Əfqanıstan: Ali liderin düşüncə tərzi

28-08-2023, 10:53           
Əfqanıstan:
Bu, ali rəhbər Hebətullah Axundzadənin Əfqanıstanda küçələrdə görünən yeganə məlum şəklidir
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Müəllif,Ali Hussaini
BBC
Talibanın Əfqanıstanda hakimiyəti ələ keçirməsinin artıq ikinci ili tamam olur.

İkinci ildir ki, Taliban hökuməti şəriət qanununun sərt qaydalarını ölkədə tətbiq etməyə davam edir.

Ölkədəki 40 milyona yaxın insanın həyatını formalaşdıran Taliban fərmanlarının arxasında yalnız bir adam durur - ali baş komandan Heybətullah Axundzadə.

Güman olunduğuna görə, onun 70 yaşı var və o, təkcə dünya üçün deyil, həm də əfqanlar üçün bir sirdir.

İnternetdə onun şəklini axtarsanız, sadəcə iki foto tapa bilərsiniz. Ən məşhuru, 1990-cı illərin pasport ölçüsündə fotoşəkildir.

İki il əvvəl beynəlxalq qüvvələrin tamamilə çıxarılmasından sonra o, demək olar ki, heç vaxt ictimaiyyətə görünməyib. O, heç vaxt jurnalistlərə müsahibə verməyib. O, qızların məktəbə getmək, qadınlara isə işləmək və ictimai proseslərdə iştirak etmək qadağası ilə bağlı verilən suallara heç vaxt cavab verməyib.

Özünü ictimaiyyətdən gizlətməyi seçmiş bu ali baş komandanı daha yaxşı başa düşmək üçün onun əlimizə düşən bütün çıxışlarını təhlil etmişik.

2016-cı ildə Taliban hərəkatının lideri təyin olunduqdan sonra onun 65 fərmanı, üstəlik 2018-ci ildən bəri onun beş bayram müraciəti olub və bunlardan üçü 2021-ci ilin avqustunda Taliban ikinci dəfə hakimiyyətə gəldikdən sonra edilib.

Eləcə də ali komandan vəzifəsini tutduqdan sonra hökumət tərəfindən dərc olunan onun bütün çıxışları, onların stenoqramları, onun hər bir sözü istifadə etmə tezliyini nəzərə alan linqvistik hesablayıcı alətlərdən istifadə olunaraq təhlil edilib.
Heybətullah İslamı
Taliban liderinin ictimaiyyətə ünvanlanan bütün çıxışlarının təhlili göstərib ki, müraciətlərində ən çox işlətdiyi söz “İslam” olub. Həmin sözdən o, 170 dəfə istifadə edib.

Taliban lideri dəfələrdə bəyan edib ki, Əfqanıstan yalnız İslam qanunlarına uyğun idarə olunmalıdır.

Heybətullah Axundzadə üçün tanrı və dövlət ayrılmaz məfhumlardır. Onun üçün Əfqanıstan şəriət qanunları ilə idarə olunan İslam Əmirliyidir. O, əfqanlara həyatlarını İslam təməlçiliyi prinsiplərinə uyğun qurmağı məsləhət görür.

Onun tənqidçiləri deyirlər ki, İslamın bu cür ifrat təfsiri dünyanın digər 50 müsəlman ölkəsindəki təfsirdən çox uzaqdır.

Hətta BMT indi Əfqanıstanda “gender aparteidindən” danışır, çünki Taliban hökuməti qadınların azadlıqlarına nəzarəti sərtləşdirir, onlara ictimai parklarda, qadın idman zallarında və gözəllik salonlarında olmağı qadağan etməkdə davam edir.

Qərbə boylanaraq
O, yalnız bir dəfə “seçki” sözünü işlədib və heç də yaxşı mənada yox. 2022-ci ilin iyununda Kabildə İslam alimlərinin böyük bir toplantısı zamanı o, bəyan edib: "Mən prezident deyiləm, seçilməmişəm və vicdansız siyasətçi də deyiləm".

Heybətullah Axundzadənin qərb üslublu demokratiyanın istənilən formasına münasibəti həqarətdən başqa bir şey olmayıb.

İki il əvvəl Kabilin süqutu baş verməmişdən, o, öz çıxışlarında “Amerika” sözünü 55 dəfədən çox işlədib və hər dəfə də düşmənçilik mənasında.

Lakin hakimiyyətə gəldikdən sonra “Amerika” sözü onun nitqlərində nadir hallarda işlədilir. Bu sözdən istifadə olunanda isə, bu, yalnız onun beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ tərəfindən Əfqanıstanın rəsmi hökmdarı kimi tanınması ambisiyası kontekstində baş verir.
"Qadınlar" - üçüncü şəxs qismində müraciət
2018-ci ildə hakimiyyətə gələndən bəri “Qadınlar” sözü ali rəhbər tərəfindən cəmi 13 dəfə istifadə olunub.

Maraqlıdır ki, son iki ildə o, “Qadınlar” sözünü yalnız üçüncü şəxs formatında işlədib. Qadınlar bir mövzu kimi qeyd olunub, nəzərdə tutulan auditoriya kimi yox.

Qadınları və qızları təhsil almaq və işləmək imkanından məhrum etmək barədə sistemli şəkildə əmrlər verməsiylə yanaşı, Heybətullah Axundzadə Əfqanıstan əhalisinin yarıdan çoxunu təşkil edənlərin ehtiyaclarını ictimai qaydada nadir hallarda müzakirə edib.
Müqəddəs müharibə
"Cihad" və "Mücahid" sözləri birlikdə heyrətamiz dərəcəsə 160 dəfə işlədilib.

Bir çox müsəlman üçün “cihad” sözü sadəcə olaraq zülmə qarşı və yaxşılıq uğrunda savaş deməkdir. Ali rəhbərin söz ehtiyatı kontekstində bu sözdən İslam düşmənlərinə qarşı mübarizəyə istinad etmək və müqəddəs müharibəni təbliğ etmək üçün istifadə olunur.

“Mücahid” cihada çıxanlara deyilir.

Ali rəhbərin cihada davamlı çağırışları, Taliban döyüşçülərinin müharibə dövründə böyüyüb boya-başa çatmış nəslinə bir qədər mübahisəli görünür, çünki müharibəyə öyrəşmiş döyüşçü nəsli hazırda nisbi sakitlik, ölkədə bərqərar olmuş sülh şəraitində yaşayır.

Məlumdur ki, bu yaxınlarda bir neçə gənc Əfqanıstandan sərhədi qeyri-qanuni yollarla keçərək Pakistana gədiblər ki, sərt İslam hakimiyyəti tətbiq etməyə çalışan Təhrik-i-Taliban Pakistan və ya TTP kimi tanınan silahlı qruplaşmaya qoşulsunlar.

Taliban rəhbərliyi döyüşçülərin ölkəni tərk etməsini açıq şəkildə pisləyib, lakin bir çox gənc cihadı davam etdirməkdə qərarlı olduqlarını bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.