“Azİmport” şirkətindən şikayətlərin ardı arası kəsilmir - 540 işçinin maaşını vermir

13-08-2015, 16:55           
“Azİmport”  şirkətindən şikayətlərin ardı arası kəsilmir  - 540 işçinin maaşını vermir
“Azİmport” MMC 4 aydır əmək haqlarını vermədiyi 540 işçinin növbəti dəfə pullarını ödəməkdən imtina edib. Bu barədə Axar.az-a “Azİmport” MMC şirkətinin “Şanxay” adlanan ərazidə yol kənarındakı tikililərin dam örtüklərini və divarlarını rəngləyən işçiləri məlumat verib. Ötən həftə işçilərə şirkətdən bildirmişdilər ki, bu həftə ərzində əməkhaqları hissə-hissə ödəniləcək. Bu gün onlara çatacaq haqlarını almaq üçün şirkətə gedən işçiləri “Azİmport” MMC-dən SOCAR-a göndəriblər: “Şirkətdən dedilər ki, bizə pulu SOCAR verməlidir. SOCAR pulu gecikdirdiyi üçün əməkhaqlarımız ödənmir”. Elə bu səbəbdən işçilər haqlarını tələb etmək üçün SOCAR-a üz tutublar. Dövlət Neft Şirkətindən isə Kamil adlı rəis müavini işçilərə haqlarını onlardan deyil, çalışdıqları şirkətdən tələb etməli olduğunu bildirib. SOCAR-dan işçilərə deyilib ki, Neft Şirkətinin “Azİmport” MMC ilə heç bir müqaviləsi yoxdur. Həmçinin, SOCAR MMC-yə heç bir ödəniş də etməli deyil: “SOCAR-dan deyirlər ki, bizim sizin çalışdığınız şirkətə borcumuz yoxdur. Hansısa pul ödənilməli də deyil. Deyirlər “gedin pulunuzu “Azİmport”dan tələb edin”. Qeyd edək ki, “Azİmport” MMC şirkəti “Şanxay” adlanan ərazidə yol kənarındakı tikililərin dam örtüklərini və divarlarını rəngləyən işçilərin maaşlarını 4 aydan çoxdur ki, ödəmir. Əmək haqqını ala bilməyən işçilərin sayının 540 nəfər olduğu deyilir. “Azİmport” MMC-nin işçilərə ümumilikdə 1.838.000 manat borcunun olduğu bildirilir. Xatırladaq ki, “Azİmport” MMC-nin sahibi, Dövlət Bayrağı Meydanı Kompleksi idarəsinin sabiq rəisi Rəşad Məmmədov mayın 14-də həbs edilib. Hazırda şirkətə onun şəriki Azər Əsgərov rəhbərlik edir.
P.S. Xatırlatmaq istəyirdik ki, "Azimport"şirkəti üzlük çəkdiyi Neftçilər prospekti 131 saylı binanın dam örtüyünü dağıtmış və bu səbəbdən orada olan mənzilləri su basmışdır. Su basan mənzillərdə vətəndaşların tedikləri təmirləri və otaqlarda olan əşyaları məhv olmuşdur. Vətəndaşlar bütün bu qanunsuzluqlar haqqında prezident İlham Əliyevə şikayət məktubu yazıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.