26-08-2023, 00:03           
Putin yolunu kəsən hər kəsi öldürəcək -
ABŞ-ın “Wall Street Journal” qəzeti rusiyalı iş adamı, “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin həlak olmasından yazıb.

Novator.az-ın məlumatına görə, “Putin, Priqojin və Qərbin xülyası” başlıqlı redaksiya məqaləsində qeyd olunur ki, neçə ildir Rusiya prezidenti Vladimir Putinin rəqiblərinin meyiti ələ gəlir: “Muzdlu dəstənin başçısı Yevgeni Priqojinlə də belə oldu. Rəsmi xəbərə əsasən, o, Moskva yaxınlığında təyyarə qəzasına uğrayıb. Sovet dövrünün dili ilə desək, təsadüfi deyil, yoldaşlar!”

Məqalədə sosial şəbəkələrdə Priqojinin təyyarəsinin raketlə vurulduğu haqda fikirlərin dolaşdığı xatırladılır və ABŞ prezidenti Cozef Baydenin hadisəyə ilk reaksiyası diqqətə çatdırılır: “Bayden jurnalistlərə deyib ki, nə baş verdiyini hələ dəqiq bilmir, amma təəccüblənmir də: “Rusiyada arxasında Putinin dayanmadığı çox az hadisə baş verir”.

“Wall Street Journal” yazır ki, əslində qiyam cəhdindən sonra Priqojinin taleyinin necə olacağı bəlli idi: “Yevgeni Priqojinin ölümü başqa potensial qiyamçılara xəbərdarlıqdır. Çox güman, rusiyalılar da hadisəni məhz bu cür qəbul edəcəklər.

Priqojinin sonu Rusiyada idarəçilik üsulunun nə qədər amansız olduğuna növbəti əyani sübutdur. Qərbdə, o cümlədən ABŞ-da çox siyasətçiyə elə gəlir ki, Putini utandırmaq, yaxud onu böyük rus imperiyası yaratmaq niyyətindən geri çəkilməyə inandırmaq mümkündür. Xeyr, bunu yalnız Putini hərəkətə gətirən ideologiyanı, onun mayasında duran qəddarlığı anlamayanlar düşünə bilər.

Putin onun yolunu kəsən hər kəsi öldürəcək, istər Rusiyada olsun, istərsə də xaricdə – Ukraynada, Polşada, yaxud başqa ölkədə. Yetər ki, öldürmək ona əl versin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.