"Priqojinin dəyişməz populyarlığı hətta ölümündən sonra da Putinə meydan oxumaqdadır" - "The Washington Post"

27-08-2023, 18:41           
"Priqojinin dəyişməz populyarlığı hətta ölümündən sonra da Putinə meydan oxumaqdadır" - "The Washington Post"
"Diktatorun qiyamçı Priqojinin ölümünə münasibəti vəziyyətin səbatsız olduğunu anlamasını nümayiş etdirir..."

"Priqojin insanların rəğbətini qazanıb, onları barışmaz hərbi bürökratlardan müdafiə edib..."

"Mən dünya lideri tərəfindən belə nümayişkaranə və sonsuz vəhşiliyi təsəvvür edə bilmirəm..."

Rusiyalılar son günlər ərzində iyirmiyə yaxın şəhərdə müvəqqəti xatirə lövhələri ucaldıb, bu da elita və hərbçilər arasında müharibənin aparılması ilə bağlı ixtilaflar fonunda "Vaqner" başçısının populyarlığının Putinə meydan oxumasından xəbər verir.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Priqojin hətta ölümündən sonra da Putinə təhlükədir

Nəşr yazır ki, Priqojin və "Vaqner"in yüksək vəzifəli rəhbərləri müəmmalı aviasiya qəzasında Rusiya ordusuna qarşı qısamüddətli üsyana görə Putinin ona xain damğası vurduqdan iki ay sonra həlak olub.

Bu xatirə lövhələri yaşanan şokun və kədərin ümummilli ifadəsi olmasa da, bütün Rusiya boyunca sərt hərbi dairələrdə Priqojinə olan dəstəyi nümayiş etdirib və Kreml qarşısında onun tərəfdarlarının potensial qəzəbinin öhdəsindən gəlmək kimi incə vəzifənin dayandığını göstərir, çünki Rusiya elitasının bir çox nümayəndələri bunun Kremlin sifarişi olduğuna əmindir.

Putinin mətbuat katibi Dmitri Peskov Kremlin bu işdə əli olduğu gümanları qətiyyətlə təkzib edib. Rusiyalı analitik və müstəqil jurnalist Dmitri Kolezev deyib ki, Kremlin vəzifəsi bundan ibarətdir ki, Priqojin və "Vaqner"in tərəfdarlarının o cümlədən zabitlər arasında qəzəbinin öhdəsindən gəlsin.

"Putinə loyallığına rəğmən, Priqojin onun rejimini təhlükə altına salıb və onun zəifliyini nümayiş etdirib, buna görə də cəzasını alıb. Düşünürəm ki, elita bu siqnalı çox yaxşı anlayıb. Eyni zamanda, Priqojinə pərəstiş edən hərbi fəalların, "Vaqner" şirkəti və veteranlarının daha geniş auditoriyası var. Putin bu adamların ona müxalif olmasına imkan verməməli, onları mümkün radikal hərəkətlərdən çəkindirmək üçün Priqojinin xidmətlərini qeyd etməli və onun ölümünün alternativ versiyasını təqdim etməlidir", - jurnalist deyib.

Məhz buna görə də aviaqəzadan bir gün sonra Putin Priqojini tərifləyərək, onu "zəruri nəticələr əldə edən", lakin, qiyama istinad edərək, "səhvlərə yol verən" "istedadlı adam" adlandırıb.

Rusiyalılar "Vaqner" başçısı üçün yas saxlayır

"Vaqner" liderini vəsf edən xatirə lövhələri Kremlin qiyam dalğasında Priqojini acgöz cinayətkar və Rusiya xaini kimi ləkələnməsinə yönələn koordinasiya edilmiş təblğat kampaniyasına rəğmən meydana çıxıb. İnsanlar xatirə lövhələri önünə əklillər, "Rusiya qəhrəmanı" yazıları olan fotoşəkillər, Vaqnerin nişanları və bayraqları, şamlar, dini rəsmlər, hətta muzdlular qrupunun rəmzi olan skripkalar qoyub. Bir çox kişilər gözləri bağlı "Vaqner"in kamuflyajı və ya özəl hərbi şirkətin loqotipini gəzdirib.

"Priqojin insanların rəğbətini qazanıb, çünki o, "onları barışmaz hərbi bürokratlardan müdafiə edib", bunu da onun döyüş meydanından qaçanları edam etməsi haqqında geniş yayılmış iddialara, "Vaqner"in xüsusilə keçmiş məhbuslar arasında böyük itkilərinə rəğmən edib", - nəşr yazıb.

