MSK müşahidəçi missiyalara qeydiyyat üçün qoyduğu vaxtı AÇIQLADI
31-08-2015, 12:05
Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçkilərin elan edildiyi gündən yerli və beynəlxalq müşahidəçilər müşahidə aparılmasına dair ərizələrini müvafiq olaraq Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarına təqdim etməlidirlər.
MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşının öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında, beynəlxalq (xarici) müşahidəçilərin (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gəlib MSK-da qeydiyyatdan keçməklə) Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrini MSK-ya təqdim etmələri üçün ayrılan müddət oktyabrın 22-də başa çatır.
Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşının öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət isə oktyabrın 27-də başa çatacaq.