Məhkəmə sistemi vətəndaşa qarşı XƏTT TUTUB - BU DA FAKT!
Bu gün, 10:49

"Məlum olduğu kimi, çoxmənzilli binalar mənzil mülkiyyətçiləri (onların ümumi yığıncağı) tərəfindən idarə olunmalıdır. Buna baxmayaraq, əksər hallarda tikinti şirkətləri binaların idarəçiliyini əldən vermək istəmir və qanunsuz olaraq sakinlərdən pul yığmağa davam edirlər. Məhkəmələrin bu işlər üzrə sakinlərin xeyrinə çıxardığı qərarlar da artıq var: tikinti şirkətləri binadan çıxarılır". "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
O daha sonra bunları bildirib: "Lakin tikinti şirkətləri bundan nəticə çıxararaq saxtakarlığa əl atmağa başlayıblar. Belə ki, guya binada ümumi yığıncaq keçirilib və sakinlər idarəetməni onlara həvalə ediblər. Təəssüf ki, məhkəmələr də qərarın aşkar saxta olmasını başa düşsələr də tikinti şirkətlərinin fırıldağına şərik olurlar. Belə işlərdən biri və Bakı Apellyasiya Məhkəməsinin çıxardığı biabırçı qətnamə haqda yaxın zamanda ayrıca yazacağam.
İndi isə Bakı Apellyasiya Məhkəməsinin digər özbaşınalığı haqda söz açacağam. Deməli, Əhmədlidə sakinlər idarəçiliyi əllərinə alaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini (“Xətai-7” MMMC) yaratmağa nail olublar. İlk dövrdə MMMC-yə tikinti şirkətinin sahibi rəhbərlik edib. Amma sonra sakinlər onu kənarlaşdırıb və idarəçiliyi tam əllərinə alıblar. Tikinti şirkətinin sahibinə qarşı vurulan zərərə (mənimsənilmiş vəsaitə) dair ayrıca iddia da qaldırıblar (heç normal təhvil-təslim də olmayıb). Çünki bina onlara nəinki bərbad vəziyyətdə, həmçinin borcla yüklənmiş şəkildə miras qalıb və həmin borcları da ödəmək məcburiyyətindədirlər.
Bu əsnada tikinti şirkətinin rəhbəri də binadakı özünüidarəçiliyi iflic etmək taktikasına keçib. Belə ki, özü və ətrafındakı bəzi sakinlər binanın saxlanılması üçün ödəniş etməkdən yayınırlar. MMMC də ödəniş tələbi ilə onlara qarşı məhkəmədə iddia qaldırıb. Əvvəcə, Xətai rayon məhkəməsi (hakim Aygün Həsənova), sonra isə Bakı Apellyasiya Məhkəməsi (hakim Sabit Bəhramzadənin sədrliyi ilə) iddianı tam cəfəng əsaslarla rədd edib. Maraqlısı budur ki, tikinti şirkətinin sahibi özü MMMC-nin rəhbəri olanda digər sakinlərə qarşı analoji iddia qaldırmışdı və Ali Məhkəmə daxil olmaqla məhkəmələr iddianı təmin etmişdi. Yəni bina üzrə artıq presedent var!
İndi isə məhkəmələr tam əks mövqe nümayiş etdirir. Bəhanə odur ki, guya MMMC bəzi xidmətləri göstərmir, sakinlərdən yığılan məbləğin əsaslandırılması yoxdur və s. və i.a. Əslində isə xidmətlər nəinki göstərilir, onlara dair rəsmi sənədlər var və MMMC-nin bütün hesabatları da məhkəmələrə təqdim olunub. Sakinlərdən yığılan məbləğ isə elə tikinti şirkətinin sahibi MMMC-yə rəhbərlik edəndə təsdiq olunub və o vaxtdan dəyişməyib (qiymətlər və xərclər artsa da). Həm də qeyd etdiyim kimi, bu bina üzrə tam analoji məhkəmə qərarı var. Heç nə də dəyişməyib axı!!!
Məsələnin təfərrüatları çoxdur, hamısını yazmağa lüzum da yoxdur. Əsas odur ki, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən məsələ gün kimi aydın olsa da, yekunda tam cəfəng qətnamə qəbul edildi. Və burada problem yalnız tikinti şirkətinin sahibinin min cür yolla sudan quru çıxmasına imkanın yaradılması deyil. Problem daha qlobaldır. Sabah istənilən binada hər hansı ödənişdən yayınmaq istəyən qeyri-konsturktiv sakin deyəcək ki, xidmət məni qane etmir və s. – ödəniş etmirəm. Bununla da binalarda özünüidarəçilik iflic vəziyyətə düşəcək. Bu presedent dövlət və bələdiyyə vergilərinə də analogiya üzrə tətbiq oluna bilər. Kimsə deyəcək ki, dövlət və ya bələdiyyənin fəaliyyəti məni qane etmir, ödəmirəm. Gülməli və eyni zamanda ağlamalı olsa da, məhkəmələrin mövqeyi məhz budur.
Halbuki, qanunvericilin mahiyyəti, xarici təcrübə və sağlam məntiqdən irəli gələn odur ki, binada əksəriyyət tərəfindən təsdiq olunmuş tariflərlə hamı ödəniş etməlidir. Narazı qalan audit yoxlaması təşkil edə, nəhayət, ümumi yığıncaq keçirərək İdarə Heyətinin tərkibini dəyişə bilər. Konstuktiv və sağlam yanaşma budur. Yoxsa hansısa qeyri-konsturktiv azlıq (sabiqlər) ödəniş etməyərək binada nizam-intizamı və idarəçiliyi pozacaq, ödəniş edən əksəriyyətin haqqına girəcək. Nəticədə ödəniş edənlər də etməyəcək. Və binada idarəetmə çökəcək.
Hazırda Ali Məhkəmənin Mülki Kollegiyasında şikayətə İspəndiyar Şəfiyevin sədrliyi ilə baxılır. Məsələ ilə əlaqədar Məhkəmə-Hüquq Şurasına da müraciət olunub. Yalnız qeyri-prosessual münasibətlərin mövcudluğuna dair şübhələr müstəvisində yox.
Məsələnin ciddi əhəmiyyəti var. Faktiki olaraq söhbət çoxmənzilli binalarda özünüidarəçiliyin mövcudluğundan gedir. Ya qanun rəhbər tutularaq ədalət bərpa olunacaq, ya da binalarda xaos yaranacaq. Çünki MMMC-nin fəaliyyəti sırf mənzil mülkiyyətçilərinin məcburi ödənişləri hesabına maliyyələşdirilir. Bu, bir növ, lokal vergidir. Həmin məcburi ödənişin toplanmasında problem yarandıqda binanın idarəçiliyi iflic olur. Bu da həm iqtisadiyyatımız, həm sosial rifah, həm şəhərimizin abadlığı və hətta təhlükəsizlik (məsələn, liftlərə qulluq, binanın mühafizəsi və s.) baxımdan çox ciddi problemdir..."