"Rus kanallarında səsimi kəsir, mənə söz haqqı verilmirdi"

14-04-2016, 16:09           
"Rus kanallarında səsimi kəsir, mənə söz haqqı verilmirdi"
Türkiyənin "İhlas" xəbər agentliyinin Moskva müxbiri, Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı Moskva televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov ANS ÇM radiosuna eksklüziv olaraq müsahibə verib. O, işdən azad olunma səbəblərini açıqlayıb. ANS PRESS-in məlumatına görə, o, son günlər rus telekanallarında yaşananları soyuqqanlı qarşıladığını qeyd edib:

"Rus kanallarına çağırılıb səsimin kəsilməsini, mənə söz haqqı verilməməsini normal qarşılayıram. Onların niyyəti səsimi kəsmək, sözümü deməyə macal verməmək və rus lobbisinin qarşısında “bizimkilər qalib gəldi” şəklində bir illüziya yaratmaqdır. Buna nə dərəcədə nail olduqlarını bilmirəm, amma mən yenə də bacardığım qədər öz sözümü deməyə və mümkün qədər vətənimizi, millətimizi və vətənimizin haqq yolunda mübarizəsini təbliğ etməyə, bunu rus ictimaiyyətinə çatdırmağa çalışıram".

Fuad Abbasov işdən çıxarılma səbəbinin də məhz çıxışları ilə bağlı olduğunu hesab edir: "Şirkətdə işləyən güvəndiyim əməkdaşlardan, dostlarımdan aldığım məlumata görə, Moskvadan gələn tələbə əsasən şirkətimiz belə bir qərar alıb. Bunu da normal qarşılayıram. Belə bir şey olmalı idi. Çünki mənə çox xəbərdarlıqlar gəlirdi ki, belə çıxışların axırı yaxşı qurtarmayacaq, nəticədə sənə qarşı bir təxribat olacaq, pislik etməyə çalışacaqlar. Yaxşı ki, mənə qarşı edilən pislik işdən azad olunmağımla nəticələndi. Buna çox şad oldum ki, Moskvadan gələn tələb üzərində oldu. Bunun səbəbi, nəticəsi mənim etdiyim çıxışlar, Rusiya televiziyalarındakı mövqeyim olub. Bunu bir qələbə kimi qəbul edirəm və həyatımı juurnalist olaraq davam edəcəyəm. Bu, mənim peşəmdir, həyatımdır. İşlərimə bəlkə də tərəfsiz jurnalist kimi davam edəcəyəm".

Bir neçə gün əvvəl Qarabağ cəbhəsində baş verən hadisələrlə bağlı Rusiyanın TV-Center kanalındakı “Pravo Golosa” proqramına Azərbaycanın haqlı mövqeyini müdafiə etmək üçün Rusiya Azərbaycanlılar Konqresinin sədr müavini Samir Məmmədov, azərbaycanlı politoloq Aydın Mehdiyev ve Türkiyə təmsilçisi jurnalist Fuad Abbasov dəvət olunub. Rusiyalı politoloqlar Nadana Fridrixson ve Andrey Yepivantsev də Azərbaycanın mövqeyini müdafiə ediblər. Lakin verilişin aparıcısı Roman Babayanın erməni əsilli olması proqram axışını ermənilər tərəfə yönəldib. Jurnalist Fuad Abbasovun və Samir Məmmədovun var gücü ilə proqramın tək tərəfli axışını dəyişdirməyə çalışmasına baxmayaraq, onların bütün çıxışları efirdən kəsilib.

Təmas xəttində gərginlik aprelin 2-dən başlayıb. Ayın 5-nə kimi davam edib. Buna səbəb Ermənistan Silahlı Qüvvələrinin dinc əhaliyə atəş açması olub. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib, düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.