"Bu ölkədə elə alimlər yetişə bilər ki, səngərdə dayanan bütün əsgərləri əvəz edərdi"

3-08-2017, 00:13           
"Bu ölkədə elə alimlər yetişə bilər ki, səngərdə dayanan bütün əsgərləri əvəz edərdi"
“…mən AMEA-da 200 manat əmək haqqı alıram. Bu əmək haqqı yazdığım bir məqaləyə belə dəyməz. Mən bu 200 manatla 2 uşağı necə yedirdim, geyindirim, sağlamlıqlarını qoruyum, təhsil problemlərini həll edim, alim olum, kitab yazım, tədqiqat aparım. Bəs, bütün bunları harda edim, hansı evdə, hansı yazı masasında yaradıcılıqla məşğul olum.”

AMEA-nın alimi Yasəmən Qaraqoyunlunun prezidentə müraciətindən...

Bu müraciəti mən də oxudum, gənc alimin fəryadına qoşuluram, çünki bu bir gəncin ağrısı deyil, bu bütün Azərbaycanın ağrısıdı, bu əsrlərlə davam edən millətin zəifliyinin, geriliyinin, cahilliyin başlıca səbəbidi. Bu işğaldan, müharibələrdən, müstəmləkəçilikdən, dini istismardan, iqtisadi istismardan, dəhşətli yayılmış və müalicəsi olmayan xəstəliklərdən daha böyük zərər verən səbəbdi. Yaxşı alimləri olan məmləkətin belə problemləri ola bilməz.

Təsəvvür etmək olarmı ki, 21-ci əsr elm və texnika əsrində təbii resurslarla zəngin bir ölkə cəmiyyətin lokomotivi hesab olunan alimlərinə hər saat üçün cəmi 0,6 dollar, hər gününə 4 dollar, hər ayına 118 dollar, hər ilinə 1400 dollar muzd haqqı verir. Bu Azərbaycanın bir sadə, təhsilsiz fəhləsi günə 10 dollardan aşağı işləmir, bir Avropa aliminin bir günlük maaşı azərbaycanlı alimin aylıq maaşından ikiqat çoxdur.

Rəvayət: Bir gün Bəhlul Danəndə bazara girir və yağla şora eyni qiymət qoyulduğunu görüb şəhərdən qaçmağa çalışır, yolda camaaat qarşısını kəsir ki, bəs hara qaçırsınız, bu xalq sizə ümid bəsləyir, siz isə niyə gedirsiniz? Cavabı çox maraqlıdı: Yağla şora eyni dəyər verən məmləkətdə yaşamaq özü təhlükədi. Görəsən, Bəhlul Danəndə Azərbaycandakı bu vəziyyəti görsə neynərdi?

Azərbaycan dünyanın 91 tədqiq olunan ölkəsi arasında elm xərclərinin ümumi daxili məhsulda (ÜDM) payına görə 66-cı yerdə durur, bu rəqəm bizim ölkəmiz üzrə cəmi 0,25% təşkil edir. Deməli təbii resurslarla belə zəngin bir ölkə elmə cəmi 85 milyon dollar vəsait xərcləyir. Bu reytinq üzrə İsrail birinci yerdədir – ÜDM-un 4,7%-ni elmə sərf edir: təqribən 15 milyard dollara uyğun gəlir, bu da Azərbaycanın ümumi büdcəsindən təqribən 2 dəfə çoxdur, həm də Rusiyanın elm büdcəsi həcmindədir. Bu İsrailin əksəriyyət göstəricilər üzrə dünyada öncül yerlərə çıxmasına və yüksək texnologiyalara əsasən hərbi potensiala görə dünyanın aparıcı ölkələri ilə rəqabət aparmağa şərait yaratmışdır. Rəqəmlər fərqli formada saxlayaraq Azərbaycan nisbi göstəricini İzrail səviyyəsinə qaldıra bilsə, elm xərcləri 85 milyon deyil, 1.6 milyard dollar olmalıydı, elmi işçinin də aylıq əmək haqqı 200 manat deyil, 3500-4000 manat olardı, həmin elmi işçinin əmək haqqı xərcindən (əgər İzrail kimi elmin idarəetmə sistemi qurulsaydı), aylıq 16-20 min manat əlavə səmərə alına bilərdi. 1,6 milyard rahat təmin etmək olardı, Azərbaycanda dağıdılan və oğurlanan pullar və ya müxtəlif oyunlara, vizionlara səpələnən pullar qarşısında elə bir əhəmiyyət kəsb edən rəqəm deyil. Bir yalnız Beynəlxalq Bankda və MTN-də baş verən yeyinti hesabına ən azı 10 il elm məsrəflərini illik 1,6 milyard dollar səviyyəsində saxlamaq olardı. Elmə qoyulan hər bir səmərəli dollar əlavə 4-5 dollar gəlir verir. İsrail, Cənubi Koreya, ABŞ, Yaponiya şəraitində səmərə adətən daha yüksək olur.

