Razim Məmmədov ya Bakı meri olacaq, ya da icra başçısı olmayacaq...

4-09-2018, 08:28           
Razim Məmmədov ya Bakı meri olacaq, ya da icra başçısı olmayacaq...
Razim Məmmədov Bakının ən böyük rayonlarından birinə rəhbərlik edir. Amma haqqında da ən çox etiraz, tənqid yayılan başçılarından biridir. Razim Məmmədov indi də Bakı meri olmaq iddiasına düşüb. Gundeminfo.az-a daxil olan xəbərə əsasən ən yüksək dairlərə minnətçi düşən Məmmədov, köhnə rəqibi Eldar Əzizovla "haqq-hesab" çəkmək üçün tarixi şans axtarışındadır. Gundeminfo.az-a daxil olan məlumata əsasən icra naşçısı son savaşını verməkdədir. Bilir ki, bu savaşdan məğlub çıxsa, daha dəqiq ifadə etsək, Razim Məmmədov Bakı meri ola bilməsə E.Əzizov Xətaini çöpündən göydələninə qədər araşdıracaq. Saytımıza daxil olan ilginc "ədavət tarixçəsinə" dair xəbərləri təqdim edirik:

- Rəhbərlik etdiyi rayonun sakinlərilə yol getməyi bacarmayan icra başçılarından biri də Razim Məmmədovdur. Artıq heç kimə sirr deyil ki, o, Xətai Rayon İcra Hakimiyyətinin başçısı postuna gəldiyi gündən adıçəkilən rayonda az qala hər gün bir ağac kəsilir, bir sözlə, "yaşıl soyqırım" daha geniş vüsət alıb. Bunu sübuta yetirmək o qədər də çətin deyil. Sadəcə olaraq, Xətai rayonuna baş çəkmək, olub-bitənləri öz gözlərinizlə görmək və əhalilə söhbətləşmək kifayətdir.

O zaman görəcəksiniz ki, Xətai sakinləri Razim Məmmədovun əlindən dad edirlər. İş o yerə çatıb ki, bu gün "yaşıl soyqırım" dedikdə ağla ilk olaraq Xətai rayonu gəlir. Söz yox ki, bu da heç də əbəs yerə deyil. Çünki icra hakimiyyəti yaşıllıqları müxtəlif şəxslərin, daha dəqiq desək, iş adamlarının ixtiyarına verməklə ayrı-ayrı biznesmenləri ağacların kəsilməsi işinə daha da həvəsləndirir…

Məlumat üçün bildirək ki, 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olan Razim Məmmədov 1999-cu ildə yaradılmış "Real-İnşaat" firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real" Tibb Mərkəzi" MMC-nin təsisçisi və direktoru olub. İndiki vəzifəsinə 2006-cı ildə təyin olunub. Bir müddət əvvələ qədər o, xeyli geniş imkanlara malik icra başçısı kimi tanınıb. Razim Məmmədov həm də Sumqayıtın əsas iş adamlarından olan "Univermaq Zaman" kimi tanınan Zaman İsgəndərovun yaxın qohumudur. Ümumiyyətlə, Razim Məmmədovu Sumqayıt şəhərilə bir sıra incə məqamlar bağlayır ki, bu barədə bir qədər sonra məlumat verəcəyik. Hələlik onu qeyd edə bilərik ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı müxtəlif vaxtlarda Bakı meri olmaq uğrunda gedən gərgin mübarizənin ən fəal iştirakçılarından olsa da, hələlik öz istəyini reallaşdırmağa müvəffəq olmayıb. Halbuki mətbuatın da yazdığına görə, o, daim Hacıbala Abutalıbovun yerinə göz dikib. Lakin bir neçə il öncə "GEN" MMC ilə bağlı yaranmış qalmaqalda adının hallandırılması Razim Məmmədovun əleyhinə işləyib və onun arzusu ürəyində qalıb. Düzdür, o, bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna yiyələnməkdən ötrü bir sıra cəhdlərdə bulunsa da, hər dəfəsində addımları uğursuzluğa düçar olub. Planlarının fiaskoya uğradığını görən Razim Məmmədov Bakı meri olmaqdan ötrü yaxın münasibətdə olduğu şəxslərin yardımlarına baş vurub və kim(lər)əsə minnətçi düşüb. Bu barədə əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxs iddia edir ki, Xətainin icra başçısının adamları ona Bakı meri olacağına dair söz versələr də, Razim Məmmədova verilən vəd hələ ki, elə söz olaraq qalır: "Razim Məmmədov Hacıbala Abutalıbovun yerinə iddialı olan namizədlərdən biridir. O, uzun müddətdir ki, Bakının nəzarətini ələ almağa can atır. Lakin hələlik arzusuna çata bilməyib. Çünki rayon sakinləri Xətai İcra Hakimiyyəti, eləcə də Razim Məmmədovla bağlı həm mətbuatda şikayət xarakterli çıxışlar edir, həm də müvafiq qurumlara üzləşdikləri problemlərin həlli üçün müraciət edirlər. Təbii ki, bütün bunlar "yuxarı dairə"lərin diqqətindən yayına bilməz. Odur ki, hələ ki, Razim Məmmədovun adamları ona "hə" cavabını verə bilmirlər. Görünən odur ki, onun Bakı meri olması xülyadan başqa bir şey deyil. Çünki törətdiyi ağac qətliamı ilə ad çıxarmış birisinin paytaxta rəhbərlik etməsi sonda bəzi fəsadlara səbəb ola bilər".

