Masallı DYP-nin aqressiv rəisi

23-09-2016, 01:49           
Masallı DYP-nin aqressiv rəisi
Afət Mirzəyevin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntularının sayı getdikcə artmaqdadır

Qəzetimizin ötən saylarında biz artıq bir neçə dəfə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Afət Mirzəyevin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntularından bəhs edən tənqidi materiallar dərc etmişdik. Həmin yazılarda biz göstərmişdik ki, Masallı Dövlət Yol Polisi bölməsinin fəaliyyəti çeşidli nöqsanlarla diqqəti cəlb edir. O cümlədən, Masallıdan aldığımız məlumatlarda yerli DYP bölməsinin əməkdaşları tərəfindən açıq şəkildə özbaşınalıqların törədilməsi mövzusuna dəfələrlə toxunulmuş və baş vermiş bəzi insidentlər konkret nümunə kimi təqdim edilmişdi. Bu gün də Masallıdan aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, həmin materialların dərcindən sonra keçən müddət ərzində nə Masallı DYP bölməsinin işində, nə də bölmənin rəisi Afət Mirzəyevin öz davranışında müsbətə doğru heç bir dəyişiklik olmamışdır. Gözlənilənlərin tam əksinə olaraq, yeni aldığımız məlumatlarda Masallı DYP-nin əməkdaşları tərəfindən rayon ərazisindən keçən avtomobillərin saxlanılaraq sürücülərdən həyasızcasına pul tələb olunma hallarının son vaxtlar daha da artdığı bildirilir. Eyni zamanda da aldığımız açıqlamalarda vurğulanır ki, bölmənin bütün fəaliyyətini yalnız öz mənafeyinə tabe edən Afət Mirzəyevin tətbiq etdiyi üsullar artıq təkcə sürücüləri deyil, hətta onun öz tabeliyində çalışan bir çox əməkdaşları da bezdirib. Hələ bir müddət əvvəl aldığımız açıqlamalardan birində belə bir məqam da vurğulanmışdı ki, Afət Mirzəyev onun müəyyən etdiyi gündəlik “plan”ı yığıb gətirə bilməyən DYP əməkdaşlarını sadəcə işdən qovmaqla deyil, hətta həbs etdirəcəyi ilə də hədələyir.

Amma etiraf edək ki, artıq hər cür qanunsuzluğa imza ata biləcəyinə şübhə etmədiyimiz Afət Mirzəyev bizi bu yaxınlarda yenidən təəccübləndirə bilmişdi. Belə ki, bir müddət əvvəl Masallı RPŞ-də baş vermiş oğurluq hadisəsində Afət Mirzəyevin də adının hallanması həqiqətən də heyrət doğuracaq bir məqam olmuşdu. Məlum olduğu kimi, həmin vaxt Masallı RPŞ-nin keçmiş əməkdaşı şöbədən 4 kompyüter oğurlayaraq satmışdı. Ən maraqlısı da budur ki, oğurluq mala müştəri çıxan iki nəfərdən biri də məhz elə Afət Mirzəyev olmuşdu. Belə ki, Afət Mirzəyev fürsəti əldən verməyərək hər biri 80 manatdan olmaqla, iki kompyüter almışdı. Bilmirsən bu hərəkətin məsuliyyətsizliyinə, qanunsuzluğuna, yoxsa düşüncəsizliyinə heyrətlənəsən?

Lakin Afət Mirzəyevin bundan sonra da ölkə mətbuatının gündəminbən düşmək kimi niyyəti yox idi. Az sonra yayılmış məlumatlarda yenidən DYP bölmə rəisinin özbaşınalıqları “vəsf” olunurdu: “Afət Mirzəyev rayonda vəzifə səlahiyyətlərindən sui-istifadə etməsilə və kobudluğu ilə sakinləri təngə gətirib. Bu günlərdə yerli DYP-nin rəisi şəxsi 90 DG 332 “PRADO” markalı avtomaşınla, 44 BP 057 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomaşını saxlayaraq, onu cərimə meydançasına aparıb. Bu hadisə 22. 04. 2016-cı il tarixində qeydə alınıb. Belə ki, yuxarıda göstərilən avtomaşın rayon ərazisində hərəkət edən zaman Afət Mirzəyev xidməti maşınla deyil, şəxsi avtomaşını ilə hərəkət edərək sürücüyə saxla əmrini verib. Masallı rayon sakini Kəlbiyev Hikmət Azad oğlu iddia edir ki, heç bir yol hərəkəti qaydalarını pozmadan belə bir problemlə qarşılaşıb. Sən demə, Afət Mirzəyevin “sancıları” şəxsi maraqlarından yaranıb. Beləliklə, rəis Hikmət Kəlbiyevdən 100 manat tələb edib. Bir şərtlə ki, vətəndaş şikayət etməsin...”

Qeyd etmək lazımdır ki, daxil olan açıqlamalarda Afət Mirzəyevin sürücülərə və hətta öz əməkdaşlarına qarşı nümayiş etdirdiyi aqressivliyinin getdikcə daha da artması xüsusilə vurğulanır.bizimdövr.az

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.