Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

18-02-2019, 21:59           
Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS
Abşeron rayonunun Qobustan kəndində yaşayan Bayramov Habil Əlikram oğlu tərəfindən cumhuriyyet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub. “Access Bank”-ın rəhbərliyindən şikayət edən H.Bayramov saytımız vasitəsilə ölkə rəhbərliyinə, eləcə də digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edıb. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq: “Mən “Access Bank” QSC-dən 23 yanvar 2013-cü ildə 20 000 dollar kredit götürüb, istifadə etmişəm. Bankdan götürdüyüm 20 000 dollar pulun bir hissəsini – 7000 dollarını qaytarmışam. Qalıq əsas borc 13000 dollar olmalı idi.
Həm işsiz və xəstəliyimlə, həm devolvasiya ilə bağlı, həm də öhdəmdə 4 azyaşlı uşaq olduğuna görə aylıq ödəmələri vaxtında həyata keçirə bilmədim və bank məni məhkəməyə verdi. Mən də söz verdim ki, vəziyyətim düzələnə qədər hələlik hər ay 50-60 manat pul tapıb, hissə-hissə banka ödəyəcəyəm. Buna baxmayaraq 30 oktyabr 2017-ci ildə Sumqayıt Apellyasiya məhkəməsi Qobustan rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, iş N- 2(026)-255/ 2017 saylı Qərarını qismən qüvvədə saxlayaraq, qanunsuz hesablanmış cərimə borcumu silmiş, qalan hissədə isə qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmə qətnaməsi işi hərtərəfli və tam aydılaşdırmasa da, imkansızlıqdan kassasiya şikayəti vermədim. Hazırda problemli məsələnin həlli Abşeron İcra Şöbəsinin icratına verilmişdir. İcraçılar demək olar ki, günaşırı mənə və 4 nəfər formal zamin dürmüş şəxslərə zəng edərək, bank borcunun dərhal qayatarılmasını tələb edirlər. Bu arada xüsusilə qeyd edim ki, mən “Access Bank” QSC-dən 23 yanvar 2013-cü ildə 20 000 dollar kredit götürdüyüm zaman sənədləşmədə heç bir zamin bank binasında mənim yanımda olmayıb və heç bir sənədə zamin durmaları barədə imza atmayıblar. Bu dörd nəfərdən tək birinin Eyvazov Yengibar Valeh oğlunun bank sənədində “imzas”I var. Lakin o, sənədi “imzaladığı” gün və tarixdə Yengibar Neft Daşlarında 15 günlük işdə olub. Yəni saxta imza olub. Qalan zaminlərin Rasim Fəsadovun, Adil Quliyevin, Mahir Niftalıyevin ümumiyyətlə zamin olmağa razılıq vermələri barədə imzaları olmamışdır”.
Məlumat üçün bildirək ki, 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayan qurum 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20 faiz), Beynəlxalq Maliyyə Korporasiyası (20 faiz), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20 faiz), Almaniyanın KfW Bankı (20 faiz), “AccessHolding” (16,53 faiz) və “LFS Financial Systems GmbH” şirkəti (3,47 faiz) çıxış edirdi.
Kredit bazarını ələ almaq üçün “Access Bank” kredit bazarına daha çox yüksək faizli kiçik kreditlərlə daxil olmaq cəhətləri göstərib. Bununla bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, bank rəhbərliyi bazara daxil olmaq və mənfəət əldə etmək niyyətini güdərkən düzgün kredit mədəniyyətinin yaranması və qorunub saxlanmasını fikirləşməyib: “Biznes və digər kreditləri istehlak kreditləri qaydası ilə verərkən və beləliklə, onların vergi uçotuna durmasına mane olaraq maliyyə cinayətləri etməkdən belə çəkinməyiblər. Bu zaman bank həmçinin iş adamlarının kiçik bizneslərinin formal iqtisadiyyata qatılmasını təmin edir, amma danışanda Azərbaycanda qabaqcıl beynəlxalq bankçılıq mədəniyyətini yaydıqlarını söyləyirlər”. Mənbəmizin sözlərinə görə, “Access Bank” rəhbərliyi kredit işçilərinə kreditlərin verilməsinə dair çox yüksək plan qoymaqla, onları cinayətə sövq edir. Bankın ofis almaq qaydası da “maraqlı”dır: “20 milyon manata ofisi sənədləşdirib, 15 milyona alıblar. 5 milyon manatı sonradan ”şapka” kimi qayıdıb özlərinə”.
2018-ci ildə “AccessBank”ın faiz gəlirləri 2017-ci illə müqayisədə 15 milyon manata yaxın azalaraq, 102 milyon 475 min manatdan 88 milyon 71 min manata enib. Bankın qeyri-faiz əməliyyatlarından zərəri isə 8 milyon 974 min manat təşkil edib. Həmçinin, bankın balans kapitalı da 2017-ci ilin nəticələrinə nisbətdə 12 milyon manatdan çox azalaraq, 56.569 milyon manata enib. “Access Bank”ın maliyyə göstəricilərindəki ən çox narahatlıq doğuran məqamlardan biri isə bankın məcmu kapitalının 2017-ci ilə nisbətdə artmaq əvəzinə, azalmasıdır. Məlum olduğu kimi, Mərkəzi Bankın məcmu kapital tələbi 50 milyon manatdır. Lakin 2017-ci ilin 31 dekabr tarixinə bankın məcmu kapitalı 43 milyon 593 min olduğu halda, 2018-ci ilin eyni tarixinə 14 milyon manata yaxın azalaraq, 30 milyon 28 min təşkil edib. Bu, az qala bankın yavaş-yavaş “aradan çıxması” kimi də başa düşülə bilər…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.