Hay verməyən leytenant, erməni sürücü, “it kimi ölən” şair... - Fotolar

26-08-2023, 12:25           
Hay verməyən leytenant, erməni sürücü, “it kimi ölən” şair... - Fotolar
Maşuk meşəsindəyik. Stavropol vilayətinin Pyatiqorsk şəhərində... Təxminən iki əsr əvvəl bura bir şair qanı axıb. Ona Rusiyanın Müşfiqi də demək olar, dəliqanlı, emosianal, nakam.

Lermontov Azərbaycanca da bilirdi. Onun taleyi Qafqazda dəyişib. Qusarda sürgündə olanda yaşadığı ev və əşyaları hələ də qorunur.

Lermontov Qafqaza ayaq basana qədər tamam başqa adam idi. Damarlarında şotland qanı axan savadlı, elit bir gənc. Qafqaza gələndən sonra içindən başqa bir Mixail də çıxdı. Duel dəlisi!

Yəgin ki, ölmək-öldürmək seçənəyi Qafqaz havasının özəlliyidir.

Qafqaz və Puşkinin dueldə öldürülməsi – bu iki amil Puşkinin özündən balaca olmayan körpə Lermontovu qanına bələyir.

Lermontovu qan tülünə bələnmiş halda saxlayıb tarixi hadisələrin həyati detallarından danışmaq ehtirası da, ancaq qafqazlı adama xas ola bilər, danışıram:

Bu detalları bilmək həvəsinə maraq demək azdır, bu, azardır.

Görən, Lermontovun duelə çıxdığı həmin gün hava necə idi?

Əynində nə var idi?

Son siqaretini çəkmişdimi, yoxsa düşünürdü ki, Martınovu öldürüb çəkəcək?

Bu fikirlərlə Maşuk meşəsi ilə dahi şairin duel meydanına qalxırıq.

Maşuk dəndə meşəsidir. Sakit mehdə heç nə olmamış kimi gəlinlik donutək yellənə bilən dəndə meşəsi.



Duel baş tutan yerin ətrafına baxıram. Bəlkə də bu dəndələr arasında elələri var ki, həmin hadisəyə şahid olub.

Duel yerində xatirə lövhəsi və şairin abidəsi var. Bura daim turistlər gəlir.

Avqustun 3-ü... Lermontovun ölümündən 184 il, 7 gün ötür. Yəqin ki, təxminən belə yay səhərlərindən birində o növbəti duelinə çıxıb. Gecələr ovda heyvan, gündüzlər müharibədə insan öldürən biri kimi Lermontov üçün ölüm, artıq ayrı məna kəsb edir, ancaq onun həyatını daha səmimi ilmələrlə analiz edəndə açıq görünür ki, şairin taleyini dəyişən hadisə Puşkinin duelidir.

Lermontov iki dəfə duelə çıxıb, hər iki duelin əsas səbəbi Puşkinin ölümünə həsr etdiyi “Şairin ölümü” şeiridir. Lermontov Puşkinin dueldə fransız zabit Dantes tərəfindən öldürülməsindən sonra, demək olar, bütün Fransaya nifrət edib. Elə bu səbəbdən o elit ziyafətlərin birində fransız səfirinin oğlu Ernest Barant ilə mübahisə edərkən səfir oğlu Lermontovu şeirində fransızları aşağılamaqda qınayıb. Mübahisənin kuliminasiya nöqtəsində Barant şairi duelə çağırır.

1840-cı ilin fevralında baş verən dueldə onlar əvvəlcə qılıncla döyüşürlər, tanrının qələmlə mükafatlandırdığı şairin döyüşdə qılıncı qırılır və onlar tapançaya keçirlər. İlk atəşi Barant açır. Güllə Lermontovdan yan keçir. Lermontov isə gülləsini göyə ataraq Barantı bağışlayır.



İndi durduğum yerdə isə o, ilk duelindən il yarım sonra hərbçi Martınovla – 1841-ci ilin iyulunda üz-üzə durur. Məsələnin məğzi buradadır ki, Martınovla ilk mübahisələri də, məhz “Şairin ölümü” şeirinə görə - daha doğrusu, şeirdəki Meri obrazının Martınovun bacısı Nataliya Salamonova olması ilə bağlı düşür.

