Xaçmaz şəhər məscidinin imamından(axund) Azərbaycan prezidentinə SENSASSİYALI müraciət

3-10-2018, 07:31           
Xaçmaz şəhər məscidinin imamından(axund) Azərbaycan prezidentinə SENSASSİYALI müraciət
Teref.az yazır ki, İmam Yaşar Rzayev dini qurumlarla iş üzrə dövlət komitəsinin Quba bölgəsi üzrə şöbəsini Xaçmaz rayonunda dini durumu gərginləşdirməkdə ittiham edir

Xaçmaz şəhər məscidinin imamı Yaşar Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. O, sənədin surətini Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya, DQİDK-in sədri Mübariz Qurbanlıya və QMİ-nin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadəyə də ünvanlayıb. Bu informasiyanı “Şimal xəbərləri”nə Yaşar Rzayevə yaxın məlumatlı mənbə verib. Onun açıqlamasına görə, imam məktubunda ölkədə dindarlara göstərilən qayğıya və bu sahədə aparılan işlərə görə dövlət başçısına minnətdarlıq ifadə edib. Bununla belə, DQİDK-nin Quba bölgəsi üzrə şöbəsini sərt ittihamlara məruz qoyub. Mənbə bildirir ki, şəhər məscidinin imamı qarşı tərəfi rayonda dini vəziyyəti gərginləşdirməkdə, başçısı olduğu məscidə böhtan atmaqda və dindarlar arasında süni qarşıdurma yaratmaqda ittiham edib. Açıqlamaya görə, şöbə yerli-yersiz din xadimlərinin maaşlarını kəsir və onları dövlətdən incik salır. İnformasiyaya əsasən, imam məktubunda DQİDK Quba bölgəsi üzrə şöbəsinin rəhbərliyini nəqşibəndi təriqətinə mənsub olmaqda suçlayıb. Yaşar Rzayev məhz bu səbəbdən təzyiqlərə məruz qalmasına işarə vurub. Quba şöbəsi daha bir ittihama məruz qalıb. İmam yazıb ki, sözügedən qurum nəqşibəndilərin və digər radikal cərəyanların üzvlərini şəhər məscidinə yığmaq və onlara xüsusi status vermək üçün hər şeyə əl atır. Məscidlərə imamlar təyin olunarkən qəsdən narazılıq yaradılır, məsələyə təriqətçilik nöqteyi-nəzərindən yanaşılır. Y. Rzayev növbəti ittihamında bildirir ki, DQİDK Xaçmaz rayonundakı həqiqi dini durumun vəziyyətini gizlədir. Qurum dindarlar arasında olan müəyyən qarşıdurmaları qanunlara uyğun həll etmir.

Mənbənin verdiyi məlumata görə, Y. Rzayev 25 ildir Xaçmaz şəhər məscidinin axundu olduğunu, dövlətçiliyə sədaqət göstərdiyini vurğulayıb. O, heç vaxt rayonda dini sahədə problemlərin olmadığını bildirib. Şəhər məscidinin imamı indi baş verənlərə laqeyd qala bilmədiyini də açıqlayıb. O, prezidentdən indiki durumla bağlı tədbirlər görülməsini istəyib.

Şəhər məscidinin imamının müraciəti kifayət qədər ciddidir. Ölkə rəhbərliyinin və digər aidiyyatı dövlət qurumlarının bu məsələyə müdaxiləsi qaçılmazdır. Ölkəmizdə multikulturalizm sahəsində sanballı işlərin həyata keçirildiyi bir vaxtda və Azərbaycanın həssas bir bölgəsində baş verənlər heç də ürəkaçan deyil. Yəqin ki, 25 il ərzində daim dövlətin yanında olan və onun dini siyasətinə uyğun fəaliyyət göstərən Yaşar Rzayevi Azərbaycan prezidenti İlham Əliyevə müraciət etməyə vadar edən mühüm səbəblər də olmamış deyil.

Bu məsələ ilə bağlı Xaçmaz şəhər məscidinin imamı Yaşar Rzayevlə əlaqə saxladıq. İmam Azərbaycanın dövlət başçısına müraciət ünvanladığını, ciddi narahatçılıq doğuran bir sıra məsələlərdən bəhs etdiyini təsdiqləsə də, müsahibə verməkdən imtina etdi.

DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayevlə də əlaqə saxladıq. Onun dediklərini olduğu kimi təqdim edirik: “Mən dindar deyiləm, dövlət qulluqçusuyam. Nə nəqşibəndilik? Bizim əməkdaşlarımız heç biri namaz qılan deyil, ibadətini edən varsa da öz işidir. Nəqşibəndçi məsciddə olar da gecə-gündüz. Dövlət qulluqçusu nəqşibəndçi ola bilməz ki? Bunlar hamısı şər-böhtandır, boş-boş şeylərdir. Biz ənənəvi dindarlığın tərəfdarıyıq. Biz təriqətçilikdən üstün siyasət aparırıq. Biz istəyirik ki, vətəndaşlarımız nə şiə olsun, nə sünni, azərbaycanlı olsunlar,əsl dindar olsunlar. Biri vəhhabiliyi, biri nəqşibəndiliyi, biri nurçuluğu yayır. Biz bunun əleyhinəyik. Təriqətlərin hamısında bir bölücülük var. Vətəndaşları biri-birinə qarşı qoyurlar, radikallıq var. Biz Yaxın Şərq dünyasına baxıb görürük ki, nələr baş verir. Kiminsə bundan xoşu gəlmirsə şəxsi işidir(Yəqin ki, söhbət şöbənin fəaliyyətindən gedir-red).”

Mövzuya qayıdacağıq.

“Şimal xəbərləri”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.