Göyçay şəhər İnternat Tipli Gimnaziyanın direktoru hansı oyunlardan çıxır - İDDİA

20-09-2016, 00:01           
Göyçay şəhər İnternat Tipli Gimnaziyanın direktoru hansı oyunlardan çıxır - İDDİA
Mehman Salmanov AXCP-yə maliyyə yardımı edir, müxalifətin radikal qanadının keçirdiyi mitinqlərə pulla insanları cəlb etməyə çalışır Təxminən, ay yarım bundan əvvəl adı dəyişdirilərək Göyçay şəhər S.Vurğun adına tam orta internat məktəbindən Göyçay şəhər S.Vurğun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya çevrilən təhsil müəssisəsində tükürpədici olaylar yaşanır. Belə ki, adıçəkilən internat tipli gimnaziyanın direktoru Mehman Salmanovun dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük bir hissəsini təyinatdankənar istiqamətlərə yönəltdiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü bilgilərdə deyilir ki, adıçəkilən təhsil müəssisəsində ciddi yeyinti faktları mövcuddur. Məsələn, rəsmi sənədlərdə S.Vurğun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada 400-ə yaxın şagirdin təhsil aldığının qeyd olunduğunu bildirən mənbənin sözlərinə görə, əslində isə burada dövlət hesabına gündəlik yeməklə təmin olunan uşaqların sayı 80-100 nəfərdən artıq deyil: «Deyilənlərə görə, S.Vurğun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada şagirdlər yalnız günorta yeməyi ilə təmin olunurlar. Səhər və axşam yeməkləri isə sadəcə hesabat sənədlərində qeyd olunur. Bildirilir ki, arada yaranan fərq isə gimnaziyanın direktorunun şəxsi büdcəsinə yönəldilir. Hələ bu, harasıdır. Deyilənlərə görə, Mehman Salmanovun direktoru olduğu gimnaziyada dərs bölgüsü zamanı da müəyyən neqativ hallara imza atılır. Məsələn, bir müddət əvvəl aparılan təftiş zamanı adıçəkilən təhsil müəssisəsində ibtidai siniflərin çoxunda dərsi başqa müəllimlər dediyi halda, jurnalda adı yazılan şəxsin başqası olduğu üzə çıxıb. Hətta elə siniflər də var ki, onların yalnız adları var, amma özləri yoxdur. Təbii ki, belə siniflərə görə, dövlət büdcəsindən ildə külli miqdarda vəsait alınır. Həmin vəsaitin hara və necə xərclənməsini isə yalnız Mehman Salmanov bilir». Qüvvədə olan qanunvericiliyə görə, valideynlərini itirmiş və az təminatlı ailələrin uşaqlarına dövlət tərəfindən hər ay 20-25 manat məbləğində müavinətin verildiyini vurğulayan məlumatlı şəxs qeyd edir ki, Göyçay şəhər S.Vurğun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın direktoru müavinət alan uşaqların siyahısına daha 10-15 nəfərin adını artırmaqla bu məsələdən də qazanc əldə etməyi bacarıb: «Onu da nəzərinizə çatdırım ki, məhz Mehman Salmanovun yarıtmaz, nöqsanlı fəaliyyəti nəticəsində S.Vurğun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın ərazisinin bir hissəsi bir müddət əvvəl ayrı-ayrı şəxslərə satılıb. Deyilənlərə görə, bir vaxtlar ictimai iaşə xidməti sistemində işləyib kifayət qədər yeyinti təcrübəsinə yiyələnən direktor Mehman Salmanovla «anlaşdıqdan» sonra təhsil müəssisəsinin ərazisini zəbt edən həmin şəxslər vəzifə sahibləri, kifayət qədər təsir imkanına sahib olan məmurlardır». Bu arada, S.Vurğun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın direktorunun radikal müxalifət düşərgəsi ilə yaxın əlaqələrinin olduğunu idda edən mənbənin bildirdiyinə görə, Mehman Salmanov əsasən AXCP-yə xüsusi simpatiya bəsləyir və bu partiyaya vaxtaşırı maliyyə yardımında bulunur: «Deyilənlərə görə, Mehman Salmanov cəbhəçilərlə kifayət qədər yaxındır və Əli Kərimlinin ən fəal tərəfdarlarındandır. Elə bu səbəbdən də o, müxtəlif vaxtlarda AXCP-yə yüklü miqdarda maliyyə yardımı edir, müxalifətin radikal qanadının keçirdiyi mitinqlərə pulla insanları cəlb etməyə çalışır. Bir sözlə, S.Vurğun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın direktoru açıq-aşkar şəkildə müxalifətçiliklə məşğul olur».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.