BÖYÜK PULLARDAN BAŞ GİCƏLLƏNMƏSİ... - Rusiya siyasi elitasını acınacaqlı duruma salan nədir?

26-08-2023, 08:38           
BÖYÜK PULLARDAN BAŞ GİCƏLLƏNMƏSİ... -
Kreml elitaları arasında iyun ayında əldə edilən razılaşma pozulub

Tamamilə aydın məsələdir ki, “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin və onun “sağ əli” sayılan Dmitri Utkinin təyyarəsinin partladılması Rusiyadakı sistemin daxili mahiyyətindən qaynaqlanır və onun bariz təzahürüdür. Əslində, Priqojinin ətrafında yaşanan hadisələr Rusiya üçün rüsvayçılıq hesab olunmalıdır. Amma bəlkə də yox. Çünki Rusiya üçün bu cür hadisələr adət halını alıb və çoxları artıq buna təəccüb belə etmir...

İndi bəzi analitiklər deyirlər ki, bu, ya Putinin qisas əməliyyatıdır, ya da ki, təyyarə qəzası elə onun özünün əleyhinə hazırlanmış insidentdir. Hətta, ortalıqda Priqojinin fiziki cəhətdən məhv edilmədiyi, onun yalnız ”siyasi səhnədən silinməsi” versiyası da dolaşır.

Əlbəttə, hər üç versiya keçərlidir, lakin Putinin hakimiyyəti dönəmində - 2002-ci ildə general Aleksandr Lebedin vertolyot, general Gennadi Troşevin isə 2008-ci ildə təyyarə qəzası zamanı həlak olmaları bir çox mətləblərə işıq salır.

Əgər Rusiya tarixinə nəzər salsaq, hələ İvan Qroznıdan bu günə kimi hökmdara qarşı çıxan silahlı müxalifətin aqibətinin oxşar sonluqla bitdiyinə şahidlik edərik. Rusiya tarixindən ibrət götürməyən Priqojin paytaxta yürüşünü yarımçıq saxlayan zaman görəsən nə düşünürmüş?

Böyük intriqalar, çoxsaylı sui-qəsdlər və qanlı saray çəkişmələri tarixinə şahidlik edən Rusiyanın ən ziddiyyətli dönəmlərindən birində peyda olan Yevgeni Priqojin öz kriminal zəkası ilə mürəkkəb oyuna girişmişdi. O, anlamalıydı ki, Rusiyadakı elitalar arasındakı mübarizədə alət kimi istifadə olunur. Necə ki, vaxtilə Yemelyan Puqaçov və Stepan Razin də hökmdarların əlində oyuncaq olduqlarını dərk etməmişdilər.

Əgər “Vaqner” rəhbəri normal düşüncə yiyəsi olsaydı, Ukraynada gedən müharibədə 25 min nəfərdən artıq döyüşçü itirəndə özünə sual verərdi ki, biz burada nə axtarırıq? Niyə Putinin xəyalında qurduğu və rus xalqının anlaya bilmədiyi müharibəyə qoşulmuşuq ? Bəli, şöhrət və pul uğrunda mübarizə aparan birisi belə şeyləri dərk edə bilməzdi, elə Putinə də məhz tamahkar və axmaq insanlar lazımdır...

Priqojin Rostovdan Moskvaya qədər yürüş edəndə ilk anlarda əksəriyyət fikirləşdi ki, bu adam vətəndaş müharibəsinə getsə belə, geri çəkilməyəcək. Ancaq çox böyük ehtimalla Rusiya hakimiyyətinin yuxarı eşalonundakı ziddiyyətlər müvəqqəti aradan qaldırılan kimi, Priqojini geri çəkdilər. Əks təqdirdə Priqojin dayanmayacaqdı.

Zaman göstərdi ki, Priqojin Moskvaya 200 kilometr qalmış geriyə dönməklə həyatının ən böyük səhvini etdi. Fürsəti düzgün dəyərləndirmək əvəzinə hansısa məchul danışıqlara gedərək, bitirə biləcəyi və tarix yazacağı işi durdurdu. Daha doğrusu, onu qabağa verən“Kreml qüllələri”ndən biri Putinlə ümumi razılığa gəldi. Bəs görəsən, Putin hansı tələbləri yerinə yetirməyə söz veribmiş?

Nə vəd etməsindəm asılı olmayaraq, bu hadisə bir daha göstərdi ki, Putin vədlərinə əməl etmir...

Sözsüz ki, Priqojini Putin yetişdirib ortalığa çıxarmışdı. Bu kriminal ünsürün böyük pullarla təmin edilməsində də Putinin “müstəsna xidməti” olub. Özü də gözləmədiyi halda böyük pullara və hərbi gücə sahiblənən Priqojinin iştahası böyümüşdü. Onun Moskvaya yürüşü Putini bərk qorxutmuşdu. Digər tərəfdən, öz ağasına qarşı çıxan Priqojin artıq tam etibarsızlaşmışdı. Qiyam vaxtı Putin televiziya müraciətində Priqojinin adını çəkməsə də, demişdi ki, bu, arxadan vurulan zərbədir, satqınlıqdır. Yəni, bildirdi ki, Priqojin mənə xəyanət edib...

