Fransaya qarşı Azərbaycan - Türkiyə tandemi - AKTUAL

29-08-2023, 00:00           
Fransaya qarşı Azərbaycan - Türkiyə tandemi - AKTUAL
Paris, Marsel və Strasburq merləri Fransanın Qarabağa yeni humanitar yükünü müşayiət edəcək.

Bu barədə şənbə günü Ermənistan mətbuatı məlumat yayıb. Avqustun 30-da Fransadan 10 ağır yük maşınından ibarət humanitar yardım karvanı Qarabağa yola düşəcək. Bu barədə Fransanın “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Buisson bu barədə öz “Twitter” hesabında yazıb.

O qeyd edib ki, yük Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının köməyi ilə yığılıb. Yükü Fransanın bir sıra regionlarının nümayəndələri müşayiət edəcək. Nümayəndə heyətinə Parisin meri Anna Hidalqo rəhbərlik edəcək. Nümayəndə heyətinə Marsel və Strasburq merləri, həmçinin Fransanın bir sıra regionlarının rəhbərləri də daxildir. Xatırladaq ki, Fransa BMT Təhlükəsizlik Şurasında “Laçın dəhlizinin blokadadan çıxarılması haqqında” qətnamə layihəsini hazırlayır.

Fransa Prezidenti Emmanuel Makron isə “Le Point” jurnalına müsahibəsində Qarabağ ətrafındakı vəziyyətdən danışan zaman rəsmi Parisin diplomatiyaya deyil, təzyiq siyasətinə üstünlük verdiyini bildirib:

“Bizim diplomatiyamız başa düşüləndir. Lakin indi diplomatiyanın vaxtı deyil. Təəssüf edirəm və bu “blokada”nı pisləyirəm. Biz həmişə demişik ki, biz xalqların suverenliyinin tərəfdarıyıq. “Dağlıq Qarabağ” məsələsi mürəkkəbdir. Bu məsələ ilə bağlı ən sərt mövqeləri təkrarlaya bilmərəm.

Fransa 2020-ci il müharibəsini açıq şəkildə pisləyib və bir çox humanitar aksiyalar təşkil edib. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhü bərqərar edəcək, xalqları və mədəniyyətləri qoruyacaq saziş tapmaq üçün əlimizdən gələni edirik. Bu sülh müqaviləsi zəruridir. Lakin beynəlxalq hüquq normalarına uyğun olmalıdır”.

Prezident Makron Laçın dəhlizinin guya bağlı olduğunu iddia edib və ölkəsinin Azərbaycana təzyiq siyasətinə üstünlük verdiyini deməklə sülh prosesini pozmağa çalışdığını etiraf edib.

“Fransanın rolu humanitar yardımla bağlı təzyiq göstərməkdə davam etməkdir və biz bu məqsədlə əlimizdən gələni edirik”,-Makron belə deyib.

DİA.AZ-ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda geosiyasi mövqeyini möhkəmlətməyə çalışır. Rəsmi Parisin Ermənistana siyasi və hərbi dəstəyini artırması da həmin məqsədə xidmət edir:

“Fransa Cənubi Qafqazda Azərbaycan-Türkiyə tandeminə qarşı növbəti siyasi şou qurur. Humanitar yardım adı altında Fransa hakimiyyəti bölgədə təxribata əl atır. Prezident Makronun da çıxışından aydın görünür ki, Fransa diplomatiya deyil, təzyiq yolunu seçib. Amma Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə qarşı güc tətbiq olunarsa, eyni üsulla buna cavab veriləcək. Heç bir qüvvə Azərbaycanın sərhəd-buraxılış məntəqəsini güc tətbiq etməklə keçə bilməz. Ermənistan buna cəhd etsə, cavabını alacaq.

Eyni zamanda, Türkiyə dövləti ilə üzləşəcək. Qeyd etdiyim kimi, Fransanın məqsədi Ermənistan vasitəsilə Cənubi Qafqazda özünün geosiyasi mövqeyini gücləndirməkdir. Amma Makron unudur ki, Afrikada və Aralıq dənizi hövzəsində Fransa özünün geosiyasi mövqelərini itirib. Əgər Fransa Cənubi Qafqazda da təhdid və təzyiq yolu ilə öz mövqelərini gücləndirməyə çalışarsa, bu, Parisin xarici siyasətinin iflası olacaq”.

O bildirib ki, ümumiyyətlə, Azərbaycanın razılığı olmadan Fransa “Laçın” sərhəd-buraxılış məntəqəsini keçib Qarabağa humanitar yardım göndərə bilməz:

“Fransanın bu siyasəti Azərbaycanın milli təhlükəsizliyini təhdid edir. Hesab edirəm ki, ABŞ da buna etiraz edəcək. Fransanın bu təxribatı Avropa İttifaqının da vasitəçiliyinə kölgə salır. Rusiya və İran bu prosesdə maraqlı tərəfdir. Çünki Rusiya və İran bölgədə sülhün bərqərar olmasını istəmir. Ermənistan hakimiyyəti də Fransanın destruktiv fəaliyyətində maraqlıdır. Çünki Ermənistan sülh müqaviləsinin imzalanmasına can atmır.

Əgər təhdid istiqamətində addımlar atılsa, bu, sərhəddə növbəti eskalasiyaya gətirib çıxaracaq. Nəticədə, Ermənistan məğlub olacaq. Fransa isə bölgədə gərginləşdirməyə cəhd göstərsə, qarşısında Türkiyəni görəcək. Ermənistan Fransa ilə birlikdə Qarabağdakı humanitar vəziyyətə dair məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxartsa da, fiaskoya uğradı. İndi Fransa qətnamə layihəsinin qəbuluna çalışır”.

Ekpert hesab edir ki, bu mümkün deyil:

“Prezident Makron təzyiq və təhdid üsuluna əl atmaqla çox böyük siyasi səhvə yol verir. Yəni Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Fransa bu reallığı pozmaq iqtidarında deyil. Əgər Paris bu təxribatlarını davam etdirsə, Azərbaycanı və Türkiyəni qarşısında görəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.