Kəmaləddin Heydərovun görüşündə insident olmayıb – RƏSMİ
16-02-2016, 21:51
Fövqaladə Hallar Nazirliyi (FHN) Kəmaləddin Heydərovun fevralın 16-da sahibkarlarla görüşündə gərginlik yaşanması xəbərlərinə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun fevralın 16-da ölkəmizin inşaat sektorunda çalışan sahibkarlarla keçirdiyi görüş zamanı yanlış olaraq sahibkarlar tərəfindən qaldırılan məsələlər ətrafında gərginlik yaşandığı, nazirliyin vəzifəli əməkdaşları barədə tənqidi fikirlər səsləndiyi qeyd olunur.
FHN bəyan edir ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq bu gün nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində inşaat sektorunda çalışan sahibkarlarla keçirilən görüş zamanı heç bir gərginlik yaşanmayıb.
Hansısa vəzifəli şəxs barədə tənqidi fikir səslənməyib. Görüş qarşılıqlı diskussiya, sual-cavab və müzakirə formatında keçirilib. Bununla bağlı bir daha kütləvi informasiya vasitələrini diqqətli olmağa, auditoriya qazanmaq məqsədilə yanlış, böhtan xarakterli məlumatlar yaymamağa və yaranan hər hansı sualla bağlı nazirliyin Mətbuat xidməti ilə əlaqə yaratmağa çağırırıq.