Cavid Hüseynovun işi məhkəməyə göndərilir - Jurnalistin qətli

6-01-2016, 19:33           
Cavid Hüseynovun işi məhkəməyə göndərilir - Jurnalistin qətli
Döyülərək öldürülən jurnalist Rasim Əliyevin ölüm işi ilə əlaqədar həbs olunan “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi üzrə materiallar yaxın günlərdə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndəriləcək.

Bu barədə virtualaz.org saytına C.Hüseynovun vəkili Adəm Məmmədov bildirib. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxsə irəli sürülən ittihamlar az ağır cinayət olduğuna görə istintaq materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə deyil, Səbail Rayon Məhkəməsinə göndəriləcək.

”Cavid bu günə kimi də özünü təqsirli bilmir. Hadisənin baş verdiyini eşidəndə şoka düşüb. Bibisi oğlu Elşən İsmayılovla yazışmaları bunu bir daha sübut edir. Təbii ki, belə bir hadisənin baş verməsini istəməzdi”-vəkil bildirib.

Xatırladaq ki, Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərdən ayrılıb.Dünən isə jurnalistin qətli ilə bağlı həbs olunanların cinayət işi üzrə məhkənin hazırlıq iclası keçirilib.

Məhkəmədən sonra mərhum jurnalistin atası Məmmədəli Əliyev mətbuata açıqlamasında elə ilk iclasdan vəsatətlərin təmin olunmamasından narazılığını ifadə etdi. O, həmçinin Cavid Hüseynovun işinin ayrılmasına etirazını bildirib. “Biz istintaqın əvvəlindən bilirdik və deyirik ki, günahkar Cavid Hüseynovdur. Amma təəssüf ki, nəzərə almadılar. Cavidin razılığı olmadan heç kim heç kimin üzərinə gedə bilməzdi”-övladı öldürülmüş ata bildirib.

Zərərçəkmişin nümayəndəsi, vəkil Əsabəli Mustafayev isə virtualaz.org saytına açıqlamasında C.Hüseynovla bağlı istintaq aparılarkən mərhumun ailə üzvlərindən heç kimin istintaqa çağırılmadığını və zərərçəkmiş qismində dindirilmədiklərini deyib: “Biz cinayət işinin icraata ayrılacağını gözələmirdik, amma ayrıldı. Yəqin ki, məhkəmə prosesində zərərçəkmiş qismində heç kim orada iştirak etməyəcək. Məqsədləri bu işə rahat, nəzarətsiz, zərərçəkmiş və ictimaiyyət nümayəndələri olmadan baxmaqdır. Cavid Hüseynova irəli sürülən ittihamlar da ağır deyil. Həmin ittihamla ona uzağı 3 il cəza təyin edə bilər”.

Xatirladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebook-da futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada keçinib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.