Bu nömrələrə defis qoyulmayacaq – Diqqət

20-10-2017, 09:28           

İki sətirdə yazılan nömrələrə defis qoyulması vacib deyil. Buna görə sürücüyə heç bir cərimə düşmür.

Bu sözləri Axar.az-a yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hansı dövlət nömrə nişanlarına defis qoyulmalıdır sualına cavabında bildirib. Ekspert qeyd edib ki, nömrələrdə defislərin bərpa edilməsi bütün dövlət qeydiyyat nişanlarına aid deyil. Yəni bu nömrənin qeyd edildiyi hövhənin formasından asılıdır:

“Bir qədər daha enli nömrə lövhələri var. Yəni iki sətirdə yazılan nömrələr. O tip nömrələrə defis əlavə edilməsi vacib deyil. Buna görə heç bir Dövlət Yol Polisi əməkdaşı sürücünü cərimələyə bilməz. Defislərin bərpası ancaq uzunsov və bir sətirdən ibarət olan nömrələrə şamil edilib”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə müraciət edib.

Müraciətdə bildirilir ki, bəzi sürücülər nömrələrin üzərinə həkk olunmuş defis simvollarını silirlər. Bu hərəkət qayda pozuntusu hesab edilir və həmin halın aradan qaldırılması üçün sürücülərə 1 ay müddətində vaxt verilib. Əks halda sürücülər inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunub.

Nömrələrdəki defisləri bərpa etmək üçün sürücülərə verilən 1 aylıq möhlət bitdikdən sonra tələblər ödənilməzsə, sürücülər inzibati xətalar məcəlləsinin 342.5-ci maddəyə müvafiq olaraq 50 manat dəyərində cərimələnəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.