Qorxmaz Hüseynovdan prezidentə qarşı sabotaj: Badamdar necə işğal olunub?
6-02-2018, 10:43
Son illər ərzində həyata keçirilən ən böyük layihələrdən biri Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişidir. Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su ehtiyatlarından istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində içməli suyun nəql olunması, əhaliyə yüksək keyfiyyətli suyun çatdırılması və Bakı şəhərinin içməli su təchizatının etibarlı və dayanıqlı olmasını təmin etmək olmuşdur. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondundan ümumilikdə 779,6 mln. manat vəsait ayrılmış və 2010-cu ilin 28 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. O zamanın valyuta kursu ilə təxminən 1 milyard dollar vəsait sərf olunan layihənin icrasında ciddi korrupsiya iddiaları zaman-zaman səsləndirilib. Bu dəfə cumhuriyyet.az olaraq təqdim etdiyimiz araşdırma isə layihənin birbaşa sifarişçisi və icraçısı olan “Azərsu” Açıq Səhmdar Cəmiyyətininin qanunsuzluğu və siyasi sabotajı ilə bağlıdır.
“Azərsu”-nun Badamdarda vandal işğalçılığı
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi ilə əlaqədar 2009-cu ildən etibarən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində “Azərsu” ASC tərəfindən yeni su anbarı inşa edilib, istifadəyə verilmişdir. Əsl qalmaqal da bu zaman yaşanıb. Belə ki, cumhuriyyet.az bildirir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrininin çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 20-dən artıq mülkiyyətçi hər biri 0,06 ha torpaq sahəsinə malik olublar. Qeyd edilən torpaq sahəsinin hamısının təyinatı (kateqoriyası) – yaşayış məntəqələrinin torpaqları kimi müəyyən edilmişdir. Vətəndaşların mülkiyyətində olan torpaq sahəsi və onun üzərində olan əmlaklar 4 ədəd dövlət əhəmiyyətli su anbarlarının tikintisi ərazisi ilə üst-üstə düşməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin 01/04-1701 saylı 19.06.2014-cü il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Lakin “Azərsu” ASC tərəfindən 2007-ci ilin sentyabr ayında 4 ədəd dövlət əhəmiyyətli su anbarlarının tikintisi üçün torpaq sahəsi qeyri-qanuni hasara alınaraq zəbt edilmişdir. Zəbt nəticəsində vətəndaşların tikilməkdə olan fərdi yaşayış evi tamamilə dağıdılaraq sökülmüş, 2,5 metr hündürlükdə olan daş hasar sökülmüş, torpaq sahəsinin üst qatı tamamilə yararsız hala salınmış, ümumilikdə 500-dən artıq tam məhsuldar meyvə ağacları məhv edilmişdir, həmçinin çəkilmiş yol sökülərək yararsız vəziyyətə salınmışdır.
Nə konstitusiya tanınır, nə qanun, nə də prezident sərəncamı
Elə buradaca cumhuriyyet.az olaraq “Azərsu” ASC rəhbərliyinə bəzi hüquqi xatırlatmalar etməyi vacib bilirik. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 247.1-ci maddəsinə müvafiq olaraq «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 689 saylı 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 % miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan torpaq sahəsi və onun üzərində olan əmlaklar 4 ədəd dövlət əhəmiyyətli su anbarlarının tikintisi ərazisinə düşmüşdür. Bu anbarların tikintisi ilə əlaqədar 20-dən artıq vətəndaşın mülkiyyət hüquqları “Azərsu” ASC tərəfindən açıq şəkildə pozulmuşdur. Həmin vətəndaşlar tərəfindən “Azərsu” ASC-yə müvafiq kompensasiyanın verilməsi məqsədi ilə dəfələrlə müraciətlər edilsə də müraciətlərə müsbət cavab verilməmişdir.
Hökməlidə olar, Badamdarda yox?
