Beyləqana kimi icra başçısı göndərirlər... - İDDİA
16-10-2018, 09:34
Prezident İlham Əliyev tərəfindən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin işdən çıxarılmasından sonra bu rayona kimin başçı təyin olunacağı rayon əhalisi arasında ən çox müzakirə olunan məsələyə çevrilib. Vaqif Adullayevin işdən çıxarılmasını sevinclə qarşılayan beyləqanlılar bu dəfə yeni təyin olunacaq icra baçısının keçmiş sələflərindən fərqli olaraq müsbət xarakterli biri olacağı ümidindədirlər.
Beyləqan rayonuna icra başçısı təyinatı ilə bağlı AzFakt.com-a daxil olan məlumata görə hazırda bir neçə şəxsin adı hallansa da real iki namizədin adı daha inandırıcıdır.
Məlumata görə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə namizədlərdən biri hazırda Füzuli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Alı Alıyev və Prezident Adminstrasiyasının məsul işçisi Əflatun Rufiyevdi.
Məsələ ilə bağlı məlumatlı şəxs iddia edir ki, hər iki namizədin icra başçısı olmaq şansı yüksəkdir. Belə ki, Alı Alıyevin özü də bu təyinata həvəs göstərir. Böyük ehtimalla Alı Alıyev Füzuli rayonundan Beyləqana təyinat alarsa bu onun icra baçısı kimi ömrünü daha 5 il uzada bilər.
İkinci namizəd isə prezident adminstrasiyasının məsul işçisi olan Əflatun Rufiyevin də şansları yüksək görünür. Məlumat mənbəmiz iddia edir ki, son icra başçısı təyinatlarında Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin rolunun böyük olmasını nəzərə alsaq o zaman Əflatun Rufiyevin Beyləqan rayon icra başçısı olmaq imkanları daha inandırıcı görünür.
Xatırladaq ki, Əflatun Rufiyev Lənkəran şəhərində anadan olub. 2002-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, 2002-2007-ci illərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2011-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Hal-hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışır.