Nəsimi rayonunda Qadınlar üçün bayram tədbiri - FOTOLAR

8-03-2016, 16:38           
Nəsimi rayonunda Qadınlar üçün bayram tədbiri - FOTOLAR
teref.az - 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilmişdir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq iştirakçıları gözəl bayram münasibəti ilə təbrik etdi. Natiq 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verdi, bildirdi ki, 105 il əvvəl (1911-ci ildə) Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur.

Ümummilli liderimiz dahi Heydər Əliyev qadınlarımız barədə «…Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm» demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır.

Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı vəkili, Millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.

Atalar gözəl deyib. «Kişi evin dirəyidirsə, qadın evin çırağıdır». Məhəmməd Peyğəmbər Cənnətin anaların ayağının altında olduğunu demişdir. Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik.

Böyük Vətən müharibəsi illərində qadınlarımız kişilərlə bərabər böyük qəhrəmanlıq və fədakarlıq göstərərək qələbənin əldə olunmasında böyük əmək, qüvvə və bacarıq sərf etmişlər. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr edirik.

Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulmuşdur.

Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir.

teref.az xəbər verir ki, Bakının mərkəzi rayonu olan Nəsimi rayonunda əhalinin 50,5 faizini qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir
Asif Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.
Tədbir populyar incəsənət ustalarının konserti ilə başa çatmışdır.




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.