Bu saxta simalardan, boğazdan yuxarı pafoslardan iyrənirəm artıq.
29-12-2023, 11:25
Bəlkə də çoxunuza qəribə gələcək, amma həqiqətən mən özümüzdən - yəni xalqın böyük əksəriyyətindən çox yorulmuşam.
Bu saxta simalardan, boğazdan yuxarı pafoslardan iyrənirəm artıq.
İki kəlməlik statusda, sözün düzgün yazılışını bilmədiyi üçün ən az 10 hərf səhvi edənlərin özünə jurnalist deməsindən də, dərs izah etməyi bacarmayıb şagirdlərin qarşısında kitabı üzündən oxuyan, yaxud əzbər danışan müəllimlərdən də, öz hüquqlarını belə bilmədiyi halda, özünü hamıya hüquq müdafiəçisi kimi tanıdanlardan da, insan həyatı ilə təcrübə keçən bisavad həkimlərdən də, yol hərəkəti qaydalarını bilməyən sürücülərdən də, xalqı süründürən, incidən məmurlardan da, cəlladına aşiq olan, yaltaqlığı çıxış yolu bilən xalqdan da .... iyrənirəm.
Qardaş -bacının 2-3 sot torpaq üstündə bir-birini qanına qəltan edib, haqqı olan torpaq payını verməyən bələdiyyə sədri, yaxud icra nümayəndəsinə yaltaqlanan, məmur qarşısında dizləri əsən millət biz olmalı deyilik axı...
Hələ bunları keçdimee..... Daha da iyrənc olan, dərindən düşünəndə vicdanlı insanlarda nifrət oyadan daha bir özəlliyimiz bilirsiniz nədir?
Şəxsi maraqlarımız naminə, utanıb-qızarmadan dəyərlərimizi alət etmək.
Mən çox üzr istəyirəm bu cür kobud ifadələrimə görə, amma inanın yazdıqca əllərim titrəyir, əsəblərimi anca bu qədər tuta bilirəm.
Qazi üçün, şəhid üçün bir qara qəpiklik zəhməti olmayan, şəhid-qazi məclisinə yemək və reklam üçün gedən yaramazlar, şəhid ailələri, qazilər barəsində elə cümlələr qururlar sosial şəbəkələrdə, sanki bunların o, vicdansız, "qapqara" ürəkləri bu insanlar üçün döyünürmüş.
Vallah ayıbdır. Abrınız-həyanız olsun, bu insanlar yaşantılarına, hisslərinə sayqı duyun, özünüzü demirəm, özünüz hörmətə layiq deyilsiniz, bəlli, amma bu insanların hissləri ilə oynamayın.
"Axı onların yerində hər biriniz ola bilərdiniz" demək istərdim, amma yox... Ola bilməzsiniz, çünki siz o, insanların adının hörməti kölgəsində məşhurluq, şöhrət dilənən acizlərsiniz, onların yerində olmaq şərəfini Tanrı özü sizə layiq bilməz bəlkə də...
Şəhidlər üçün onların yanında olub, onların haqqlarını tələb edənlər, beyninin məhsulunu ortaya qoyub, onların qəhrəmanlıqlarını qələmə alanlar sizin qədər reklam etmir özlərini.
İnsan olan üçün, "utanmaq" deyə bir hiss var...
Jalə Əsədova
Teref: Xocanın blogu