Kimdir? Nədir? - Fələstin

16-10-2023, 10:26           
Kimdir? Nədir? - Fələstin
Fələstin əhalisi tarixi Fələstin və əsasən qonşu ərəb ölkələrindəki diaspora arasında bölünüb.

İordan çayının qərb sahilində və Aralıq dənizi sahilində Qəzzada Fələstin dövləti yaratmaq səyləri İsraillə davam edən münaqişəyə görə baş tutmayıb.

İordan çayının qərb sahilində və Qüdsün şərqində fələstinlilər 1967-ci ildən bəri İsrailin işğalı altında yaşayırlar, İsrailin Qərb sahildə tikdiyi məskənlərdə isə 500 min nəfər yaşayır və onlar beynəlxalq hüquqa görə qeyri-qanuni sayılsalar da, İsrail bununla razılaşmır.

Həmçinin diaspora fələstinlilərinin statusu və fələstinli qaçqınların indiki İsrail ərazisinə köçürülən qaçqınlara əvvəl yaşadıqları torpaqlara qayıtmasına icazə verilib-verilməməsi məsələsi ilə bağlı mübahisələr gedir.
Fələstinlilər öz müqəddəratını təyin etməyə can atıblar, lakin yalnız öz işləri üzərində məhdud nəzarətə nail olublar. İsrail hakimiyyəti ilə münasibətlər şiddətli qarşıdurma ilə yadda qalıb.

İqtisadiyyat parçalanmış və İsrailin məhdudiyyətlərinə məruz qalıb. Əhalinin böyük hissəsi ərzaq yardımından asılıdır.

Fələstin siyasi rəhbərliyi Mahmud Abbasın İordan çayının qərb sahilindəki Fəth partiyası ilə Qəzza zolağına nəzarət edən islamçı yaraqlı Həmas müxalifləri arasında dərin fikir ayrılığına malikdir.

İsrail 1967-ci il Altı Günlük müharibədən bəri Şərqi Qüdsü işğal edib və beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti tərəfindən tanınmasa da, bütün şəhəri öz paytaxtı hesab edir. Fələstinlilər ona həsrətlə gözlənilən gələcək dövlətin paytaxtı kimi iddia edirlər.

BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq qurumlar israillilər və fələstinlilər arasında sülhün "iki dövlətli həll" prinsipindən asılı olduğunu, İsraillə birlikdə müstəqil Fələstinin yaradılmasının iki tərəfin dinc yanaşı yaşaması üçün bir yol yaradacağını iddia edirlər. Ancaq son vaxtlar çox az irəliləyiş əldə olunub.

Fələstin əraziləri: FAKTLAR
Paytaxtı: Qüds (elan edilmiş, məhdud beynəlxalq tanınma)
İnzibati mərkəzi: Ramallah
Sahəsi: 6020 kv.km
Əhalisi: 5,3 milyon (Qərb Sahil: 3,19 milyon; Qəzza zolağı: 2,17 milyon) 5,9 milyon qaçqın (ətraf ölkələrdə və başqa yerlərdə: UNRWRA)
Dil: ərəb
Gözlənilən ömür uzunluğu: 72 yaş (kişilər) 77 yaş (qadınlar)

Liderlər
Prezident: Mahmud Abbas

Mahmud Abbas 2005-ci ilin mayından Prezident, 2009-cu ildən isə dünyəvi Fəth partiyasının sədridir. Həmin il Fələstin Mərkəzi Şurasının rəhbərliyi Abbasın prezidentlik müddətinin vədəsiz uzadıldığını elan edib.

Siyasi rəhbərlik Fəthin idarəçiliyi altında İordan çayının qərb sahili ilə 2006-cı ildən Qəzza zolağına nəzarət edən Həmas arasında dərindən fikir ayrılığı ilə bölünüb.

Qanunvericilik orqanlarına seçkiləri 2021-ci ilin may ayına təyin edilmişdi, lakin keçirilməsinə bir ay qalmış Prezident Mahmud Abbas onların təxirə salıb. Tənqidçilər Fəth rəhbərliyini korrupsiya və səmərəsizlikdə, eləcə də getdikcə artan avtoritarlıqda ittiham edirlər.

2022-ci ilin oktyabrında, Fəth və Həmas daxil olmaqla, Fələstinin 14 müxtəlif fraksiyasının nümayəndələri barışıq sazişi imzalamaq üçün Əlcəzairdə görüşüblər. Əlcəzair Bəyannaməsi imzalandıqdan sonra bir il ərzində prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı müddəaları ehtiva edir.

Media
Fələstinlilər yaşadıqları siyasi vəziyyəti nəzərə alsaq, onları medianın həris istehlakçıları hesab etmək olar. Əsas xəbər istehlakı mənbələri internet-nəşrlərdir, ondan sonra – televiziya və radio.

Siyasi qeyri-sabitlik və təhlükəsizlik təhdidləri jurnalistlərin yüksək riskli mühitdə işləməsi deməkdir. Onlar Fələstin muxtariyyəti, Həmas və İsrail tərəfindən məhdudiyyətlərə məruz qalmaqda davam edirlər.