Bu hadisədən sonra Lermontov durmadan mayor Martınovla məzələnir...

Mayorun dueldən sonra hüquq-mühafizə orqanlarına verdiyi və hələ də olduğu kimi qorunduğu ifadədə deyilir: “Mən dəfələrlə ondan xahiş etdim, məni insanların yanında ələ salmasın. O, isə hər dəfə yaxşı, deyərək bu işi yenidən təkrarladı. Dueldən bir gün əvvəl mən onunla gecə görüşdüm və son dəfə xəbərdarlıq etdim. Lermontov isə mənə dedi ki, belə yaltaqlanmaqdansa, məni duelə çağıra bilərsən”.

Duel qaydalarına uyğun ilk atəşi leytenant Lermontov açır, güllə Martınovdan yan keçir. Təcrübəli mayor isə fürsəti əldən vermir. Şairi qurşaqdan yuxarı, sol tərəfindən vurur.

Sekundant çağırır, leytenant hay vermir.

Lermontov məhz, bu dəndə ağaclarının altında can verir.



Diplomat, ədəbiyyatçı və Lermontovun müasiri Pavel Vyazemski xatirələrində yazır ki, rus Çarı I Nikolayın hadisəyə ilk təpkisi belə olub: “İt idi, it kimi öldü”.

Çarın bacısı Mariya Pavlovnanın təkidi ilə Çar I Nikolay həmən digər otağa keçib rəsmi açıqlama verərək deyir: “İlahi, indicə dəhşətli bir xəbər aldıq. Puşkini əvəz edə biləcək yeganə adamı da itirdik”.

Lermontovun iki dəfə bəxti gətirmişdi: Birinci dəfə o, “Şairin ölümü” şeirinə görə üsyanların tüğyan etdiyi Quba qəzasına sürgün olunur. Şairliyinə görə hərbçi kimi sürgün olunur. O, Rusiyanın dərinliklərindən Qafqaza - Qusara çatana qədər üsyan yatırılır, Qusar rayonu bir qusar polkunun zabiti üçün ola biləcək ən ideal vəziyyətə gəlir. Lermontov burada yeyir-içir, “Ləzgi qızı” başda olmaqla şeirlər yazır və yenidən geri qayıdır.

Sonda “Şairin ölümü” daha bir şairin ölümünə səbəb olur. Araşdırmaçılar Lermontovun yaradıcılığını, həyatını “qafqazaqədər” və “qafqazdansonra” hissələrinə bölür. Qafqaz sıra dağlar şəklində Lermontovun həyatını ikiyə bölür. Onun xarakterini dəyişir, incə-mincə bir şairi sərtləşdirib özünə - Qafqaza oxşadır.

Maşuk meşəsi ilə yola enib qabağımıza çıxan ilk taksiyə əl edirik. Oturan kimi bilirik ki, sürücü ermənidir. O da, bizim azərbaycanlı olduğumuzu başa düşür. Şimali Qafqazda Cənubi Qafqaz atmosferi yaranır.

Arxada oturmuşam. Gözümə qarşı oturacağın sağ tərəfinə və ayaqlarımın altına tökülən rus rublları dəyir, hamısını bir yerə yığıram. Xeyli pul var...

Astaca qarşıda oturan yazıçı yoldaşım İlham Əzizdən soruşuram:

- Pulun düşməyib?

- Yox.

Pulları bir yerə yığıb erməni sürücüyə qaytarıram. Sonsuz minnətdarlıqla pulları alıb deyir ki, bunlar sizdən əvvəlki sərnişinin pullarıdır.

Mən isə güzgüdən erməninin gözlərinə gülümsəyərək sənin olmayanı qaytarmağın nə qədər gözəl hiss olduğunu anlatmağa çalışıram.

“Beştau”dan enib Stavropol diyarının geniş düzənlikləri ilə Yessentukiyə şütüyürük...

Sərdar Amin,

xüsusi olaraq “Qafqazinfo” üçün














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.