Sumqayıtın ev yıxan bələdiyyə sədri

23-09-2016, 01:49           
Sumqayıtın ev yıxan bələdiyyə sədri
Bir əliylə vətəndaşdan 6000 manat pul alan Sultan Əsədov, digər əliylə məhkəməyə ərizə yazıb

Qəzetimizin ötən saylarında biz, paytaxt sakinlərini son dərəcə narahat edən və hələ də öz optimal həllini tapmayan bir problem barədə, rəsmi sənədləşmə aparılmadan inşa olunmuş evlərin sökülməsi və bu zəmində vətəndaşlara külli-miqdarda maddi ziyan vurulması mövzusunda artıq dəfələrlə çıxışlar etmişik. Məsələ bundadır ki, Bakının bir çox rayonlarında kənd və qəsəbə bələdiyyələrinin rəhbərliyi, eləcə də icra nümayəndələri tərəfindən vətəndaşlara torpaq sahələrinin ayrılması və həmin sahələrdə qeyri-rəsmi razılaşma əsasında şəxsi evlərin tikilməsinə icazə verilməsi təcrübəsi geniş yayılıb. Təbii ki, bu icazənin müqabilində bələdiyyə sədrləri və icra nümayəndələri vətəndaşdan müəyyən məbləğdə “şirinlik” almağı da unutmurlar. Lakin dərd burasıdır ki, heç də bütün hallarda tikintiyə razılıq verən şəxs öz məsuliyyətini sonadək yerinə yetirə bilmir. Əlbəttə, bəzən ev inşa olunub tamamlandıqdan sonra, vətəndaş öz əmlakını, hətta əlavə xərc bahasına olsa belə, rəsmi qeydiyyatdan keçirə bilir. Amma bəzən də, müəyyən səbəblərdən bu mümkün olmur. Bax elə bu zaman da haqqında danışdığımız problem yaranır. Bir də görürsən ki, içərisəndə artıq bir neçə il ərzində yaşayış olan evə, onun inşasına razılıq vermiş instansiyadan səlahiyyətcə bircə pillə yuxarı olan növbəti qurumun nümayəndələri tökülüşüb gəlirlər ki, bəs sizin eviniz qanunsuz tikilib, buna görə də sökülməlidir. Və sökürlər də! Heç onlardan soruşan da olmur ki, bəs bu qanunsuz ev tikiləndə siz hara baxırdınız? Əgər xəbəriniz olubsa, qarşısını niyə almamısız? Yox, əgər xəbəriniz olmayıbsa, bu zaman tutduğunuz vəzifədə nə işə oturmusuz? Açıq-aşkar görünür ki, bütün bu maxinasiyalar, özbaşınalıqlar yalnız bir məqsəd güdür – vətəndaşdan mümkün qədər çox pul qoparmaq.

Aldığımız məlumatlardan isə belə qənaətə gəlmək olur ki, bu xoşagəlməz tendensiya son vaxtlar öz yayılma arealını bir qədər də genişləndirmişdir. Belə ki, bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş Sumqayıt şəhər sakini, Sumqayıt ş. 41 məhəllə, 9 saylı yataqxana, mən. 55 ünvanında qeydiyyatda olan İmanova Sevil Tapdıq qızı, onun da belə bir problemlə üz-üzə qaldığını bildirir. Şikayətçinin sözlərinə görə, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədovun qanunsuz əməlləri nəticəsində, Sevil İmanova ailəsi ilə birgə üç ildən artıq yaşadıqları evdən bir neçə saatın ərzində məhrum olmuşlar. Baş verənlər isə, Sevil xanımın ərizəsində belə təsvir olunur: “Mən, İmanova Sevil Tapdıq qızı 3 ildir ki, burada yaşayıram. Mən dəfələrlə Sumqayıt şəhər bələdiyyəsinə müraciyyət etmişəm ki, mənə buranın sakini olduğuma görə lazımı sənəd versinlər. Bələdiyyənin rəhbərliyi də cavabında demişdi ki, bu torpağa hələ sənədləşmə getmir, haçansa gedəndə sizə sənəd verərəm. Şifahi olaraqsa, məndən ev tikməyə razılıq vermələri üçün 1000 manat pul istəmişdilər. Mən də o pulu verdim. Həmin bu evi tikdim. Bir müddətdən sonra, Sultan müəllim – sənədləşmə aparmağın vaxtıdı, dedi və məndən əlavə 5000 manat istədi. Mən bu məbləği də ona verdim və Sultan müəllim 4 aya qədər sənədləşməni apardı. Mən ondan sənədin nə vaxt hazır olacağını soruşanda, o, mənə sənədləşmənin dayandırıldığını dedi. Nəhayət sənədi mənə verəndə isə, onun natamam olduğunu gördüm. Bunun səbəbini soruşdum. Süleyman müəllim dedi ki, təzə icra başçısı gəlib. Sonra da əlavə etdi ki, siz orada yaşamağa davam edin, mən sizə özüm xəbər verəcəyəm.

Bir gün də mənə məhkəmədən çağırış vərəqəsi gəldi. Sən demə, bələdiyyə məndən şəhər məhkəməsinə şikayət edib ki, guya özbaşına torpaq zəbt etmişəm. Hal-hazırda işimiz məhkəmədə gedir. Amma 19-09-2016-cı il tarixində, saat 19:30 radələrində mülki geyimdə və polis formasında olan bir qrup şəxs qəflətən gəlib, nə özlərini, nə də heç bir məhkəmə qərarını təqdim etmədən, hasarımızı uçurub, həyətə girdilər. Yoldaşım onlardan nə üçün gəldiklərini soruşanda, polis işçiləri onun qollarını buraraq, səni tutarıq deyib, ona təzyiq göstərərək, yaşadığımız evi yerlə yeksan etdilər. Evin içində olan bütün əşyalar, əmlakımız da talan edildi.

Xahiş edirəm, bu məsələni ictimailəşdirməklə aidiyyatı olan orqanların diqqətinə çatdırasınız”.

Məsələyə Sumqayıt şəhər bələdiyyəsinin də münasibətini öyrənmək istərdik.bizimdovr.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.