Xatırlama: ABŞ-da yaşayarkən TV tamaşaçısı kimi maraqlı bir tendensiya müşahidə etdim: intellektual verilişlərdə, müzakirələrdə, klub disskusiyalarında ağların, idman yarışlarında, rəqs, musiqi verilişlərində daha çox zəncilərin üstünlük təşkil etdiyinin şahidi oldum və bir amerikalı alimdən (zənci) soruşdum, cavab çox konkret oldu, kimin hansı sahədə qabiliyyəti yüksəkdirsə, o sahədə də daha yüksək müvəffəqiyyətə sahib olurlar. Ağlar adətən intellektual işlərlə, zəncilər isə daha çox fiziki hərəkətlərə üstünlük verdiyindən belə alınır.

Eyni mənzərə elmin əsas inkişaf bazasını təşkil edən təhsil xərcləri üzrə nəzərə çarpır. Bu göstərici üzrə ölkədə durum daha pis vəziyyətdədir, 153 ölkə içərisində 120-ci yerdə qərarlaşmışıq. Sovetin məcburi təhsil sistemi oxuma-yazma səviyyəsinə görə dünya ölkələri içərisində ilk yerlərə çıxmamıza baxmayaraq, təhsilin inkişafı reytinqinə görə də qeyri qənaətbəxş yerləri tuturuq.
Elmə belə münasibət ölkədə tarix boyu belə olmuşdur (insafən, Sovet dövründə İslamdan bir az uzaqlaşma ilə bir xeyli irəliləyiş istisna olmaqla), bu illah da 21-ci əsr elm və texnologiyalar əsrində daha qabarıq formada təzahür edir. Torpaqlarımızın itirilməsi, işğalımız, iqtisadiyyatda geriliyimiz (son iki ildə iqtisadi potensialımız iki dəfə azalmışdı), siyasətdə uduzmamız, idarəçilikdə gücə üstünlük veriməmiz, talançılıq, rüşvət-korrupsiya, cəmiyyətin deqradasiyası – bütün bunlar mənim fikrimcə elmə belə bir münasibətin formalaşması ilə əlaqədardı. Bir şeyi nəzərə almaq lazımdır, elmsiz inkişaf yoxdu, elmə biganə cəmiyyətlər uzun müddət yaşaya bilməz, ya başqasının idarə obyektinə çevriləcək, ya da məhv olacaq. Həm də elm hər şeyə qadirdi, bəzən elə hallar ola bilər ki, bir alim (7 milyard əhalidən) bütün bəşərin taleyini həll edə bilər. Azərbaycan əhalisi elmə bağlı, həvəsli, sovetdən qalma ilkin təhsil bazalı, potensial intellekt imkanlı, qazanmağa çox meylli və əmək sevər insanlardı. Bu ölkədə elə alimlər yetişə bilər ki, bütün ölkə əhalisindən daha çox gəlir gətirə bilərdi və ya ölkənin müdafiəsində bütün səngərdə dayanan əsgərləri əvəz edə bilərdi. Psixologiya elmi sübut edir: əgər insanların fiziki gücü biri digərindən 5-10 dəfə fərqlənə bilərsə, intellektual gücü 1-10 milyard dəfə fərqlənə bilər.

Müqayisəli fakt: Bill Qeytsin elmi ideyası əsasında qurduğu Microsoft şirkəti bu gün bütün 10 milyonluq Azərbaycandan təqribən üç dəfə çox məhsul istehsal edir, belə bir alimin Azərbaycandan çıxması mümkündü və ya Face bookun qurucusu Mark Sukerberqin elmi ideyası əsasında qurulan şirkətin illik dövriyyəsi 10 milyonluq Azərbaycanın ÜDM-un həcminə yaxınlaşmaq üzrədir (28 milyard dollar).
Əslində Azərbaycan elminin belə geri qalması hər bir Azərbaycanlını çox narahat etməlidir. Amma, təəssüflər olsun ki, az - bucuq olsa da, ciddi və kütləvi narahatçılıq nə hökümətdə, nə müxalifətdə, nə də müxtəlif qruplarda hiss olunmur, bu da elmin çox zəif inkişafı faktından da qat-qat təhlükəlidir. Gənc xanım alimin qaldırdığı ciddi məsələləri Akademiya, akademiklər, universitet rektorları, görkəmli yazarlar, alimlər, millət vəkilləri qaldırmalı idi...

