170 min dollar rüşvət verən şəxs hansı posta iddialı imiş? - Binəqədidə icra başçısının müavini olmaq istəyib

17-02-2016, 14:03           
170 min dollar rüşvət verən şəxs hansı posta iddialı imiş? - Binəqədidə icra başçısının müavini olmaq istəyib
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov və digərlərinin əməlləri ilə bağlı daha 10 nəfər zərərçəkmiş şəxs vəkil Adəm Məmmədova müraciət edib.

Bu haqda Modern.az saytına məlumat verən vəkil Adəm Məmmədov eyni aqibətlə üzləşmiş 10 nəfər vətəndaşın onunla görüşdüyünü bildirib.

“Görüş zamanı adının çəkilməyini istəməyən hüquqlarını müdafiə etdiyim şəxsdən başqa daha 10 nəfər zərərçəkmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə külli miqdarda pul verdiklərini dedilər. Həmin şəxslərdən bəziləri mənə bildirib ki, işə düzəltmək adı ilə pulları Səfər İmanov Komitə adından alıb. Lakin Dövlət Komitəsinin rəsmiləri verdikləri vədə əməl etməyib. Həmin zərərçəkmiş şəxslərlə müqavilə bağladım. Zərərçəkmiş şəxslər Komitə sədri Hicran Hüseynovanın ünvanına da ittihamlar səsləndirdi”.

Hüquqşünas sabiq Aparat rəhbəri S.İmanovun hazırda hüquqlarını müdafiə etdiyi şəxsdən Binəqədi rayon icra başçısının (RİH) müavini vəzifəsinə təyinat vəd etdiyi adı ilə ondan 170 min ABŞ dolları aldığını deyib.

S.İmanov 1 noyabr 2015-ci ildə AQUPDK-nun Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaşlardan birindən 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Hüquqşünas A.Məmmədov icra hakimiyyətinin müavini postuna təyin olunmaq üçün 170 min ABŞ dolları verən şəxsin iddiaları üzrə onun hüquqlarını müdafiə edir. Adının çəkilməsini istəməyən iddiaçı, aparat rəhbəri Səfər İmanovdan 170 min ABŞ dolları müqabilində vəzifəyə təyin olunacağına təminat alsa da, aldadılıb. Aparat rəhbəri ölkəni tərk edib.

Komitə iddiaları təkzib edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.