Cahangir Hacıyev Eldar Mahmudovla üzləşdiriləcək
7-01-2016, 11:58
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin 1 saylı Bakı İstintaq Təcridxanasından yenidən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) köçürülməsinin səbəbləri məlum olub.
teref.az xəbər verir ki, bu barədə “Yeni müsavat” qəzeti yazıb. Qəzetin yazdığına görə, C.Hacıyev qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla üzləşdirilməsi üçün “Bandotdel”ə gətirilib.
İddialara görə, C.Hacıyev vəkili vasitəsilə mediaya qudasını satmadığını bəyan etsə də, istintaqda kredit mənimsəmələrində həm sabiq nazirin, həm də ləğv olunan MTN-in bəzi yüksək rütbəli əməkdaşlarının iştirakına dair təkzibedilməz sübutlar var.
Qəzet daha sonra yazır: “Heç kimə sirr deyil ki, oktyabr ayının 17-də E.Mahmudovun “vurulması” ilə başlayan “MTN işi” əslində Beynəlxalq Bank qalmaqalının davamı idi. Tezliklə məlum oldu ki, MTN-də baş vermiş cinayətlər, sahibkarların soyulması prosesi bir çox hallarda Beynəlxalq Bank vasitəsilə həyata keçirilib, bütün parası alınan iş adamına “kredit sənədi” imzaladıb, pullar isə mənimsənib. O cümlədən ötən ilin fevralında baş verən ilk devalvasiyada da qudalar əlbir olub milyonlar qazanıblar. Belə ki, devalvasiya olacağı haqda əvvəldən xəbərdar olan E.Mahmudov C.Hacıyevin vasitəsilə köhnə tarixlə valyuta mübadiləsi həyata keçiriblər. Qudalar bu əməliyyatda böyük məbləğdə manatı köhnə tarixlə, yəni devalvasiyadan əvvəlki valyuta kursu ilə mübadilə edib. E.Mahmudovla C.Hacıyev isə bu yolla milyonlarla dollar irəli düşüblər. İddia rəsmi təsdiqlənərsə, bu o deməkdir ki, C.Hacıyev təkcə üzləşməyə deyil, həm də E.Mahmudovu “özü ilə aparmaq” üçün BMCMİ-yə gətirilib”.