Dünya çempionu hərbi xidmətdə olmayıb - Rəsmi açıqlama

7-03-2016, 16:01           

Mətbuatda Poverliftinq üzrə dünya çempionu Ceyhun Vəliyevin hərbi xidmətdən yayınması ilə bağlı məlumat yayılıb. Femida.az -a açıqlamasında Ceyhun Vəliyevin bunun yalan məlumat olduğunu və onun hərbi xidmətdə olduğunu bildirmişdi.
Femida.az məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən münasibət öyrənib. Xidmətin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, Vəliyev Ceyhun Malik oğlu hərbi xidmətdə olmayıb.

“ Ceyhun Vəliyevin hərbi xidmətdə olub-olmadığı barədə sorğunuza cavab olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.

Aparılan araşdırmaya görə, Vəliyev Ceyhun Malik oğlu 2010-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırış zamanı tibbi müayinənin nəticələrinə uyğun olaraq və rayon Çağırış Komissiyasının qərarına əsasən Xəstəliklər cədvəlinin müvafiq maddəsinə əsasən səhhəti ilə əlaqədar hərbi vəzifəlilərin qeydiyyatına keçirilmişdir.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan Qanunun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Belə ki, bu Qanunun 12.2.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.