Səbəblər, bu qədər üstünlükləri olduğu, faktiki olaraq ölkənin böhrandan çıxarmağın yeganə yolu olduğu halda elm nə üçün bu qədər zəif inkişaf edir, nə üçün müstəqillik illərində daha da zəifləmiş və nə üçün əksəriyyət bu fakta qarşı tam laqeyddi:

- Başlıca səbəb tamamilə daban-dabana elmə zidd olan İslam psixologiyasının Azərbaycana ciddi surətdə sirayət etməsidir. Elm inkişaf, islahat, təkmilləşmə, dinamika, azad düşüncə, zərərli hadisə və proseslərin açılması, yeni-yeni sahələrin açılması, dinin, cisimlərin, fəzanın, hətta belə allahın varlığı sirrlərinin açılması deməkdir, Quran tamamilə bunların inkarıdı. Müsəlmanların başa düşdüyü kimi “Allah tərəfindən göndərilən Quran surə və ayələri ehkamdı, dəyişməzdi, bütün dövrlərdə 13 əsr bundan əvvəl eyni göstərilən kimi yerinə yetirilməlidi”. Ümumiyyətlə, İslamda, Quranda (hədislərdən başqa) elmdən, inkişafdan bəhs edən ciddi maddə yoxdur. Təsadüfi deyil ki, xristianların və ya ateistlərin idarəçiliyindən çıxan kimi elmə və təhsilə eyni laqeyd münasibət bərpa olunur. Sovet vaxtı, xristianların və ateistlərin idarəçiliyi zamanı elm - təhsil xeyli inkişaf etdirilmiş, böyük elmi kollektivlər, akademiya, universitetlər, elmi-tədqiqat institutları formalaşmış, elm ocaqlarında əmək haqqı, maliyyələşmə digər qurumlara nisbətən çox yüksək səviyyədə aparılmışdı. Fakt: bir professor və baş elmi işçinin əmək haqqı bir nazirin, bir polis rəisinin, bir prokurorun, bir rayon rəhbərinin, bir generalın əmək haqqından və pensiyasından xeyli çox idi, müstəqillik illərində bir professorun maaşı heç biri savadı olmayan polis nəfərinin maaşından xeyli aşağıdı, bir professorun pensiyası bir rayon prokurorunun pensiyasından 5-10 dəfə aşağıdır. Belə bir durumda elmin inkişafı sadəcə mollaların bir neçə hədisə əsaslanan moizələrindən o tərəfə keçə bilməz.

- Elmin təşkili və maliyyələşdirilməsi mexanizmi, Sovet dövündə də o qədər qeyri-mükəmməl idi ki, dövlətin təsir gücünün olduqca çox olmasına baxmayaraq tətbiqi və son nəticəyə yetişməsi aşağı səviyyədə alınırdı. Bir elmi ideyanın yaranmasından onun tətbiqinə qədər 10-12 il vaxt tələb olunurdu (bazar ölkələrində 0,5-1,0 il), bu da artıq o ideyanın 3 dəfə mənəvi köhnəlməsi demək idi. Amma bizdə bu da qalmadı, müstəqillik illərində Sovetdən qalma müsbət nə varsa, aradan qaldırıldı, mənfilər saxlanılaraq daha da gücləndirildi. Azərbaycanda bu gün elmin idarə edilməsi və maliyyələşdirilməsi mexanizmi heç bir tənqidə tab gətirə bilmir. Alimlər və kollektivlər acından ölməməsi üçün sanki minimum yardım alır və onu zəkat kimi qəbul edərək yaşayışlarını davam etdirilər, idarə, təşkilatlar, özəl müəssisələr sanki hər şeydən xəbərsiz kimi elmsiz keçinə bilirlər. Elmə xərclənən 85 milyon dollar da maddi kömək kimi paylandığına görə heç bir nəticə vermir. Bu pulların verilməsində sistem dəyişdirilib müasir metodlardan istifadə olunsa, hətta bu kiçik bu məbləğdən 3-4 qat çox səmərə almaq olardı.