Diqqət yetirsəniz görərsiniz ki, indiyədək Razim Məmmədovun adı mətbuat səhifələrində bir sıra xoşagəlməz məqamlarda hallanıb. Məsələn, deyerler.org saytında yer alan informasiyaya görə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı hələ bir neçə il öncə oğluna 300 min dollar dəyərində avtomobil alıb. Bildirilir ki, bu dəbdəbəli maşın Almaniyadan Razim Məmmədovun övladı üçün xüsusi olaraq sifariş edilib. "Porsche Panamera" markalı bu avtomobil Bakıya 2010-cu ilin sonlarında gətirilib. Avropa bazarlarında 2009-cu ildən satışa çıxarılan bu avtomobillər elə də ucuz və tez tapılan mal deyil. 2010-cu ilin sentyabrına olan məlumata görə, indiyədək bütün dünyada cəmi 25 min belə maşın var. "Xetçbek" sinfinə aid olan bu maşınların minimal qiyməti 180 min avrodur. Eksklüziv variantları isə daha bahadır - qiymətlər 270-400 min avro arasında dəyişir", deyə sözügedən məlumatda qeyd olunub. Məlumatda o da bildirilir ki, həmin vaxt icra başçısının oğlunun 16 yaşı olub. Bərəkallah 16 yaşında bir uşaq zamanında 300 minlik maşın sürüb…

Razim Məmmədovla bağlı yayılmış başqa bir informasiyada isə onun bir oturuma 5 kiloqram kabab yediyi qeyd olunub. Belə ki, təxminən, 5 il öncə bununla bağlı www.musavat.com saytında oxuculara təqdim olunmuş məlumatda bildirilirdi ki, "Bir oturuma 5 kilo kabab yeyən icra başçısı kimdir?" adlı sorğu keçirilib və 100-dən çox oxucu bu sorğuya qatılıb. "10-dan çox şəxs düzgün cavab verib. Onlar yazıblar ki, bu adam Xətai rayonunun icra başçısı Razim Məmmədovdur", deyə qeyd olunan yazıda bildirilir ki, Razim Məmmədovu tanıyan şəxslərdən biri bu faktı təsdiqləyib: "İlk cavab verən şəxs - R.S. isə təəssüf ki, adının qəzetdə yazılmasını istəmir. Bunun səbəbini belə izah edir ki, Xətai rayonunda dövlət strukturlarında çalışır, işini itirə, təzyiqlərə məruz qala bilər. O bildirib ki, Razim Məmmədovu tanıyır və onun bir oturuma 5 kilo kabab sifariş edib yeməsindən məlumatlıdır".

Xətai rayonunun icra başçısı ilə bağlı mətbuatda dərc olunanlar bununla bitmir. Onların sayı-hesabı yoxdur. Lakin ən maraqlısı odur ki, Razim Məmmədov vətəndaşı dəlixanaya saldırmaq istəyib, uşaq bağçasının yerinə restoran tikdirməyi planlaşdırıb və sairə.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.