"Şəki-İpək" ASC-də kredit oyunu bitməyib - QALMAQAL

22-09-2016, 16:18           
"Şəki-İpək" ASC-də kredit oyunu bitməyib - QALMAQAL
"Şəki-İpək" ASC-nin (keçmiş Şəki İpək Kombinatı) bir qrup işçisi ölkə başçısı İlham Əliyev başda olmaqla, aidiyyatı dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlayıblar.

Şikayətçilər ki, Şəki İpək Kombinatı ötən əsrin əvvəllərindən fəaliyyət göstərən iri ipəkçilik müəssisəsidir. Sovet İttifaqı dövründə müəssisədə təqribən 7000 işçi çalışıb: "Təəssüflər olsun ki, Şəki İpək Kombinatı hazırda acınacaqlı vəziyyətdədir. Müəssisə hardasa 600-ə yaxın işçi ilə fəaliyyət göstərirdi. 2015-ci ilin iyun ayından buna da son qoyulub. Əvvəl işçiləri ödənişli əmək məzuniyyətinə, ardınca məcburi şəkildə ödənişsiz məzuniyyətə buraxıblar. Səbəbini də xammal çatışmazlığı əlaqələndiriblər. Sonda isə işçilər qanunsuz olaraq, kütləvi şəkildə, müxtəlif bəhanələrlə işdən azad olunurlar. İşçilər rəhbərlik tərəfindən aldadılaraq, "guya bura işləməyəcək, özünüzə iş tapın, yaxşısı isə budur ki, ərizə verin, sizi ərizənizə əsasən işdən çıxaraq ki, məşğulluq idarəsi sizə iş tapsın. Bizə də yuxarıdan belə deyiblər, bura işləməyəcək",-deyirlər".

Şikayətçilərin yazdığına görə, 2014-cü ilin oktyabr ayında müəssisədə rəhbər dəyişikliyi olub, idarə heyəti yenidən formalaşıb: "Arif İbrahimov "Şəki-ipək" ASC-nin idarə heyətinin sədri oldu. Elə həmin andan müəssisədə yerlibazlıq, tayfabazlıq, qohumbazlıq hökm sürməyə başladı. İdarə Heyətinin yeni sədri Arif İbrahimov öz ətrafına Gəncədən "qoçu"lar gətirdi. "Qoçu"nun birini - Nizami Qəribovu idarə heyətinin üzvü seçib, texniki və kommersiya üzrə direktor, digər "qoçu"nu - Etibar Həsənovu isə maliyyə direktoruna müavin təyin edib. Maraqlıdır ki, istər idarə heyətinin sədri, istərsə də texniki direktorun heç birinin ixtisası ipəkçiliyə, toxuculuğa aid deyil”.

Şikayətçilər qeyd edir ki, rəhbərlik işçilərlə münasibətdə qeyri-etik davranış, işçilərin üstünə yeri gəldi-gəlmədi çığırmaq, onları təhqir etmək, hədə-qorxu gəlmək, söyüş söyməkdən də çəkinmir.

Məktub müəllifləri yazır ki, rəhbərliyin aylıq əmək haqqı təqribən 800 faiz artırdığı halda, fəhlə və digər işçilərin əmək haqqı 25-30 faiz artıb: "Bəli, özləri üçün 2000-2500 manat əmək haqqı təyin etdilər. Belə əmək haqqını heç nazirlər də almır. Hələ qeyri-rəsmi qazanclarını demirik".

Şikayətçilərin iddiasına görə, müəssisədə elə şəxslər var ki, illərlə adları işdə və əmək haqqı cədvəllərində getsə də, özlərinin harada olduğu məlum deyil: "Məsələn, Əsgərov Azər Kamal oğlunun aylıq vəzifə maaşı 1650 manatdır. Ancaq onu Şəki İpək Kombinatında tanıyan yoxur. Həmin şəxs guya xarici əlaqələr və marketinq üzrə menecer vəzifəsində işləyir. Özü də Daşkənd Əczaçılıq İnstitutunu bitirib. Əczaçı ixtisası hara, marketinq və ipəkçilik hara?