Maraqlıdır, görəsən Azərbaycan Respublikası Prezidentinin 1490 saylı 04 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən «Azərsu»ASC tərəfindən torpaqların dövlət ehtiyacları üçün geri alınması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundurmu? Bununla bağlı da cumhuriyyet.az olaraq apardığımız araşdırmada maraqlı bir fakta rast gəldik. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində həcmi 20000 m3 olan içməli su anbarının tikintisi altına düşən, DƏDRX-dən 15.09.2006-cı il tarixində verilmiş seriya MH, 0003823 №-li Çıxarışa əsasən Mirzalıyev Bəhram Mirzalı oğluna məxsus 6,0 ha torpaq sahəsindən 4,9 ha hissəsini cavabdeh “Azərsu” ASC tərəfindən Azərbaycan Respublikası Prezidentinin 1490 saylı 04 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən dövlət ehtiyacı üçün geri alınmşıdır. Torpaq sahəsinin dövlət ehtiyacı üçün geri alınması mülkiyyətçi Mirzalıyev Bəhram Mirzalı oğlu və «Azərsu»ASC arasında bağlanmış 0344612 saylı 03 aprel 2013-cü il tarixli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi» ilə rəsmləşdirilmişdir. Qiymətləndirilmə «PRİVAT CO LTD» MMC tərəfindən aparılaraq 1-AS/1 saylı 25 iyul 2012-ci il tarixli rəy verilmişdir. Rəyin 1.3-cü bəndinə əsasən 4,9 ha torpaq sahəsinin bazar dəyəri 735000 (yeddi yüz otuz beş min) manat məbləğində müəyyən edilmişdir. Belə ki, 612000 (4,9 ha torpaq sahəsinin bazar dəyəri) + 122500 (AR Prezidentinin 689 saylı 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20 % miqdarında satınalma qiymətinə əlavə haqq) = 735000 (yeddi yüz otuz beş min) manat məbləğində kompensasiya təşkil edir. Rəyin 1.2-ci bəndinə əsasən qiymətləndirmənin təyinatı kimi «Dövlət ehtiyacları üçün geri alınan daşınmaz əmlak üçün kompensasiya məbləğinin hesablanması» göstərilmişdir.
Qorxmaz Hüseynov Abutalıbovu və Abid Şərifovu necə aldadıb?
Bakı şəhər İcra Hakimiyyəti Başçısının 257 saylı 29 sentyabr 2005-ci il tarixli və 290 saylı 09 dekabr 2004-cü il tarixli sərəncamları ilə Səbail rayonu, Badamdar qəsəbəsinin cənub hissəsində 6,594 hektar torpaq sahəsi su anbarlarının tikintisi üçün «Azərsu»ASC-yə verilmişdir. “Azərsu” ASC-nin Azərbaycan Respublikası Baş nazirin müavini Abid Şərifova ünvanlanmış QH-15/ÇS-5/7580 saylı 18 iyul 2012-ci il tarixli məktubundan görünür ki, adları qeyd edilmiş şəxslərin mülkiyyətlərində olan torpaq sahələri Bakı şəhər İcra Hakimiyyəti Başçısının 257 saylı 29 sentyabr 2005-ci il tarixli sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsinin cənub hissəsində su anbarlarının tikintisi üçün «Azərsu»ASC-nin daimi istifadəsinə verilmiş 6,594 hektar torpaq sahəsinin ərazisinə düşür.
“Azərsu” ASC-nin QH-15/ÇS-5/7580 saylı 18 iyul 2012-ci il tarixli məktubuna əlavə olunmuş Baş nazirin Abid Şərifovun 24 iyul 2012-ci il tarixli tapşırıq-dərkənarı ilə “Azərsu”ASC-yə və Bakı şəhər İcra Hakimiyyətinə tikinti sahəsinə düşən və xüsusi mülkiyyətdə olduğu rəsmi sənədlərdə təsdiq edilən torpaq sahələri üçün mulkiyyətçilərə kompensasiya ödənilməsi məsələsinə mövcud qaydalara uyğun baxılıb həll edilməsi tapşırılmış, tapşırıq-dərkənar məlumat üçün həmçinin Maliyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin 01/04-1701 saylı 19.06.2014-cü il tarixli məktubuna əsasən adları «Azərsu»ASC-nin QH-15/ÇS-5/7580 saylı 18 iyul 2012-ci il tarixli məktubunda qeyd edilmiş şəxslərin mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahələri Bakı şəhər İcra Hakimiyyəti Başçısının 290 saylı 09 dekabr 2004-cü il tarixli və 29 sentyabr 2005-ci il tarixli 257 saylı sərəncamları ilə su anbarlarının tikintisi üçün «Azərsu»ASC-nin istifadəsinə ayrılmış 6,594 hektar torpaq sahəsi ilə üst-üstə düşür.
Mövzunu davam etdirəcəyik…