Əskərlərimizin savaşda qazandığını diplomatlarımız masalarda uduzur?

27-08-2023, 10:14           
Əskərlərimizin savaşda qazandığını diplomatlarımız masalarda uduzur?
Baxıram, ermənilərin diplomatik fəaliyyətinə dalağım sancır. Qorxuram, şəhidlərimizin qanı bahasına əldə etdiklərimizi diplomatlarımızın səriştəsizliyindən itirək.
Azərbaycan hökuməti xarici siyasətinə yenidən nəzər salmalıdı. Şərab alverçisindən, biznesmendən, dədəsinin pulu hesabına kişi olanlardan səfir çıxmaz. Diplomat adına iddia edən şəxs gecəsini-gündüzünə qatıb dayanmadan çalışmalı, döymədiyi qapı, söhbətləşmədiyi nüfuzlu beynəlxalq təşkilat nümayəndəsi qalmamalıdır. Bizim səfirlər isə ancaq milli bayramlarda təbrik mesajları paylaşmaqla məşğul olurlar. Onu da düzgün paylaşmır, tarixi günləri qatıb qarışdırırlar. Hamısı da arxayındır ki, necə olsa, bizim əvəzimizə prezident İlham Əliyev, onun köməkçisi Hikmət Hacıyev, yaxud da XİN-in mətbuat katibi Ayxan Hacızadə cavab verəcək.
Mənim ən çox Ayxan Hacızadəyə yazığım gəlir. Sələfi Leyla Abdullayeva nazirin adından danışmaqdan o qədər yorulmuşdu ki, bütün yükü onun üstünə atıb özü Fransaya qaçdı. Ayxan Hacızadə isə təkcə nazirin yox, həm də səfirlərin əvəzinə işləyir. Axırı, qorxuram o da bezib ümumiyyətlə XİN-dən istefa verib qaça, Azərbaycan diplomatiyası tam rəzil vəziyyətə düşə.
Bütün bu diplomatik başarısızlıqlarımızın səbəbi səfirləri, diplomatları düzgün seçməməyimizdən qaynaqlanır. Atalarının gül balalarını götürüb səfir təyin edəndə, əlbəttə, işimiz effektli alınmayacaq və yük bir neçə dövlət adamının çiyinlərinə düşəcək.
Mən hələ diaspora siyasətimizdən danışmıram. Dünyanın bütün diasporaları Anan Vətənə nəinki müftə xidmət edirlər, hətta onları maliyyələşdirirlər də. Biz isə diasporamızı maliyyələşdiririk, onlar da ayda, ildə bir dəfə özlərinin və yalnız öz ailə üzvlərinin iştirakı ilə şənliklər keçirməklə vəzifələrini bitmiş hesab edirlər. Sanki dövlət kimlərsə restoranda kef çəksin deyə milyonlarla pul xərcləyir, əvəzində isə nəinki diaporamız güclənir, əksinə Bakıdan ayrılan pula sahiblənmək uğrunda yarışlar başlayır və soydaşlarımız daha çox parçalınırlar. Beləcə, xarici dövlətlərdəki güc mərkəzlərinə, siyasi qurumlara təzyiq etmək imkanlarımız qalmır.
Bu xarici siyasət anlayışı ilə biz ermənilərə diplomatik masalarda qalib gələ bilmərik. Diplomatik masalarda qalib gələ bilməsək, hərb meydanında verdiyimiz qurbanların da real nəticəsi olmayacaq.
Heyder Oguz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.