Erməni bayrağı səbailli yeniyetmələrin gözləri qarşısında belə param-parça oldu... - FOTOLAR

31-08-2015, 12:28           
Erməni bayrağı səbailli yeniyetmələrin gözləri qarşısında belə param-parça oldu... - FOTOLAR
Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə artıq 2-ci dəfə həyata keçirilən layihəsi başa çatmışdır. Səbail rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri, həmçinin ilk dəfə olaraq ön xəttdə xidmət edən zabitlərin övladları ümumilikdə – 180 nəfər üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində «Gənc Heydərçilər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılmışdır.

DİA.AZ xəbər verir ki, bu layihənin Müdafiə Nazirliynin hərbi hissəsində keçirilməsi məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan vermişdir. Hərbi hissədəki əsgər kazarmalarının birində «Gənc Heydərçilər» üçün hər cür şərait yaradılmışdır. Burada Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, olkədəki ordu quruculuğuna, Milli Qəhrəmanlarımıza həsr olunmuş stendlər, hərbi təlimatlar asılmışdır. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdir.
Məktəblilər üçün xüsusi formalar tikilmiş, düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuş, onların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olmuşdur.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər, idman yarışları keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilmişdir.
Məktəblilər hərbi hissədə şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, özləri də təlimlərə qatılmışlar. Yeniyetmələrə avtomatın sökülüb yığılması öyrədilmiş, onlar təlim prossesində maneələri dəf etmiş, ilk dəfə olaraq avtomat silahdan atəş açmış, hərbi texnikanın döyüşdə iştirakını müşahidə etmişlər.
Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmışdır.
Uşaqların Qusar, Quba və Xaçmaz rayonlarının görməli yerlərinə, meşələrə, tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə, Qusar və Xaçmazdakı Heydər Əliyev Mərkəzlərinə, Gənclər evinə, Xalça və Şəxsiyyətlər muzeylərinə, ən əsası Şahdağ Qış-yay turizm kompleksinə gəzintiləri təşkil olunmuşdur.
Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları və çoxsaylı qonaqlar əvvəlcə hərbi hissədə xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. Sonra qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuş, «Gənc Heydərçilər» düşərgə dövründə əldə etdikləri bilik və bacarıqlarını nümayiş etdirmişlər.
Düşərgənin bağlanışına həsr olunmuş təntənəli tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Müdafiə Nazirliyi ilə 2-ci ildir ki, keçirilən birgə layihənin əhəmiyyətini vurğulamış, ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan geniş miqyaslı abadlıq quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir. Asif Əsgərov həm də qeyd etmişdir ki, bu ilin avqust ayında artıq 10-cu dəfə Səbail RİH-nin DİN Daxili Qoşunlarla birgə ənənəvi layihəsi əsasında «Şahinlər» düşərgəsində 200 yeniyetmə istirahət etmiş və bu zaman uşaqlar ibtidai hərbi hazırlıqla bağlı biliklərə yiyələnmişlər.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Əliyev, Qusar rayon İcra Hakimiyyətinin Başçısı Şair Alxasov, valideyn Vahid Novruzov və başqaları düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışmış, gələcək nəslin vətənə sevgi və məhəbbət ruhundə tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu çox yüksək qiymətləndirdilər.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirmiş, yeniyetmələrdən ibarət xüsusi təyinatlı dəstə nümunəvi çıxışlarını göstərmişdir.
Sonra hərbi təlimlərdə fərqlənmiş, idman yarışlarında qalib gəlmiş şagirdlərə xatirə medalları və uşaqların tərbiyəsi işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim etmişlər.
Düşərgədə təşkil olunan bayram konsertində tanınmış incəsənət xadimləri ilə yanaşı burada istirahət edən uşaqlar da öz məharətlərini göstərmişlər.
Hərbi-vətənpərvərlik təmayullu «Gənc Heydərçilər» düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət uşaqların xatirində silinməz izlər buraxmış, onlar burada yeni-yeni doslar tapmış, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olmuşlar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.