Baş redaktor radikal vahhabilər tərəfindən ölümlə təhdid olunur
12-08-2015, 21:31
Azərbaycanda daha bir jurnalist öldürələcəyi barədə təhdid olunduğunu açıqlayıb.
Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər sosial şəbəkədə yayımladığı məlumatda qeyd edib ki, Azərbaycandakı radikal dinçilərdən Əlixan Musayevlə bağlı rəhbəri olduğu saytda yayımlanan yazıdan sonra təhdid olunub: “Özünü Vəli Şükürov kimi təqdim edən şəxs gecə saat 23.14-də mənə zəng edərək "ikinci dəfə qəzaya düşər və sağ çıxa bilməzsən, ölüm səni hər an haqlaya bilər" deyə, hədələdi. Bu şəxs "get hara şikayət edirsən et" deyərək, açıq kontekstdə öldürülməklə təhdid etdi. Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunmaqdadır və hüquq mühafizə orqanlarına təqdim etməyə hazıram”.
Jurnalist bildirib ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək: “Mən dünən gecədən etibarən bu şəxsi araşdırdım, öncə bunun sözlü təhdid olduğu qənaətindəydim ki, buna alışmışıq. Lakin bu şəxsin Əlixan Musayev adlı radikal dinçinin çox yaxını olduğunu və ona görə istənilən addımı ata biləcəyini öyrəndim. Özümün və ailəmin təhlükəsizliyi üçün hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm. Çünki bu gün jurnalistləri öldürmək üçün təcrübəli qanqsterlərə ehtiyac yoxdur, 20-21 yaşlı üç beş gəncin beynini yumaq kifayətdir. Yaxın dostlarıma mesaj göndərərək, "Aqil Ələsgərə de ki, Allah onun bəlasını verəcək" yazırlar”.
teref.az Aqil Ələısgərlə əlaqə saxladı və bütün burda deyilənləri Aqil bəy təkrarən təsdiq etdi.Radikal vahhabilərin həqiqətən onu təhdid etdiklərini və ona təhdid mesajları gəldiyini bildirdi.