Media mənzərəsini İsraillə münaqişə və Fəthin rəhbərlik etdiyi Fələstin muxtariyyəti ilə ona müxalif Həmas arasında rəqabət yaradır. Beynəlxalq müşahidəçilər media mühitinin azad olmadığını bildirirlər.
Mühit

1948-ci ildə İsrailin müstəqillik elan etdikdən sonrakı müharibə Fələstinin keçmiş Britaniya mandatının İsrail, İordaniya və Misir arasında bölünməsinə gətirdi.

Yüz minlərlə fələstinli “Nəkbə” və ya “Fəlakət” adlandırdıqları müharibə zamanı öz doğma yurdlarından qaçıb və ya tərk etməyə məcbur olublar. Bu qaçqınların və onların övladlarının əvvəlki evlərinə qayıtmaq tələbi İsraillə mübahisənin ən qızğın müzakirə olunan aspektlərindən biri olaraq qalır.

Fələstin milli hərəkatı tədricən, müvafiq olaraq, İordaniya və Misir tərəfindən idarə olunan Qərb Sahilində və Qəzzada, eləcə də qonşu ərəb dövlətlərindəki qaçqın düşərgələrində yenidən toplandı.

İsrailin İordan çayının qərb sahili, Qəzza zolağı və Şərqi Qütsü tutduğu 1967-ci il Altı Günlük müharibədən az əvvəl İsrailə qarşı uzunmüddət zorakılıq kampaniyası aparan Fələstin Azadlıq Təşkilatı (FAT) əsas aparıcı qrup kimi meydana gəlir.

Yasir Ərəfatın başcılıq etdiyi Fələstin Azadlıq Təşkilatı Fələstin xalqının nümayəndəsi kimi tədricən beynəlxalq səviyyədə tanındı və 1993-cü ildə İsraillə Oslo razılaşması bunun kulminasiyası oldu.

Bu razılaşmalar, münaqişənin razılaşdırılmış həlli tapılana qədər, Qəzza zolağı və Qərb sahilinin bəzi hissələri üzərində (Şərqi Qütsü çıxmaqla) müvəqqəti idarəetmə orqanları kimi Fələstin Milli Administrasiyasını (FMA, həmçinin Fələstin administrasiyası adlanan) yaratdı.

FMA beynəlxalq qurumlarda fələstinliləri təmsil edən Fələstin Azadlıq Təşkilatının bir agentliyi kimi fəaliyyət göstərir. Ona müstəqil seçkilər vasitəsilə seçilmiş prezident rəhbərlik edir. Prezident baş nazir və seçilmiş Qanunvericilik Şurasının dəstəyinə malik olan hökumət təyin edir.

Qərb sahilinin işğalı, davam edən yaşayış məntəqələri və hərbi nəzarət-keçid məntəqələrinin tikilməsi, eləcə də fələstinlilərin hücumları hər hansı yekun razılaşmaya doğru irəliləyişi ləngidib.

2005-ci ildə İsrail Qəzza zolağından bütün qoşunları və burada məskunlaşdırdığı sakinlərin çıxarılmasını başa çatdırdı. 2006-cı ildə islamçı Həmas qrupu Qəzza zolağında seçkilərdə qalib gəldi. Bir il sonra Həmas Qəzzaya tam nəzarəti ələ keçirərək, döyüş günlərində Fələstin Administrasiyasının (PA) təhlükəsizlik qüvvələrini sıxışdırıb çıxardı.

Onu ələ keçirdikdən sonra İsrail və Misir Fələstin ərazisini ələ keçirən yaraqlılara qarşı sərt blokada tətbiq etdi. Beynəlxalq aləmdə Həmas terror qruplaşma kimi qəbul edilir.

2011-ci ildə PA, əsasən İsraillə münasibətlərdə hərəkət olmadığını vurğulamaq məqsədilə, BMT-də "Fələstin Dövləti" kimi tanınmaq üçün simvolik təklif irəli sürüb.

Bu, yetərli dəstəyə nail olmur, lakin UNESKO - BMT-nin mədəniyyət və təhsil agentliyi - "Fələstin Dövləti"ni üzv kimi qəbul etdi.

2012-ci ilin noyabrında BMT Baş Assambleyası fələstinlilərin statusunun "üzv olmayan müşahidəçi dövlət" statusuna yüksəldilməsi üçün səs verdi - bu, onlara Baş Assambleyanın müzakirələrində iştirak etməyə imkan verən və onların BMT agentliklərinə qoşulma şanslarını artıran addım idi.

2017-ci ildə Həmas və Fəth, Həmas-ın Qəzzaya inzibati nəzarəti Fəthin üstünlük təşkil etdiyi Fələstin Administrasiyasına verməsini nəzərdə tutan barışıq sazişi imzaladılar, lakin tərksilahla bağlı mübahisələr irəliləyişi dayandırdı.

2022-ci ildə, Fəth və Həmas da daxil olmaqla, 14 müxtəlif Fələstin fraksiya nümayəndələri 2023-cü ilin sonuna qədər, prezident və parlament seçkilərinin keçirilməsi müddəaları da daxil olmaqla, yeni barışıq sazişi imzalamaq üçün Əlcəzairdə görüşüblər.
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.