Fakt: ADNA-nın alimləri tərəfindən duzlu dəniz suyundan hidroqaz alınması mexanizmi yaradılmış və təbii qazdan çox daha güclü qaz alınması qurğusu yaradılmışdı. Bu qurğu vasitəsilə sadə duzlu sudan zəif temperaturla güclü hirdoqaz alınır, kütləvi istehsal üçün bu fədəkar alimlərə 200 min dollar lazımdı, iki il keçməsinə baxmayaraq bu vəsaitin alınması müşkülə çevrilib. Hətta ilkin qurğunu öz əmək haqqlarından toplayaraq 4000 manata başa gətiriblər. Bu elə bir kəşfdir ki, Azərbaycana bütün təbii ehtiyyatları qədər gəlir verə bilər. İdeya qalxan kimi gərək bir elmi kollektiv yaradılaydı, zəruri vəsaitlər ayrılaydı, istehsalat mexanizmi qurulaydı və bu gün patent və qurğular bütün dünyaya satılaydı. 90-cı illərin əvvəllərində suyun enerjiyə çevrilməsi (H2O-ən güclü iki elementdən ibarətdi), yanacaq kimi istifadə olunması üzrə elmi kollektiv yaradılması haqqında təklif vermişdim, təəssüf edirəm, əsl molla cavabı almışdım, bu gün sudan alınan hidro yanacaqla işləyən maşınların kütləvi istehsalına başlanmışdı (Toyota). Amerikanlıların bir deyimi var, əgər cəmiyyətdə öz mövqeyini qoruyub saxlamaq istəyirsənsə, daimi qaçmalısan, kimisə ötmək istəyirsənsə daha sürətlə qaçmalısan, hamıdan irəli çıxmaq istəyirsənsə, hamıdan daha böyük surətlə qaçmalısan. Biz Sovetin vaxtında əldə etdiyimiz mövqemizi də itiririk, çünki, qaçmaq deyil, hələ geriyə gedirik.

Elm və təhsil sistemi bu gün ən geniş və böyük islahatlara möhtacdı. Hər hansı hərəkətlənmə, islahatlar bu sferadan başlamlaıdı. Bunun üçün bir neçə vaxt və mərhələlərdə hazır proqram təqdim etmişdim. Lakin neft gəlirləri yüksək olan vaxtlarda elmə və təhsilə elə ciddi ehtiyac yaranmırdı, çünki, başqa müsəlmanlarda olduğu kimihazır təbii ehtiyyatları başqa ölkələrin elm, texnologiya adamları şirkətləri vasitəsi ilə çıxarıb satmaq daha rahatdı, yüksək cari səmərə verirdi, bu gəlirlilik səviyyəsi düşən kimi təlatümlər başlamış və elmə böyük zəruriyyət yaranmışdı. Yenə də qısaca tezisləri nəzərinizə öatdırmaq istərdim:
- Dünyanın elm birinciləri olan ABŞ, İsrail, Cənubi Koreya, Sinqapur, Niderlandiya, Yaponiya kimi ölkələrin elmi inkişaf təcrübəsinin öyrənilməsi üzrə bir elmi kollektiv yaradılması (yalnız müstəqil alimlərdən və mütəxəssislərdən ibarət, adı çəkilən ölkələrdən alimlər dəvət etməklə), Prezidentin yanında Elm və texnalogiyalar şurasının formalaşması, bu təcrübəyə əsasən islahat proqramının və qanunvericilik aktlarının hazırlanması və tətbiqi;
- Hər il prezidentin Elm və texnologiyaların inkişafı üzrə raport və məruzəsinin, həm də inkişaf proqramının Milli Məclisə təqdimi və müzakirəsinin təşkili (ABŞ, Cənubi Koreya, Sinqapur təcrübəsi).
- Elmin idarə və maliyyələşməsi mexanizminin tamamilə dəyişdirilməsi, mövcud maliyyələşmə xeyli artırılmaqla və saxlanılmaqla yeni müstəqil elmi kollektivlərin yaradılması və onlara qrant halında iri maliyyələşmənin ayırılması, başlıca xarici elm mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi, bütün elmi kollektivlərdə xarici mütəxəssislərin iştirakının təmini, elmi inkubatorların yaradılması (İzrail, Sinqapur tipli)
- İmkan daxilində ölkədə dünyanın böyük elmi və texnaloji şirkətləri ilə elmi tədqiqat kollektivlərinin (R&D) yaradılması (Microsoft, Cisco, Google, Siemens, İntel, HP, İBM, General electric), gənc mütəxəssislərin ABŞ, İsrail, Çin, Yaponiya və s. kimi universitetlərinə elmi araşdırmalara, staj keçməyə, təhsilini davam etdirmək üçün göndərmək.
Belə tədbirlər qısa zamanda yalnız elmin inkişafını sürətləndirmək deyil, bütün problemlərin həllində böyük ilkin şərt olacaq (müstəqilliyin möhkəmləndirilməsi, işğaldan azad olma, iqtisadiyyatın sürətli inkişafı, beynəlxalq aləmdə ölkənin mövqeyinin gücləndirilməsi və s).

Prof. i.e.d. Saleh Məmmədov
02.08.2017












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.