Stalinin bayram qadağası, Brejnevin Yeni il təntənəsi – sovet liderləri yeni təqvim ilinə necə keçiblər...
31-12-2023, 13:18
Hər il dekabr ayının 31-də dünyanın bir çox ölkələrində dövlət başçıları Yeni il münasibətilə xalqa müraciət edir. Bu müraciətlərin bəziləri qısa və konkret bayram təbriki olsa da, bəziləri illik hesabat xarakteri daşıyır.
Qeyd edək ki, bu ənənənin müəllifi 1932-ci ildə Böyük Britaniyada BBS korporasiyasının rəhbəri Con Reyt olub. Məhz həmin ildən sonra ölkə başçılarının Yeni il müraciətləri digər ölkələrdə də tətbiq edilib. Əvvəllər dövlət başçıları xalqa radio vasitəsi ilə müraciət ediblər. İlk dəfə televiziya vasitəsi ilə xalqa müraciət isə 1952-ci ildə Almaniyada olub. Federal kansler Konrad Adenauer televiziya vasitəsi ilə alman xalqını bayram münasibətilə təbrik edib.
Dövlət başçılarının xalqa bayram müraciəti SSRİ-də də ənənəyə çevrilib. İlk dəfə 1970-ci il dekabrın 31-də Leonid Brejnev mərkəzi televiziya vasitəsi ilə SSRİ vətəndaşlarını təbrik edib. Bundan əvvəl isə sovet rəhbərləri cəmi dörd dəfə Yeni il münasibətilə xalqa təbrik ünvanlayıblar. Birinci dəfə 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Mixail Kalinin radio vasitəsi ilə təbrik səsləndirib. İkinci dəfə ölkə rəhbərliyi vətəndaşları 1941-ci ildə təbrik edib. Mətni radio vasitəsi ilə xalqa çatdırmaq bu dəfə də Kalininə həvalə olunub. Təbrik əsasən alman faşizminə qarşı mübarizə aparan döyüşçülərə ünvanlanıb. Kalinin öz təbrik təcrübəsini 1944-cü ildə də təkrar edib və bununla da ölkə rəhbərliyinin yeni il təbriki ənənəsi dayandırılıb. 10 ildən sonra, 1954-cü ildə xalqı təbrik etmək ənənəsi yenidən yada düşüb. Bu dəfə bu missiyanı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilov öz üzərinə götürüb.
Nikita Xruşovun hakimiyyəti dövründə yeni il təbrikini diktorlar səsləndiriblər. Təbriklərin sonunda konkret adlar çəkilməyib, ali orqanların adları səsləndirilib, Sov.İKP MK, SSRİ Ali Soveti, SSRİ Nazirlər Soveti.
Leonid Brejnevin hakimiyyətə gəlişi ilə yeni il təbriki əsl bayram ənənəsinə çevrilib.
Ümumiyyətlə, SSRİ-də də Yeni il bayramı böyük təmtəraqla keçirilib. 1930-cu ilə qədər yanvar ayının 1-i qeyri iş günü sayılaraq Yeni il rəsmi bayramlar sırasına daxil edilib. Sonradan İosif Stalinin göstərişi ilə 1930-cu ildən 1947-ci ilə qədər bayramla bağlı istirahət günləri ləğv edilib. Yeni il bayramı adi iş günlərinin birinə çevrilsə də sovet vətəndaşları bu bayramı böyük həvəslə qeyd ediblər.
Sovet-alman müharibəsi zamanı Stalinin rəsmi əmri ilə hətta uşaq müəssisələrində şənliklərin keçirilməsi və “yolka”ların qurulması qadağan edilib. Yalnız arxa cəbhədə olan hərbi hissələrdə və və bəzi səhra hərbi hissələrində “yolka”lar bəzədilib və məhdud şəkildə şənliklərə icazə verilib.
Alman faşizmi üzərində qələbədən sonra Yeni il bayramının rəsmi bayramlar sırasına salınması, qeyri-iş günü olması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bu cür təkliflə ilk olaraq Kiyev vilayət Partiya Komitəsinin birinci katibi Postışev çıxış edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1947-ci il tarixli qərarı ilə yanvar ayının 1-i qeyri iş günü olaraq bayram günü sayılıb.
