İlham Əliyev generalın səlahiyyətlərini artırdı - fərman
25-11-2016, 09:46
Xüsusi Dövlət Mühafizə Xidmətinin səlahiyyətləri artırılıb.
İstiqlal.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında bu gün imzaladığı fərmana əsasən, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib.
Fərmana əsasən, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin istifadəsində olan dövlət əmlakı Xüsusi Dövlət Mühafizə Xidmətinə verilib.
Feldyeger xidməti mühüm dövlət sirlərini özündə əks etdirən sənədləri, tam məxfi, qismən məxfi və məxfi əhəmiyyətə malik sənaye məhsullarının ünvanlara çatdırılmasını həyata keçirən yarımhərbiləşdirilmiş rabitə xidmətidir.
Azərbaycanda Dövlət Feldyeger Xidməti Nazirlər Kabinetinin nəzdində (daxilində) fəaliyyət göstərir. Feldyeger xidməti haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsində qurumun vəzifələri belə göstərilib:
2.0.1. Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusilə mühüm, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, eləcə də diplomatik korrespondensiyaların Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılması;
2.0.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müqavilə əsasında müəssisə, idarə və təşkilatların korrespondensiyalarının, habelə texniki sənədlərin və sənaye məmulatları nümunələrinin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatdırılması.
Qanunun 6.2-ci maddəsinə görə, Feldyeger xidmətinin əməkdaşları xidməti vəzifələrini icra edərkən xidməti silah gəzdirə, həmin silahdan və eləcə də xüsusi vasitələrdən istifadə edə və fiziki güc tətbiq edə bilərlər. Xidmətin əməkdaşlarını vəzifə başında həbs etmək və daşıdıqları yükü müsadirə etmək qadağan edilib. Sonda onu da qeyd edək ki, bu xidmətdən dünyanın bütün ölkələri istifadə edir. ABŞ-da 38 min hərbiləşdirilmiş poçtalyon var. Rusiyada onların sayı 4 min 570, Ukraynada isə 1500 nəfərdir.
Bu fərmana qədər Dövlət Feldyeger Xidmətinin rəisi general-leytenant Ədalət Paşayev olub. Bundan sonra Ə.Paşayevin işində qalıb-qalmayacağı bəlli deyil. Son vaxtlar mediada Ə.Paşayevin adı bir sıra qalmaqllarda hallanıb. Onun qardaşı Hüseyn Paşayev Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavinidir.
Xüsusi Dövlət Mühafizə Xidmətin rəisi general-polkovnik Vaqif Axundovdur. Bu fərmanla V.Axundovun səlahiyyətləri xeyli artıb.