Peterburq "vaqnerçilər"indən biri Pavel Şabrin Priqojin haqqında ürək sözlərini şeirlə ifadə edib:

"O, bizimlə hər yerdə-
Blindajlar və səngərdə,
Dərdimiz-sərimizlə,
Uğur, sevincimizlə
Daim bizimlə olub!..

Çadırlarda yataraq,
Sıyıqla qidalanıb,
Ölənlərin ruhuna
İkona qarşısında
O, şamları yandırıb!.."

Müharibə zamanı Priqojinin populyarlığı cəbhədən çəkilən sərt videolar sayəsində artıb. O, bir çoxları üçün "etibarlı həqiqət daşıyıcısı, hərbi uğursuzluqları və böyük itkiləri ifşa edərək, hərbçilərin nüfuzuna xələl gətirilməsinə qarşı Rusiya qanunlarına meydan oxumağa hazır olan azsaylı fiqurlardan" olub.

O, Baxmutda həlak olan "vaqnerçilər"in onlarla yeni meyitlərini nümayiş etdirib, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun ünvanına senzuradankənar ifadələr işlədib, onları xəyanətdə ittiham edərək daha çox döyüş sursatları tələb edib.

"Vaqner" kədər içindədir

Son günlər qrup çatlarında "Vaqner" əsgərlərinin ailələri öz kədərini və sədaqətini, eyni zamanda onlara düşən müvafiq ödəniş və güzəştlərin ala biləcəyindən narahatlığını ifadə edib. Priqojin uzun müddət ABŞ-ın sanksiyaları altında olub, onun logistika və menecment şöbəsinin rəisi Valeri Çkalov isə iyul ayında Maliyyə Nazirliyinin qara siyahısına düşüb. O da həmçinin qəza keçirən təyyarədə olub.

"Döyüşçü olmaq əbədi yaşamaq deməkdir! Şəxsən mənim üçün o,
ilk növbədə özü ilə mübarizədə qalib gələn, dünyada, heç şübhəsiz, ən döyüşqabiliyyətli ordusu olan, bir çox kişilərin əsl ailəsinə çevrilən, "Vaqner qrupu" özəl hərbi şirkət yaradan böyük hərflə yazılan İnsan olub! Əsl vətənpərvər, Vətənini sevən və saysız-hesabsız bürokratlar ordusuna nifrət edən olub. Təəssüf ki, o, bu bürokratiyanı yarıb keçə bilməyib", - öldürülən "vaqnerçinin" bacısı yazıb.

Digər bir qadın "Vaqner"in Priqojinsiz yaşaya bilməyəcəyindən ehtiyat edib. Ehtimal ki, muzdlular Müdafiə Nazirliyinin nəzarətində olan digər qruplara qoşulacaq və ya könüllülər dəstələrinə yazılacaq.

"Yevgeni Priqojinin lider keyfiyyəti, əlaqələri və nüfuzu olmadan Müdafiə Nazirliyi ilə müqavilə bağlamayan kişiləri kim müdafiə edəcək? Kim onların evlərinə dönməsini təmin edəcək?", - qadın həyəcanla deyib.

Elita Priqojinə tərif yağdırır

Moskvada insanlar Priqojinin xatirəsini Maksim Blajennı kilsəsinin yanında, doğma Sankt-Peterburqda isə onun biznes-mərkəzi və onunla bağlı kafedə yad edib.

Dövlət Dumasının RLDP-dən olan deputatı Vasili Vlasov Sankt-Peterburqda "Vaqner"in ofis mərkəzi yerləşən küçənin adını Priqojinin şərəfinə dəyişdirməyi təklif edib.

62 yaşlı Priqojin Putinlə 90-cı illərin əvvəllərində tanış olub. O zaman diktator hələ Sankt-Peterburq merinin ofisində işləyib, Priqojin isə oğurluq, dələduzluq və talanlarla bağlı doqquz illik cəza çəkdiyi həbsxanadan dönüb.

Tanınmış rusiyalılar Putinin təriflərindən nümunə götürərək tərif dolu sözlərlə çıxış edib. Milliyyətçi yazıçı Zaxar Prilepin onu "ən yaxşı insanlardan biri" adlandırıb. Tulanın qubernatoru, Putinin mühafizəsinin sabiq rəisi, Priqojini yaxşı tanıyan Aleksey Dyumin onu "əsl vətənpərvər, qətiyyətli və qorxmaz", xain birisi olmayan adam adlandırıb.

"Ədalətli Rusiya-həqiqət uğrunda" siyasi partiyanın sədri Sergey Mironov deyib ki, Priqojinin ölümü bir çox insanı kədərləndirsə də, "Rusiyanın düşmənləri qəhrəmanlarının ölümünə görə ağır bədəl ödəməli olacaq".

