İcra başçısı ilə müavini vəzifədən qovula bilər - milyonlarla yeyinti
16-10-2018, 13:11
Bu ilin aprel ayının 11-də keçirilən prezident seçkilərindən sonra hakimiyyətdə ciddi kadr dəyişiklikləri aparılmaqdadır.
Prezident İlham Əliyev cənablarının bu istiqamətdə apardığı məqsədyönlü siyasət davam edir.
Bu gün ölkə başçısının imzaladığı sərəncamla Beyləqan rayonun İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev vəzifədən azad edildi.
Qeyd edək ki, Vaqif Abdullayev haqqında ən çox şikayətlər olan icra başçılarından idi.
AzFakt.com-a verilən məlumata görə dövlət başçısı ilin sonunadək daha bir neçə rayonun icra başçılarını dəyişəcək. Bu sırada əsasən korrupsiyaya uğramış, yerli əhalinin tələblərinə cavab verə bilməyən, ölkənin prioritet sahələrindən olan aqrar sektorun inkişafının uğurlu aparılmadığı rayon rəhbərləri yer alacaq. Saytımıza verilən məlumatda vurğulanır ki, vəzifəsi ilə vidalaşacaq növbəti şəxs Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev olacaq.
Mənbə qeyd edir ki, Vidadi İsayev ən çox korrupsiyaya uğramış icra başçılarındandır:
"Vidadi İsayev Bərdə rayonunda abadlıq-quruculuq işləri adı altında milyonlarla dövlət vəsaitini mənimsəyib. Onun 2011-ci ildən indiyədək Bərdəyə rəhbərlik etdiyi dövrdə satmadığı yer qalmayıb. Ona korrupsiya fəaliyyətində "krışalıq" edən Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifədən azad edildikdən sonra Vidadi İsayev Bərdəni qarış-qarış satmağa başlayıb. Satmağa yer tapa bilməyən icra başçısı indi də məktəblərin böyür-başını satmağa başlayıb. "Qəhramanlar parkı"nın solunda "köhnə bazarın" yerində yeni inşa edilən məktəbin qabaq hissəsini 1 sotunu 20 min manatdan iş adamlarına satıb. O iş adamları da məktəbin profilinə uyğun olmayan obyektlər tikirlər. Vidadi İsayevin yol verdiyi qanunsuzluqlar bununla bitmir. Hələ bir neçə il öncə Vidadi İsayev Ulu Öndər Heydər Əliyevdən Bərdəyə yadigar qalan "Saray"ı yerlı-yeksan etdirib bütün tikinti materialarını Kürün qırağında Elmar Vəliyevin fermalarına göndərdi. O sarayın xarabalığı Bərdədə hələ də qalmaqdadır. Halbuki ötən sərin 70-ci illərində Ulu Öndr Heydər Əliyevin inşa etdirdiyi bu möhtəşəm memarlıq abidəsini təmir etməklə gələcək nəsillərə saxlamaq olardı.
Mənbənin AzFakt.com-a verdiyi növbəti məlumat isə daha ilgincdir.
"Vidadi İsayevin Bərdədə apardığı talançılıq siyasətində onun sosial-iqtisadi məsələlər üzrə müavini olan İlham Məmmədov aktiv iştirak edib. Rayonun sosial-iqtisadi sahəsinin inkişafı məqsədilə dövlətin ayırdığı milyonlarla vəsait bu iki şəxs tərəfindən müxtəlif adlar altında mənimsənilib. Buna misal olaraq kənd təüərrüfatına ayrılan güzəştli kreditləri, subsidiyaları qeyd etmək olar. Əgər belə olmasaydı İlham Məmmədov 150 minlik maşınları necə ala bilərdi? İlham Məmmədovun Vidadi İsayevə arxalanaraq son 5-6 ildə aqrar sektorun inkişafı üçün Bərdədə tikilən bütün heyvandarlıq komplekslərindən "pay" götürüb. Sahibkarlara verilən kreditlərdən icra hakimiyyəti "şapka" tutub. 2015-ci ildə pilot layihə çərçivəsində Bərdənin Kolayır kəndində 27 ailəyə verilən 189 baş ətlik-südlük "simmental" sort iribuynuzlu heyvanlardan bu gün əsər-əlamət yoxdur. Eləcə də Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlərlə Bərdənin Lək kəndində inşa edilən 2 min tonluq soyuducu anbar ve eləcə də rayonun digər ərazilərində inşa edilən bu tip obyektlər bu gün iflas həddindədir".
Məsələyə münasibət öyrənmək üçün Bərdə rayon İcra hakimiyyətinin İnformasiya şöbəsi ilə əlaqə saxlasaq da münasibət bildirmədilər.