Putinin “Vaqner” hərbi qrupunu yaratması, Kremlin Afrika qitəsindəki macəraları və ən nəhayətdə, Rusiyanın Ukraynaya soxulması bir çox həqiqətlərin üstünü açdı. Proseslərə daha geniş yanaşsaq, görərik ki, dövlətlər də özünü fərdlər kimi aprır və əlverişli məqam yarananda onların əsl mahiyyəti üzə çıxır, metamarfoza başlayır. Bəzi adamlar pulsuz günlər keçirəndə fağır olur, ətrafla sakit davranır, lakin dövran dəyişəndə və belələrinin əlinə yaxşı maliyyə düşəndə bütün cizgiləri aşırlar. Bəzi dövlətlər də özlərini məhz bu cür aparır.

Putin Yeltsindən hakimiyyəti təhvil alanda neftin bir barrelinin dünya bazarındakı qiyməti 10-12 dollar idi. Hakimiyyətinin ilk illərində Vladimir Putin və onun ətrafı sakit davranır, əndazəni aşmaqdan çəkinirdilər. ”Kursk” sualtı qayığı batanda Qərb dövlətlərinə yalvarırdılar ki, bizə kömək edin.Televiziya kanalları Rusiyanın Avropanın bir parçası olmasından danışır, Qərb dünyasına minnətdarlıq bildirir, onlara həsədlə baxırdılar.

Ancaq bir müddətdən sonra neft və qazın qiyməti “astronomik sürətlə” yüksəlidi və 2008-ci ilin iyul ayında bir barrelin qiyməti 146 dollara qalxdı. 2008-ci ildəkı dünya maliyyə böhranında enerji daşıyıcılarının qiyməti bir neçə aylığına düşsə də, 2010-2015-ci illərdə bir bir barrelin dəyəri 100 dollardan aşağı enmədi. Xülasə, Rusiya möhtəşəm pullara qovuşdu və nəticədə kliptokratların beynində hormonal pozuntu yarandı və təhtəlşüurdakı bütün ziyanlı xüsusiyyətlərin hamısı dışarıya püskürməyə başladı, əndazə aşıldı, illərdir yatmış aqressiya üzə çıxdı.

Rusiyanın başı gicəlləndi və yenidən imperiya olmaq planını qarşısına strateji məqsəd kimi qoydu. Necə deyərlər, artıq cin şüşədən çıxdı, Rusiyanın ağılını başına yığması və rasional düşünməsi bundan sonra mümkün deyildi. Bu, yalnız Ukraynada ağır məğlubiyyətdən və Putinin devrilməsindən sonra baş verə bilər...

Rusiya dövlətini bir orqanizm kimi incələsək, görərik ki, o, psixi tarazılığını itirib. Təkcə Dmitri Medvedevin danışıqlarına qulaq asmaq yetər ki, hər şey aydın olsun. Hadisələrə metaforik mənada yanaşsaq, onun sağalması üçün gərək bu dövlətin baş beynində əmələ gəlmiş törəmə kəsilib atılsın. Həmin törəmə yüz illərdir ki, vardı, amma nədənsə Putinin hakimiyyəti illərində o, sürətlə böyüdü. Nəticədə Priqojin kimi birinin dövlətə meydan oxuması, bu dövləti idarə edənlərin məfkurəsinin necəliyini ortaya qoydu.

Hazırda KİV-lərdə Priqojin tərəfdarlarının Mokvaya ikinci yürüş təşkil edəcəkləri haqda söhbətlər gəzir. Bu, döyüşdən sonra əl-qol atmaqdan başqa bir şey deyil. Priqojin və onun “Vaqner” layihəsi indiki formatında tarixə qovuşdu.

Priqojinin təyyarəsinin qəzaya uğradılması həm də onu göstərir ki, Kreml elitaları arasında iyun ayında əldə edilən razılaşma pozulub. Çünki Putinin dəstəklədiyi Şoyqu-Gerasimov tandeminə qarşı hər an irəliyə veriləcək “Vaqner”qrupunun rəhbərliyi ortadan götürülüb. Bu isə Putinə ultimatum göndərən dəstənin böyük güc itkisi deməkdir.

Lakin Priqojinin ölümü ilə hakimiyyət daxilindəki qarşıdurma bitməyəcək, sadəcə, ayrı formaya keçəcək və yeri gələndə yeni “silahlı zühr” qaçılmaz olacaq.

Vaqif Nəsibov

“AzPolitika.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.