Analitiklərin sözlərinə görə, Rusiya elitasında bir çoxları əmindir ki, Priqojinin ölümü Putinin sifarişidir. Rusiyalı analitik Tatyana Stanovaya deyib ki, tanınmış xadimlərin açıq şərhləri Putinin dediklərinin təkrarı olsa da, baş vermiş insidentə görə onların narahatlığını göstərib.

"Əlbəttə, bunların hamısı subyektivdir. Lakin Dyumin kimi adamların narahatlığını indi anlamaq olar: Priqojin kimi xadimlər, öz səhvlərinə rəğmən, belə ölümə layiq deyil", - o, yazıb.

Kolezev deyib ki, Dyuminin şərhləri elita arasında Priqojinin "cəzalandırılması" ilə bağlı ixtilaflardan xəbər verir. Müdafiə naziri postuna iddialı olan Dyuminin sözlərinə görə, "özəl hərbi şirkətin kiçik və orta zabitləri arasında loyallığı təmin etmək lazımdır, "onlar isə, ehtimal ki, Priqojinin ölümünü neqativ qəbul edəcək".

Qərb siyasətçilərinin münasibəti

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson əmin olduğunu bildirib ki, Priqojini öldürməyi Putin əmr edib. Bu, Qərb siyasətçiləri araslnda baş vermiş insidentlə bağlı ən açıq bəyanatdır.

"Biz Yerə doğru uçan təyyarənin dəhşətli kadrlarına baxarkən, nəsə tarixi bir şeyin şahidləri oluruq. Bu, öz düşmənlərini fəaliyyətdə olan dövlət başçısının zorən aradan götürməsidir. Mən dünya lideri tərəfindən belə nümayişkaranə və sonsuz vəhşiliyi təsəvvürümə gətirə bilmirəm", - Conson yazıb və əlavə edib ki, bu qətlə görə Putin məsuliyyət daşıyır.

Qərb analitikləri iddia edir ki, qəzanın əsl səbəbi, Rusiyada tədqiqatlar sistemini nəzərə alaraq, heç vaxt bəlli olmaya da bilər. Rusiyanın dövlət və Kremlyönlü KİV-ləri diqqəti qəzanın rəsmi araşdırılmasına yönəldib, təyyarənin Ukrayna diversantları və ya xarici kəşfiyyat agentləri tərəfindən məhv edildiyini güman edir.

Kremlyönlü "Moskovski komsomolets" nəşri məlumat verib ki, faciəli içuşdan öncə Priqojinin təyyarəsi təmir edilib. Priqojinin təyyarəsinin iki potensial alıcısı uçuşdan əvvəl bir saat ərzində təyyarədə olub.

İşğalçıların vəziyyəti pisləşır

"May ayında "Vaqner" Baxmutu ələ keçirəndə, Rusiya bu müharibədə çox da udmayıb, bu yaxınlarda paytaxt Moskva şəhərinə dron zərbələri isə müharibəni moskvalıların evlərinə gətirib", - nəşr yazır.

Rusiyanın "Rusiç" ultrasağ hərbiləşdirilmiş qruplaşması onların lideri Yan Petrovskinin Finlandiyada həbs ediləndən sonra öz döyüşçülərinin Ukraynada müharibədən çıxarılmasını elan edib. O, terrorçu qrupda iştiraka görə Ukraynaya ekstradisiya edilə bilər. "Rusiç" iddia edir ki, rusiyalı məmurlar Petrovskiyə kömək etmək üçün lazımi səylər göstərməyib.

"Əgər ölkə öz vətəndaşlarını qoruya bilmirsə, nədən vətəndaşlar ölkəni qorumalıdır ki?" - qrup "Teleqram-kanal"ında yazıb.

Priqojinin ölümü

Avqustun 23-də Rusiyanın Tver şəhəri yaxınlığında içərisində Yevgeni Priqojin və "Vaqner"in əsas zabitləri olan təyyarə qəzaya uğrayıb.

"Vaqner" rəhbərinin ölümündə Rusiya Baş Kəşfiyyat İdarəsinin general-mayoru Andrey Averyanovun əli ola bilər. Bu kəşfiyyatçının adı səs-küylü siyasi zəhərlənmələrdə hallanıb.

"Vaqner"in həlak olan başçısı Yevgeni Priqojinlə Rusiya diktatoru Vladimir Putinin son görüşü gərgin keçib, yaraqlıların lideri qəzəb içində olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.