Qanunsuz olaraq həbsdə saxlanılan şəxsə kompensasiya ödəniləcək

16-02-2016, 23:04           

Səbail rayon Məhkəməsində 18 ay həbsdə saxlanılan Bayram Niyazovun şikayətinə baxılıb.


Vəkil Ceyhun Yusifovun APA-ya verdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə onların iddialarını qismən təmin edib. Belə ki, məhkəmə B. Niyazova 3 min manat kompensasiya ödənilməsi barədə qərar qəbul edib.

Vəkil Ceyhun Yusifov məhkəmə qərarı ilə razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini deyib: “Bayram Niyazov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunurdu. Guya ruhi xəstə olan Bayram Niyazov narkotik vasitə satıb. Lakin Gəncə Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə prosesi zamanı onun günahsız olduğu sübuta yetirildi və barəsində bəraət hökmü çıxarıldı. Bundan sonra biz onun qanunsuz olaraq həbsdə saxlanılması ilə bağlı dövlət tərəfindən kompensasiya ödənilməsini istədik və bununla bağlı məhkəməyə müraciət etdik. İddia ərizəsində ona 62 min 200 manat pul ödənilməsi istənilmişdi”.

İttihama görə, Bayram Niyazov 2012-ci ildə Gəncədə tutulub. B.Niyazov tutulduğu gün Balakənin Sarıbulaq kəndi ərazisində baxımsız sahədə bitən çətənə kollarını yığıb və Gəncə şəhərinə gətirib. Həmin gün şərti alıcı olan Gəncə stansiyası Xətt Polis Şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Vüqar Qədirova 2159,78 qram narkotik vasitəni 3 min dollara satarkən həbs edilib.

Bundan sonra ona Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə B.Niyazovun uşaqlıqdan xəstə olduğu, həmçinin onun şərlənərək həbs edilməsi müəyyənləşib.

Məhkəmə B.Niyazovun barəsində bəraət hökmü çıxarıb və məhkəmə zalından azadlığa buraxıb.

Hakimlər B.Niyazovun həbs edilməsi zamanı iştirak edən Elşad Məsiyevin polisin təhrikçisi olması nəticəsinə gəliblər. Buna görə də Elşad Məsiyevin və əməliyyatda iştirak edən əməliyyatçılar barəsində xüsusi qərardad çıxarıblar.

Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərə görə, E.Məsiyev 5 rayonda polisin təhrikçisi kimi cinayətlərdə iştirak edib. Hökmdən prokuror Rizvan Həsənov apelyasiya protesti verib. Prokuror Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və B.Niyazovun barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Prokurorun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, prokurorun şikayəti təmin edilməyib. Həmin qərardan verilən kassasiya protesti isə Ali Məhkəmə tərəfindən təmin olunmayıb.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.