Hər hansı rəsmi qərarın, sənədin olmasına baxmayaraq sovet liderləri Yeni il bayramana laqeyd olmayıblar.
Lenin partiya yığıncıqlarında daha çox işləməyin vacibliyini vurğulayaraq hətta bayram günlərindən də səmərəli istifadə etməyin zəruriliyi bildirib. O, Yeni il bayramını ailə əhatəsində qeyd edib. Bayram günü Leninin uşaqlara sovqat paylaması isə süni şəkildə yaradılıb, seçilmiş uşaqlar onun yanına dəvət olunub, Lenin onlara hədiyyə paylayıb, əvəzində isə uşaqların söylədikləri şeirləri dinləyib. Bu süni səhnə ilə Lenin xeyirxah, mərhəmətli, uşaqlar tərəfindən də sevilən kommunist obrazını nümayiş etdirib.
Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Devyatov öz araşdırmaları zamanı Stalinin Yeni il bayramını necə keçirməsi haqqında bir sıra faktlar əldə edib. Stalin Yeni il bayramını rəsmi bayramlar sırasından çıxarsa da, bu qərar Kreml ərazisində “qüvvədə” olmayıb. Belə ki, 1930-cu illərin ortalarından başlayaraq Kremlin Georgiyev zalında bayram ziyafətləri təşkil olunub. Siyasi elita ilə yanaşı, tədbirə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri də dəvət olunub. Həmçinin Stalinin Kremldəki mənzilində, sonralar isə bağ evində böyük “yolka” qurulub. Moskva şüşə zavodunda Stalinin “yolka”sı üçün xüsusi oyuncaqlar da hazırlanıb. Düzdür, Stalin təmtərağı sevən bir şəxs olmayıb, amma bu təmtəraqdan da imtina etməyib.
Nikita Xruşov hakimiyyətə gəldikdən sonra bir neçə il ərzində Kremldə ziyafətlərə fasilə verilib. 1957-ci ildən isə ənənə davm etdirilib. Fərq yalnız bayram süfrələrinin zənginliyində və qonaqların sayının artmasında olub. Sözsüz ki, bir də bayram ziyafətində Xruşovun daha uzun “çıxış”larında.
Leonid Brejnev isə sözün əsl mənasında bayram təntənəsi yaradıb. Mağazaların piştaxtaları boş olsa da sovet vətəndaşlarının bayram tədbirləri yanvarın 13-nə, “köhnə yeni il”ə qədər davam etdirilib. Statistik göstəricilərə görə bu günlər ərzində işə gecikmələr, iş gününü buraxmalarının sayı daha çox olub. Bayram ərəfəsində Brejnev üçün xüsusi tədbirlər planı hazırlanıb. Bu planda Kremldə ziyafət, televiziya ilə xalqa təbrik-müraciət, ova getmək, bağ evində Siyasi Büronun üzvləri ilə məclis və digər tədbirlər öz əksini tapıb.
Yuri Andropov səsli-küylü məclisləri sevmədiyindən Yeni ili mənzilində öz ailəsi ilə keçirib.
13 ay hakimiyyətdə olan Konstantin Çernenko isə Yeni ili xəstəxanada qarşılayıb. Mərkəzi qəzetlərdə onun adından xalqa təbrik məktubu dərc edilib.
Qalmaqallı Mixail Qorbaçovun dövründə siyasi proseslər Yeni il tədbirlərini arxa plana salıb. Amma Qorbaçov zəngin süfrə arxasında yeni ili qeyd etməyi təxirə salmayıb. Bu cür tədbirlərdə onun qonaqları əsasən xarici dövlətlərdən gələn siyasətçilər olub.
Bəli, istənilən bayramı qeyd etmək hər bir kəsin haqqıdır və əsl bayramları, həmçinin təqvim ilinin dəyişməsini də ləğv etmək mümkün deyil. Amma müəyyən məqamlarda bayram təntənəsindən geri çəkilmək mümkündür və lazımdır. 1941-ci ildə Stalinin bayram qadağaları kimi. Həmin qadağaları tətbiq edərkən Stalinin Vyaçeslav Molotova söylədiyi belə bir fikir olub: “Minlərlə ailənin “qara kağız” aldığı vaxtda bayram şənliyi etmək yolverilməzdir...”
İlham Cəmiloğlu,
Musavat.com