Əgər kimsə öz hüquqlarını tələb etsə, o şəxs birbaşa rəhbərliyin (Nizami Qəribov, Etibar Həsənov və onların yaxın ətrafları) təqiblərinə məruz qalır.

Nəzərə almaq lazımdır ki, bu müəssisə strateji əhəmiyyətlidir. Hətta bu günlərdə Nizami Qəribov bir qrup şəxs arasında bildirdi ki, "məni bura Maliyyə naziri Samir Şərifov qoyub və deyib ki, sənə 5(beş) il heç kim heç nə deyə və işdən çıxara bilməz". Daha sonra söyüşlə hamıya meydan oxudu. Bundan əlavə, hamıya hədə-qorxu gələrək bildirir ki, Mədət Quliyev qohumumdur, Bəylər Əyyubovun qardaşı uşaqları dostumdur. Belə vəzifəli şəxslərin adından istifadə edərək hamıya hədə-qorxu gəlir.

Onu da xatırladaq ki, 2016-ci ilin oktyabr ayında İdarə Heyətinin sədri Arif İbrahimov bu vəzifədən gedərək yerinə Texniki və kommersiya üzrə direktor Nizami Cahangir oğlu Qəribovu gətirib".

Sonda şikayətçilər bildirib ki, bu komanda ölkədə pambıq fırıldağı ilə məşğul olur:

"Ölkə başçısı pambıqçılığa bu qədər diqqət ayırdığı bir zamanda adıçəkilən şəxslər bu sahəni məhv etməyi sanki qarşılarına məqsəd qoyublar.

"Şəki-İpək" ASC-də kredit oyunu bitməyib -

Nəzər yetirsək görərik ki, müəssisənin ipək profilli sahələri - Toxucu İstehsalatı, Burucu İstehsalatı, Boyaq-bəzək İstehsalatı, Xalça sexi və digər sahələrdən heç biri işləmir. Barama istehsalatı (2011-ci ildən iş dayandırılıb, 01.06.2016-cı il tarixdən müvəqqəti olaraq işə başlayıb) istisna olmaqla, digər istehsalatlar və sahələrdə 2015-ci ilin iyun ayıdan etibarən iş tamamilə dayandırılıb.

Bu adamların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan Beynalxalq Bankından alınan 50 milyon ətrafında kredit borcu var. Görünür, həmin kreditlərdən yüksək mənimsəmələr baş verib, vəsaitlər təyinatı üzrə xərclənməyib. Müəssisədə hal-hazırda da kredit oyunları davam edir. Məlumdur ki, müəssisənin bank hesabı sağlamlaşdırılma tədbirləri ilə əlaqədar, müvafiq fərmana əsasən "Aqrarkredit" bank olmayan SKT-yə keçirilib. 2016-cı ilin yanvar ayında həmin təşkilatdan Şəki İpək Kombinatının adına 200000 (iki yüz min) manat kredit verilib.

Hazırda da 500000 manat kredit alınıb. Bu nəyə xidmət edir?

Əvvəla bildirək ki, "Şəki İpək" ASC-nin Müşahidə Şurasının sədri Cahangir Həsənov (həmin şəxs eyni za-manda "CTZ Aqro" MMC-nin direktorudur) hazırda həbsdədir və belə bir halda tez-tələsik Müşahidə Şurası necə qərar verib? Bəs bank (Aqrarkredit SKT) görmür ki, bu müəssisənin böyük bir məbləğdə borcu var və ödəyə bilmir?".

Sonda şikayətçilər dövlət başçısına və digər rəhbər şəxslərə üz tutublar: "Sizdən xahiş edirik, bu və ya digər məqamlarla bağlı yoxlama aparıb, yerində olmayan kadrlardan bizi xilas edin və bu kombinatın keçmiş şöhrətinin özünə qaytarılmasına köməklik göstərin".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.